Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Gömrük Komitəsi gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məlumat yaymışdır

 

 

Ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirilib. Sahibkar idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirir ki, həmin qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Göm­rük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb.

Belə ki, Azərbaycan Respubli­kasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.

Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunu­nun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir.

Qanunvericiliyə əsasən, göm­rük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düz­günlüyünü araşdırmaq hüququ var.

“Ambiance Med” MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparı­lan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilib. Aşkar olunan risklərin minimallaşdı­rılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respub­likası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb.

Qanunun 16-cı maddəsinə əsasən, gömrük dəyəri malların daxili bazarda satış qiymətləndirilməsinə uyğun olaraq dəyərin çıxılması üsu­lundan istifadə edilməklə müəyyən edilir. Dəyərləndirilən malların çı­xılmış dəyərini müəyyən edərkən bu mallarla eyni və ya təqribən eyni vaxt­da idxal olunmuş eyni və eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür.

Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün 5 iyun 2021-ci il tarixində Azərbaycan Respublika­sının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilib və ekspert rəyi gömrük orqanla­rının şübhələrini təsdiqləyib.

Malların qiymətini müəyyən etmək üçün “Azərekspertiza” Birliyinin 7 iyun 2021-ci il tarixli, 75 №-li ekspertiza aktına əsasən, “Ambiance Med” MMC tərəfindən idxal edilən:

“İmuno Sitoz” №30 - faktura dəyəri 0,65 Avro, yəni bəyannamənin təqdim olunduğu günün məzənnəsinə görə 1, 35 AZN, ekspertiza aktına görə isə 19 AZN-dir;

“Solefarin İmuno” №15 - fak­tura dəyəri 1 avro, həmin günün məzənnəsinə görə 2,07 AZN, eksper­tiza aktına görə isə 14,5 AZN-dir;

“Presnora SolePharm” №30 - fak­tura dəyəri 0,75 avro, həmin günün məzənnəsinə görə 1,55 AZN, eksper­tiza aktına görə isə 18 AZN-dir;

“Denomaks” №30 - faktura dəyəri 0,94 avro, həmin günün məzənnəsinə görə 1,95 AZN, ekspertiza aktına görə isə 19,5 AZN-dir.

Ekspertizanın rəyindən də görün­düyü kimi, faktura qiymətləri ilə sonra­kı satış qiymətləri arasında kəskin fərqlər var. Faiz nisbətində isə bu fərqlər 850, 1000, 1200 faizdir.

“Ambiance Med” MMC tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyərinin müəyyənləşdirilməsi prosesində həmin şirkətin rəhbəri Elnarə Əliyeva ilə Komitənin aidiyyəti strukturla­rının rəhbərləri arasında dəfələrlə müzakirə aparılıb, qanunvericiliyin tələbləri izah olunmaqla onun iddiala­rına ətraflı cavab verilib.

Lakin sahibkarın hər dəfə gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürməsi, kütləvi informasiya vasitələrinin imkanlarından yararla­naraq yanlış məlumat və şərhlərlə gömrük orqanları, onun rəhbərliyində təmsil olunan şəxslər barəsində mənfi rəy formalaşdırması, bununla da dövlət qurumuna təzyiq göstərməyə cəhd etməsi yolverilməzdir.

Dövlət Gömrük Komitəsi hər za­man faktlarla əsaslandırılan, ümumi işə fayda gətirən tənqid və iradlara açıqdır. Lakin gömrük qanunveri­ciliyi, gömrük işinin təşkili haqqında bilik və bacarıqlara malik olmayan bəzi “ekspertlər”in və ya cəmi bir idxal əməliyyatını qanunları tapda­layaraq həyata keçirməyə çalışan “sahibkar”ın irəli sürdüyü böhtan xarakterli iddialar, bəzi media qu­rumları vasitəsilə təşkil edilən sifarişli müzakirələr gömrük orqanlarının qanuni fəaliyyətinə kölgə sala bilməz.

Dövlət Gömrük Komitəsi daim qa­nuni ticarəti dəstəkləyir və sahibkar­ları qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə çağırır.

“Xalq qəzeti”

12 İyun 2021 00:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə