Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Azərbaycan hər sahədə daim çiyin-çiyinədir

 

Hər zaman tarixi dostluq, qarşılıqlı etimad, yüksək səmimi münasibətlərə, birgə əməkdaşlıq prinsiplərinə söykənən Azərbaycan–Türkiyə əlaqələri 44 günlük Vətən müharibəsində özü­nün ən yüksək zirvəsində qərarlaşdı. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci ilin no­yabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb...

Bu fikirləri Milli Məclis sədrinin müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər Çanaqqala savaşında Azərbaycan könüllülərinin iştirakı, istərsə də Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə Azərbaycana qardaşlıq dəstəyi, bolşevik-daşnak ünsürlərini məğlub etməsi tarixi zərurətdən yaranan həqiqət idi. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. İkinci Qarabağ müharibəsində tarix yenidən daha təntənəli, daha mütəşəkkil şəkildə təkrarlandı. Bu mənəvi-siyasi dəstək misilsiz idi. Türkiyə Silahlı Qüvvələrinin xeyli mütəxəssisi Azərbaycana ezam edilib. Hərbi əməkdaşlığımız gündən – günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində ardıcıl işlər aparılır.

Sədr müavini əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu münasibətlərin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi siyasi mənzərəsinin müsbətə doğru dəyişməsinə, iqtisadi sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Atılan qəti addımlar Azərbaycan–Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Dövlət başçılarımızın həmrəyliyi, onların bir-birinə müraciətdə “əziz qardaşım” deyərək müraciət etmələri bu birliyin təsdiqidir. Yaxın günlərdə qardaş dövlətin başçısının ölkəmizə səfəri, hər iki dövlət başçısının mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət etmələri gözlənilir. Bu səfərin əlaqələrimizin daha da sıxlaşmasına, isti münasibətlərimizdə daha yeni bir səhifənin açılmasında müstəsna rol oynayacağına əminəm.

Təqdim etdi: Anar TURAN,

“Xalq qəzeti”

13 İyun 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə