Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə millisi Bakıda özünü ev sahibi kimi hiss edir

Bu günlərdə minlərlə futbol azarkeşi Avropa kubokunu canlı izləmək, bu həyəcana şahid olmaq üçün paytaxtımıza qonaq gəlib. Belə ki, Avro 2021-in qrup mərhələsi çərçivəsində İsveçrə, Uels və Türkiyə milli komandaları Bakının Olimpiya Stadionunda mübarizə aparacaqlar. Qrupun digər üzvü isə İtaliya millisidir. Əlbəttə, Bakıya səfər edənlər içində Türkiyədən gələn qonaqlarımız çoxluq təşkil edir.

 

Türkiyə milli komandasına dəstək olmaq üçün paytaxtımıza gələn azarkeşlərdən biri də Furkan Lazoğludur. Biz Furkanla Bakı Olimpiya Stadionun ya­xınlığında qarşılaşdıq. Uzun söhbətimizin bir hissəsini təqdim edirik:

– Hər şeydən əvvəl türkiyəli qardaş­larımızı Bakıda görməkdən çox şadıq. Xoş gəlmisiniz. Bakıda özünüzü necə hiss edirsiniz?

– Xoş gördük. Azərbaycana ilk dəfədir gəlirəm. Əslində hər zaman qəlbimdə buraya gəlmək arzusu var idi. Düşünürəm ki, çətin keçən pandemiya dövründə Avro 2021, həm də bu gözəl şəhər mənə çox yaxşı təsir edəcək.

– Millinizin bu çempionatda şansla­rını necə qiymətləndirirsiniz?

– Türkiyə milli komandasının bu çempi­onatda favoritlərdən biri hesab edirəm. Bil­diyiniz kimi, təsnifat mərhələsində millimiz çox yaxşı çıxış edərək Avropa kubokuna vəsiqə qazandı. Ən önəmlisi ürəklə oyna­dığımızı düşünürəm.

– Sizcə, Türkiyə millisi bu turnirdə çempion ola bilərmi?

– Bu çox çətindir. Amma indiyə qədər bir neçə dəfə bu hədəfə yaxınlaşmışıq. 2002-ci ildəki dünya çempionatı və 2008-ci ildəki Avropa çempionatı buna örnəkdir. Əlbəttə, mənim də könlümdən çempionluq keçir. Ümid edirəm bu yolun sonu zəfərlə yekunlaşar.

– Azərbaycanlı azarkeşlər də Türkiyəni dəstəkləyəcəklər...

– Düşünmürəm ki, indiyə qədər belə bir hadisə baş verib. Hansısa ölkədə bir milli komanda özünü evində kimi hiss edib. Biz burada azərbaycanlı qardaşları­mızla birlikdə zəfər marşları oxuyuruq. Bu dünyada görünməyən hadisədir. Əlbəttə, bu, qürurverici haldır. Buradakı bütün türkiyəli azarkeşlər özünü evində kimi hiss edir. Azərbaycanlı azarkeşlərin nə qədər çılğın olduğunu bilirəm. Əminəm ki, bu dəfə onlar stadionları Türkiyə üçün dolduracaqlar. Qəlbimiz Türkiyə üçün döyünəcək. Türkiyə və Azərbaycan hər zaman, hər sahədə olduğu kimi, idman sahəsində də bir-birini dəstəkləyəcəklər. Bu baxımdan rəqiblərimizdən üstünük. Son olaraq bütün Azərbaycan xalqını Vətən müharibəsindəki Qələbə münasibəti ilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanıram ki, Türkiyə bu çempionatda qalib gələr və bu qələbəni şəhidlərimizin ruhuna ərməğan edər.

İmran ƏLİYEV,

Elşən AĞALAR (foto),

“Xalq qəzeti”

12 İyun 2021 01:00 -

Köhnə versiyamızdan xəbərləri izlə