Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizmin inkişafı mədəni mübadilə üçün də geniş imkanlar açır

 

 

“Mənim ölkəm Azərbaycan bu il öz dövlət müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək. Ötən il biz, müstəqilliyimizlə yaşıd olan Ermənistan işğalına son qoyduq. Böyük bir imperi­yanın dağılması, onun yerində müstəqil dövlətlərin yaranması və bu müstəqil dövlətlərdən birinin digər “keçmiş müttəfiq”in işğalına uğraması sosial problemlər, yoxsulluq, məcburi köç­künlük, qaçqınlıq, dağıntılar... gətirdi. İşğalçı Ermənistan güclü himayədarlarına arxalanaraq işğalı sürdürdüyü illərdə, yalnız işğala məruz qalan ölkəmiz deyil, işğalçının öz əhalisi də so­sial - iqtisadi problemlər yaşamalı olub...” Bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının II Ümumi Konfransında “İnkişaf və yoxsulluğun azaldılması üçün turiz­min inkişafı” mövzulu sessiyasında çıxış edərkən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. O, məruzəsində yoxsulluğun azaldılması və inkişafın Azərbaycan modeli haqqında ətraflı məlumat verərək deyib:

– Bugünkü mövzu 30 ildir cəlb olunduğumuz münaqişə nəticəsində yaranmış reallıqlardır. Biz ölkə, xalq və dövlət olaraq, müstəqil inkişaf etmək üçün yoxsulluq da daxil ol­maqla, bir çox problemlərlə mübarizə aparmağa məcbur olmuşuq. Buna görə, turizm bizim ölkədə müstəqilliyin son iki onilliyi ərzində təşəkkül tapıb. Doğrudur, bizdə əvvəllər də turizm sektoru olub, ancaq o, “sovet turizmi”, “postsovet turizmi” – yaxud axta­rışlarda olan, özü - özünü yaradan turizm olub. Nəhayət, son dövrlər turizm bir sektor olaraq populyarlaşıb, beynəlxalq təcrübəyə və əlaqələrə yiyələnib, ölkəmizə yüzminlərlə turist gəlib. Həmçinin turizm infrastrukturları yaradılıb, bu sahə üzrə mütəxəssislər yetişib. Sektora elmin tətbiqi, yerli peşəkarların yetişdirilməsi dövlət tu­rizm siyasəti, müvafiq konsepsiyalar, proqramlarla tənzimlənib.

Azərbaycan Turizm və Menec­ment Universiteti ölkəmizin ən gənc universitetlərindən biri olsa da, artıq nüfuzlu təhsil və elm ocağına çev­rilib. Dövlət Turizm Agentliyi dövlət təsisatı olaraq, bu sahənin inkişafına, müvafiq dövlət siyasətinin icrasına cavabdehdir. Bütün bunlar, yeni iş yerlərinin yaranmasına, yeni biliklərə, ixtisaslara yiyələnməyə, dünyaya açılmağa, rəqabətədavamlılığı əxz etməyə, fərdi, kollektiv və sahəvi inkişafa təkan verib. Nəticə etibarilə yoxsulluqla mübarizədə turizm özünəməxsus yerə, rola sahib olma­ğa başlayıb. Şəxsən mənə turizm bir sektor olaraq öz inkişafına görə mədəniyyətlə sıx bağlıdır demək xoşdur.

2000 - ci ilin sentyabr ayında BMT- nin təşkilatçılığı ilə 147 ölkə başçısının Nyu-Yorkda Minilliyin sammitinə toplaşaraq, imzaladıqları Minilliyin İnkişaf Məqsədlərini əks etdirən Birgə Bəyannaməni xatırladan Qənirə Paşayeva deyib:

– Bəyannamə yoxsulluğun azal­dılması məsələlərinə dair öhdəlikləri ehtiva edirdi. Qlobal məqsədlərdən birincisi, məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayı­nın yarıyadək azaldılmasını nəzərdə tuturdu. Bu gün o hədəflərə çatmaq üçün müəyyənləşdirilmiş 15 illik müddətdən 6 il ötüb. Bütün görülmüş işlərə baxmayaraq, yoxsulluq və ifrat yoxsulluq mövzusu gündəlikdən tam çıxmayıb. Çünki ötən illər ərzində, nəcib təşəbbüslər, qlobal çağırışlar­la yanaşı, müharibələr, köçkünlük, habelə birgəyaşayışla təzad təşkil edən davranışlar, dini, milli, ideo­loji dözümsüzlüklər də, təəssüf ki, artıb. Elan olunmamış müharibədən, işğaldan əziyyət çəkmiş, dərin yaralar almış bir ölkənin vətəndaşı və deputatı kimi, mən bu təzadın nə olduğunu yaxşı bilirəm. Təsəvvür edin ki, siz dinlər və mədəniyyətlərarası dialoqa çağırış edirsiniz. Öz etnik, dini zənginliyinizlə seçilirsiniz. Amma məhz monoetnik bir dövlət sizin ərazini işğal edir, maddi-mədəniyyət abidələrinizi, təsərrüfatları... hər şeyi, hər yeri dağıdır, talan edir. Və üstəlik də, öz himayədarları vasitəsilə sizi etmədiyiniz “cinayətlər”də ittiham edir, öz faktiki müharıbə cinayətlərini isə gizlədir, “əsaslandırır”... Bunlar ilk baxışda mövzumuzla birbaşa bağlı olmadığı kimi görünə bilər. Amma bütün əməli fəaliyyət sahələri ilə yanaşı, ölkələrarası münasibətlər də, xüsusilə, qonşular arasında müharibə yoxsulluğun artmasını, ümumi inkişaf qayğılarını, o cümlədən inkişafda tu­rizmin payını əhatə edir yaxud onları təsirləndirir. Məsələn, Azərbaycanın turizm üçün ən əlverişli bölgələri 30 ilə yaxın Ermənistanın işğalı altın­da olduğu üçün orada turizm yalnız işğalçı erməni hərbçilərinin, bir qrup erməni oliqarxının istirahətinə xidmət etmişdir. Azərbaycan Respublikasının sadə erməni əhalisi də daxil olmaq­la, minlərlə insanın iş yeri, öz sosial durumunu yaxşılaşdırmaq imkanı, yüzminlərlə insanın istirahət, səyahət, müalicə və digər haqq-hüquqları pozulmuşdu.

...Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra ilin dörd fəsli boyunca turizm üçün yararlı təbiəti, respublikanın turizm paytaxtı ol­maq imkanları ilə diqqət mərkəzinə gəlib. Şuşa rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Füzulidə beynəlxalq hava limanı tikintisi aparılır, bu ilin sentyabrında enmə - qalxma zolağının istismara verilməsi planlaşdırılır . Azərbaycan Prezidenti bugünlərdə Ağdama səfər edərkən, şəhərin yenidən quruluşunun təməl daşını qoydu. Burada “ağıllı şəhər” salınacaq. Artıq Zəngilanın Ağalı “ağıllı kənd” layihəsi icra edilməkdədir. Qarabağ “yaşıl enerji” zonası olacaq. Bütün bunlar nəyi ifadə edir? Yoxsulluq, cəhalət və işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması, bölgənin dörd fəsil gözəlliyinin dünya turziminə qazandırılması və s.

Nyu-Yorkda 21 il öncə imza­lanmış Minilliyin Bəyannaməsini yenidən xatırladan Q.Paşayeva bu bəyannaməyə qoşulan bir ölkə kimi “2003 – 2005 - ci illər üçün Azərbaycan Respublikasında yoxsul­luğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” adlı Prezident fərmanı imzalandığını deyib:

– Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramının, zəngin mətn-mündəricəli bir proqramın hazır­lanması siyasi iradənin, xəlqi istək, arzu və ehtiyacların, beynəlxalq çağırışların universal sintezini ifadə edirdi. Fikirlərimizi bilavasitə turizmə, turizm sektorunun inkişaf etdirilməsi məsələlərinə kökləyəsi olsaq, vurğulamaq istədiyim bəzi məqamlar var: Azərbaycanın turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, eləcə də regionlar­da məşğulluq və s. məqsədlərlə 2008 – 2016 - cı illərdə turizm sektorunun inkişafına dair dövlət proqramı hazır­lanıb, ardınca, turizm fəaliyyətinin sti­mullaşdırılması üçün normativ hüquqi baza təkmilləşdirilib.

Q.Paşayeva turizm sektoru da daxil olmaqla, ümumən mədəni inkişafın yoxsulluğun azaldılmasın­dakı yeri və rolunu ətraflı şərh edib, müvafiq dövlət orqanlarının, eləcə də, Heydər Əliyev Fondunun mü­hüm layihələrindən söz açıb, mədəni irsin qorunması və ondan istifadə, mədəniyyət və incəsənət obyektlərinə çıxış imkanlarının genişləndiyini bildi­rib: “Heydər Əliyev Fondu yarandığı gündən mədəni irsə, mədəniyyət təsərrüfatına münasibətdə yeni miqyas yaratmış, yanaşma fəlsəfəsini yeniliklərlə süsləmiş, dəyişmiş və inkişaf etdirmişdir. Fond öz unikal layihələri ilə seçilir. Fondun həyata keçirdiyi çoxsaylı layihələr mədəni mühiti ciddi surətdə canlandırmış, regionların sosial-mədəni inkişafı­na, turizm sektorunun yeni mədəni marşurutlar əldə etməsinə şərait yaratmışdır. Azərbaycanın bölgələri beynəlxalq musiqi festivallarına mükəmməl evsahibliyi etməyə başlamışdır. Məsələn, minlərlə xarici və yerli turistin, mədəniyyət işçiləri və incəsənət xadimlərinin maraqla gözlədiyi Qəbələ Musiqi Festivalı və bu il bərpa edilmiş – 30 ildən sonra 14 – 15 mayda Şuşada keçirilmiş Xa­rıbülbül Musiqi Festivalını qeyd edə bilərəm. Bu ay isə Şuşa Vaqif poeziya günlərinə evsahibliyi edəcək. Qara­bağda təmir-bərpa işləri müəyyən mərhələyə çatdıqdan sonra Qarabağ və ətraf bölgələrdəki inkişafın şahidi olacağıq”.

Komitə sədri Azərbaycanla Türkiyə, Pakistan arasında inkişaf et­miş münasibətlərin turizmdə inikasını misal çəkərək, İƏT üzvü olan ölkələr arasında birbaşa təyyarə reyslərinin açılması, viza sadələşdirilməsi, biletlərin münasib qiymətə satılma­sı kimi həllimümkün məsələləri də müzakirə olunan mövzu üzrə faydalı hesab etdiyini bildirib: “Turizmin inki­şafı yalnız iqtisadi artıma gətirib çıxar­mır, xalqların bir-birini daha yaxından tanıması, mədəni mübadilə üçün də geniş imkanlar açır”.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

12 İyun 2021 00:51 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə