Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda həyat qaynayır...

Bizim Vətən, bizim qələbə, zəfər, bizim qazilər… Bizim deyə bilmək necə də xoşdur, necə də gözəldir! Bizim qazilərin ən çox vurğulanmalı yönü onların comərdliyidir, dövlətə inamıdır, dövlətçiliyə candan, könüldən bağlılığı və təmənnasızlığıdır. Qazilərimizi fərqli edən onların xarakteridir: müharibəyə bayrama, toya gedirmiş kimi gedənlərin mülki həyatdakı davranışlarında da bu comərdlik özünü hər dəm göstərir.

Mən bunu hələ I Qarabağ müharibəsi dövründən, öz doğ­malarımdan bilirəm. Məsələn, düşmənə günlərlə matəm elan etdirən, başına üç dəfə ermənilər tərəfindən pul qoyulan, bir keç­miş vəzifəli generalın maneəsi üzündən 16 il eyni rütbədə qalan, 90- cı illərdə təqdimatı verilsə də, təltif üçün son siyahı­ya adı düşməyən, ev növbəsinə götürülməyən – bir neçə məsələdə haqqı gecikən qazi doğmamın dik duruşunu, qürurunu xatırlayıram. Xatırlayıram ki, ona “bəlkə bir maraqlanasan, müraciət edəsən, yada salasan…” dedikcə, “nara­hat olmayın, layiqiksə, veriləcək, geci - tezi var” – eşitdik illər uzunu. Bir gün səbrim tükəndi, dedim, “ay sağolmuş, artıq sənin yetirmələrin səndən qabaqda­dır, daha nooldu?” Dedi, “ürəyini sıxma, bir az da səbr elə”. Son­ra ədalətin təntənəsi dalbadal gəldi: haqq etdiyi rütbə də verildi, təltifə də rəsmən təqdim olundu, təltif gerçəkləşdi; ardınca, Si­lahlı Qüvvələr Veteranı statusu və medalını da aldı. Bilirəm ki, qazilərdəki ümid ümiddən ötə inamdır. İnam imandan qaynaq­lanır. Bu inamın əsası Vətəni sevməkdir. “Vətəni sevmək iman­dandır”.

Digər qazi qohumum tək oğlu­nu da hərbçi olaraq yetişdirəndə, gördüm ki, həqiqətən də qazi­lik, rütbə, çindən ötə hadisədir. Ruha, qana, iliyə işləyən sevgini, vurğunluğu pozmaq, sıradan çıxarmaq mümkünsüzdür. Bizim qazilər ləyaqət örnəklərimizdir! İş yoldaşım olan bir qazi atası deyir ki, bir uzaq tanış, necəsə mənim nömrəmi tapdı, vacib görüş istədi, dedim “buyur, xeyir ola?” Mız - mız edə - edə dedi ki, “bəs oğlumun hərbi xidmətə getməmə…” sözünü ağzında qoydum, “mənim öz oğlum ön cəbhədədir” – dedim, söhbət bitdi…

Qızıl ləyaqət

Qazilər döyüşdə də, mülki həyatda da öz ləyaqətləri ilə seçilər. Adicə çay süfrəsində oturarsan, bir də görərsən ki, bir yolunu tapıb çay pulunu veriblər. Maşındadırlarsa, dayanacaqda­kıların yanından düz keçməzlər – “filan yerədək gedirəm, kim yoldaşlıq etmək istər?” – deyərlər. Məişət mübahisəsində anlaşma yolunu daha tez tapmağa me­yillidir qazilər. Ustadırlarsa, işin ən keyfiyyətlisini, ən münasib qiymətlisini onlardan görərsən… Ürəkləri böyükdür çünki! Çünki ölümün üstünə gedə bilənlər, olu­mun, xeyirə yozumun, yaxşı yo­lun… üstünü örtməzlər. Bacarıqlı­dırlar, öyrənəndirlər, öyrədəndirlər, xeyirxahdırlar. Bizim qazilərin başına dönüm.

Qarabağ və Azərbaycan!

Bizim qazilər bizim Qarabağda döyüşüb. Bizim qazilər könüllü, könlünün, ruhunun gücü ilə döyü­şüb. Qədim dövlətçilik şüuru bizim qazilərin yaddaşında suxurlaşıb, xarakterə işləyib. Dövlət bizdə müqəddəsdir. Və bizim qazilər də, biz də bilirik ki, “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” (H.Əliyev). Gəl gör ki, “hüququn­dan keçən əsgər”lər dövlətin, Vətənin nə etdiyini soruşmur, özü nə edə bilər – özünü sorğulayır. Bizim qazilər kimdir? – “Bu torpa­ğın sahibləri qayıdıb. Əlində silah! Əlində bayraq! Ürəyində Vətən sevgisi!” – Bax, dövlət başçısı­nın əziz Şuşada dediyi bu tarixi sözlərin ünvanlandığı əzizlərdir qazilər!

Heç təsadüfi deyil ki, qazilərin problemlərini, şəhid ailələrinin problemləri ilə bərabər ən təxirəsalınmaz vəzifələr sırasında görən, göstərən, tapşıran dövlət başçımız YAŞAT Fondunu yaratdı, rayon icra hakimiyyətlərində məxsusi şöbələr yaradılma­sına göstəriş verdi, müvafiq layihələr üçün dövlət vəsaitləri ayırdı. Qazilər təltif olundu, yenə təltif olunacaqlar. Qazilərin ev - eşikləri yoxsa – olacaq, varsa – içi avadanlıqlarla doldurulacaq. Qazilərin səhhətində problem varsa – ölkəmizin şəfa ocaqların­da müalicə olunacaq. Vətənimizdə mümkün olmasa, başqa ölkələrə müalicəyə göndəriləcəklər. Bu, müharibə bitər – bitməzdən belədir, belə də davam edəcək. Ta ki, ən son qazinin məmnuniyyəti təmin olunanadək!

Vətən eşqi

Eşq! Bizim vəfalı qazilərin örnək eşqi Vətənədir, xalqadır, sevgililərinədir. Başacan olsun! İş! YAŞAT Fondu, digər əlaqədar dövlət orqanlarımız, özəl sek­tor, sahibkarlıq subyektlərimiz işəgötürmədə, işqurmada məhz qazilərə, şəhid ailələrinə üstünlük verir. Üzləri ağ, başları uca olsun! Aş! Bizim qazilərin süfrəsi halaldır, çörəkləri kəsiləsi, çayları içiləsidir. Halal olsun! Eşq varsa, iş var; eşq və iş varsa, aş var; eşq, iş və aş varsa, hüzur var, ağız şirinliyi var, çiçəklənmə var…

Bu günlərdə İTV- də YAŞAT Fondu xətti ilə özünə iş quran qazilər haqqında süjetlərə baxdım. Qürurlandım, sevindim, kövrəldim. Bizim qazilər – bizim ürəklər, bizim ümidlər, bizim qürurumuzdur! Bəli, Vətən müharibəsi iştirakçılarımızın (qazilərimizin) cəmiyyətə reinteq­rasiya məsələsinin düşünülmüş, məqsədəyönlü və belə demək mümkünsə, ən mütərəqqi və elmi yanaşmalarla həyata keçirilməsini görmək çox xoşdur. Ümumiyyətlə, müstəqil Azərbaycanda müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı dövlət siyasətindən, əldə edilmiş nəticələrdən danışası olsaq, yəqin bir məqalə deyil, bir kitab yazmalı olarıq.

Respublikamızda müharibə iştirakçıları və şəhid ailələrinə dövlət dəstəyi, onlara qayğı, problemlərinin çözümü yönündə görülən işlərin, o işlərin bəhərinin araşdırıldığına inanıram. İna­nıram ki, alimlərimiz belə bir həqiqətə ortaq olar: dövlət – xalq birliyi yalnız müharibədə deyil, postmüharibə dövründə də öz gücündədir. Bizim qazilər özlərini Vətənə borclu bildikləri kimi, Vətən övladları da məhz onların açdığı iş yerlərinə üz tutmağı, məhz onların müəssisələrindən alış - veriş etməyi, məsələn, məhz onların çilingər xidmətindən yararlanma­ğı… üstün tuturlar. Bunu özlərinə borc bilirlər. Yəni ali səviyyədən ən adi məişət səviyyəsinədək bizim qazilər, bizim xalq, bizim dövlət eyni alqoritmdə düşünr, davranır, irəliləyir.

Qaynar həyat

Ona görə də, Azərbaycanda həyat qaynayır. Qarabağ qurucu­luq mədəniyyətinə keçid döv­rünü yaşayır. O torpaqları azad edən oğullar isə YAŞAT Fondu­nun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə sosial müdafiəyə cəlb edilir. Evlə, avtomobillə təmin olunur, müalicə alır, ƏƏSMN, FHN, Səhiyyə Nazirliyi, TƏBİB qazilərə zəruri psixoloji reabili­tasiyanı həyata keçirir. Qazilər işə götürülür, işə bərpa olunur, iş qururlar. Ən müsbət emosiya ilə deyirəm: Azərbaycan işi problemə çevirənlərin deyil, problemi işə çevirənlərin ölkəsidir. İndi qazini hansısa qapıda gözlətmək, ona bürokratik əngəl yaratmaq, prob­lemini çözməmək heç kimə lazım deyil, heç kim buna cəsarət etmir. Çünki bu məsələ öz nüfuzunu itirməyi vəd edir. Həmçinin qaziyə sayğısızlıq etmək üçün gərək ruh­suz olasan. Bizim Vətən sevgimizi, dövləti müqəddəs bilməyimizi dün­ya 44 gündə yaxşı gördü. Bilindi ki, düşməni qovmaq üçün canının son taqətini, evinin son tikəsini verənlər ölkəsidir Azərbaycan. Azərbaycandan naxələflər çıxa bilməz, çıxsa da, önə çıxmaz.

Yazımın sonunda sizi ötən ilin son ayının ilk gününə apar­maq, müzəffər Ali Baş Koman­danın Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətindəki fikirləri xatırlat­maq istəyirəm: “Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli!”

Bu, bizim xalqın, bizim qazilərin xarakter pasportudur! Hər şey daha yaxşı olacaq! Təki dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

12 İyun 2021 00:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə