Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Böyük Britaniya yeni Atlantika Xartiyası imzalayıblar

 

 

ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib. Görüş zamanı Bayden Britaniyada təbiətin ona həddən artıq xoş təsir bağışladığını, hətta vətənə qayıtmaq istəmədiyini bildirib. Məlumatı “İzvestiya.ru” verib.

Liderlərin görüşü İngiltərənin cənub-qərbindəki Kornuoll qraflığında baş tutub. Görüşdə ABŞ-ın birinci xanımı Cill Bayden və Britaniya Baş nazirinin həyat yoldaşı Kerri Saymonds da iştirak ediblər.

“Associated Press”in verdiyi məlumata görə, Con­son və Bayden özlərinin ilk görüşləri zamanı yeni Atlan­tika Xartiyasını imzalayıblar. Sənəd Britaniyanın sabiq baş naziri Uinston Çörçill və ABŞ-ın keçmiş Prezidenti Franklin Ruzveltin 1941-ci ildə imza­ladıqları tarixi birgə bəyanata əsaslanır və liderlərin İkinci Dünya müharibəsindən son­rakı dövr üçün məqsədlərini əhatə edir. Yeni xartiya demokratiyanın müdafiəsini və dayanıqlı qlobal ticarət sisteminin yaradılmasını nəzərdə tutur.

Conson Baydenlə görüşdə bildirib: “O zaman Çörçill və Ruzvelt belə bir susl qarşısında dayanmışdı­lar ki, dağıdıcı müharibədən sonra dünyanı necə bərpa edək. Bu gün isə biz tamam başqa, ancaq heç də az təhlükəli olmayan vəzifə qarşısında dayanmışıq – ko­ronavirus pandemiyasından sonra necə bərpa olunaq”.

Qeyd edək ki, Co Bay­den ABŞ Prezidenti kimi ilk səfərini Böyük Britaniyadan başlayıb. Boris Consonla görüşdən sonra o, iyunun 11- 13-də Kornuollda keçiriləcək G-7 (“Böyük Yeddilik”) sammitində iştirak edəcək. İyunun 13-də Bayden kraliça II Yelizaveta ilə görüşəcək.

Bundan sonra ABŞ Prezidenti Brüsselə gedəcək və iyunun 14-də NATO-nun növbəti sammitində iştirak edəcək. Belçikada Bayden ABŞ-Avropa İttifaqı sammitinə də qatılacaq və burada əsasən rəqəmsal ticarətin genişləndirilməsi və xarici siyasət sahəsindəki narahatlıqlarla bağlı müzakirələr aparılacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 İyun 2021 01:00 -

Köhnə versiyamızdan xəbərləri izlə