Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq konfrans başa çatdı: 35 ölkədən 700-ə yaxın tədqiqatçının 510 elmi araşdırmasının nəticələri ictimaiyyətə təqdim olundu

 

 

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyi, Təhsil Nazir­liyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı başa çatıb.

“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan və 4 gün davam edən konfransda 35 ölkədən olan 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdır­manın nəticələrinin onlayn rejimdə müzakirəsi təşkil olundu. Məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 “workshop”, 26 xarici tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dün­yanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin aktual və ciddi iqtisadi mövzuları əhatə edən məruzələri dinlənildi.

“Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və in­vestisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqti­sadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixra­cat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və digər mövzularda təşkil olunan seminarlar (workshop) UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalında canlı yayımlanaraq müzakirə edildi və geniş ictimaiyyətə təqdim olundu.

Konfransa göndərilmiş məruzələrdən seçil­miş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilmiş məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda dərc olunacaq və həmin kitabın elektron ver­siyası dünyanın nüfuzlu Harvard Universiteti, Oksford Universiteti, Yale Universiteti, Stanford Universiteti, Kolumbiya Universiteti, Toronto Universiteti, Çikaqo Universiteti, Royal Da­nish Library, Duke Universiteti, British Library, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olun­muş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulub.

Xatırladaq ki, konfransın açılışı iyunun 4-də Gəncə şəhərində baş tutmuşdu.

Elnarə ÖMƏROVA

12 İyun 2021 00:46 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə