Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır!

 

 Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 18 ili ərzində Azərbaycan dinamik inkişaf yolu keçib, ölkəmizdə sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Bütün bunlarla bərabər, ötən il Vətən müharibəsində qazanılan tarixi qələbə ilə ərazi bütövlüyümüzə nail olunub.

 

 

 İkinci Qarabağ savaşında qələbənin əldə edilməsini bir neçə amil şərtləndirdi. Tarixi zəfər, ilk növbədə, Azərbaycan Prezidenti, Silah­lı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin müdrik siyasəti, özünün vur­ğuladığı kimi, “nəyi, necə, nə vaxt etmək lazımdır” sualına dəqiq cavab tapmaq isteda­dı ilə gerçəkləşdi. Bununla yanaşı, Azərbaycanın döyüş uğurunun reallaşmasında Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdətinin sarsılmazlığı önəmli rol oynadı.

Burada bir məqamı da qeyd etmək istərdik. Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində düşmənin Azərbaycan xalqının Qa­rabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısı çıxış­larının birində vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordu­su, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texni­ki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bü­tün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

İndi olduğu kimi, işğal dövründə də Azərbaycanın mövqeyi hər zaman konstruk­tiv olub. Ölkəmiz bu proble­min tez bir zamanda həllinin tərəfdarı idi, çünki əziyyət çəkən Azərbaycan idi. Lakin Ermənistan hər vəchlə bu danışıqlar prosesini pozmaq, yaxud uzatmaqla torpaqla­rımızı tapdaq altında əbədi saxlamaq məqsədi güdürdü. İşğal dövründə ərazilərimizdə böyük məbləğdə vəsait hesabına başa gələn nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğu da düşmənin bu çirkin niyyətindən xəbər verirdi. Dövlətimizin başçısı bununla bağlı deyib: “Aydın­dır ki, onlar bunu torpaqları­mızı əbədi işğal altında saxla­maq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaq­dan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi...”.

Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq savaşın ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır. Dövlətimizin başçı­sının hərbçilərimizə verdiyi ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad etdikcə, bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparıldı­ğını görürdük. Beləliklə, Azərbaycan Ordusunun hücum əməliyyatları və texniki vasitələrimizin yeganə hədəfləri hərbi obyektlər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılaraq, əməliyyatlara cəlb olunmuşdular.

Bəli, bu müharibə işğalçının faşist xislətinin, barbarlığının, vandallığının göstəricisidir. Ermənistan təkcə Vətən savaşı zamanı deyil, həm də Birinci Qara­bağ müharibəsində də öz vəhşiliyini göstərib. Belə ki, o dövrdə Ermənistan Azərbaycanın itkin düşən 4 min hərbçisinin bir cəsədini belə geri qaytarmayıb.

Azərbaycan Prezidenti çı­xışında Azərbaycan tərəfinin humanist addımları barədə danışarkən, deyib: “Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logis­tika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtoma­şınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sada­laya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin apa­rılması ilə əlaqədar “Qazp­rom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermi­şik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qu­badlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzun­luğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir...”.

Yeri gəlmişkən, Vətən savaşında parlaq qələbəmizi şərtləndirən bir amili də xatırlatmaq istərdik. Bu, son 18 il ərzində Azərbaycanda gənclər siyasətinin uğur­la həyata keçirilməsi ilə bağlı məsələdir. Belə ki, dövlətimizin başçısı prezi­dentlik fəaliyyətində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik ötən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunma­sında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırış­lara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prose­sinin fəal iştirakçısına çevrilib.

Azərbaycan gənclərində formalaşan yüksək vətənpərvərlik ruhu Vətən müharibəsində də özünü qabarıq büruzə verdi. Pre­zident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans­da iştirakçıların suallarını cavablandırarkən deyib: “Döyüşlərdə iştirak edən və şəhid olan bir çox insan mən 2003-cü ildə Prezi­dent seçiləndə uşaq idi. Ancaq Qarabağ hər za­man bütün gündəliklərin bir nömrəli məsələsi idi. Bütün tədbirlərdə - sülh və müharibə, sosial-iqtisa­di inkişaf mövzularındakı tədbirlərdə Qarabağ hər zaman mənim çıxışlarımda prioritet təşkil edirdi. Bu, artıq yeni Azərbaycandır. Ermənilər bizi yaxşı tanı­mırdılar. Onlar 1992-ci ilin Azərbaycanı ilə döyüşəcəyini zənn edirdilər. Azərbaycan isə fərqli idi, insanlarımız fərqli idi, cəmiyyət fərqli idi, ruh yüksəkliyi başqa idi…”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, düşmən işğal dövründə və Vətən müharibəsi günlərində bizim daxilimizdə, qəlbimizdə nələrin olduğunu başa düşə bilmədi: “Onlar başa düşmədilər ki, bizim üçün Qa­rabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş et­dirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayan­dırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik”.

Azərbaycan gəncliyi 30 il ərzində Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığı­nı, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurd­larından didərgin salındıqla­rını yaxşı bilir. Azərbaycan gəncliyi Ermənistan or­dusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmir, Ermənistan və qon­darma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tutur.

Amma ermənilər bunun tam əksini düşünürdülər. Fikirləşirdilər ki, artıq Azərbaycanda yaşlı nəslin böyük hissəsi həyatda yox­dur, gənclər isə fərqli mühitdə tərbiyə alırlar. Onlar Qarabağ haqqında heç bir təsəvvürə malik deyillər. Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda səfərdə olarkən, bu barədə deyib: “... Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdir­dik...”.

Burada onu da xatırladaq ki, gənclərin vətənpərvər, azərbaycançılıq ideologi­yasına sadiq yetişməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmiz torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib.

Hazırda erməni fa­şizmi tərəfindən törədilən ərazilərimizin dağıntıları aradan qaldırılır. Düşməndən təmizlənən torpaqlar­da tikinti-quruculuq işləri getdikcə böyük vüsət alır. Eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması da xüsusi diqqətdə saxlanı­lır. Başqa sözlə, ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan-Azərbaycan arasında dövlətlərarası münasibətlərin normal­laşdırılması əsasında bu qanlı münaqişənin yarala­rının sağaldılmasına böyük əhəmiyyət verir.

Yeri gəlmişkən, hərbi əməliyyatların bitməsindən, Vətən müharibəsində parlaq qələbəmizdən sonra Prezi­dent İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olu­nan rayonlara səfər etməsi dövlət başçımızın uzun illər düşmənin nəzarətində qalan və xarabalığa çevrilən yaşayış sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığın göstərir.

İşğaldan azad edilən ərazilərimizdə yeni hava limanlarının inşa olunması da bu torpaqlarda yaşayış sahələrinin salınması­nın sürətlə aparılmasına, məskunlaşacaq keçmiş məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşma­sına öz müsbət təsirini göstərəcək. Aeroport­ların tikilməsi, təbii ki, Azərbaycanın regionda da­yanıqlı sülh və təhlükəsizliyi təmin etmək baxımından da mühüm önəm daşıyacaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

12 İyun 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə