Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Memar ömrünün silinməz naxışları

 

 

İnsanın keçib gəldiyi ömür yolu onun tale güzgüsüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür. Əməkdar memar, yaratdığı memarlıq nümunələri kimi, öz ömrünü də silinməz naxışlarla bəzəmiş qurucu insan Məmməd Hüseyn oğlu İbrahimovun 75 illik ömür yolu mənalı və şərəfli həyat nümunəsi sayıla bilər. Onun xalqına xidmətdə keçən həyat yolu parlaq əmələrlə zəngindir.

Məmməd İbrahimov 1946-cı il iyunun 12-də Nax­çıvan şəhərində anadan olub. Buradakı 3 saylı orta məktəbi bitirdikdən sonra 1964-cü ildə Azərbaycan Politexnik İns­titutunun inşaat fakultəsinin memarlıq şöbəsinə daxıl olub. 1969-cu ildə ali təhsilli memar kimi “Azərdövlətsənayelayihə” institutunda mühəndis vəzifəsində yaradıcı fəaliyyətə başlayıb. Məmməd İbrahi­mov gənc olmasına baxma­yaraq əmək fəaliyyətinin ilk günlərindən özünü savadlı və təşəbbüskar mütəxəssis kimi göstərib. O daim yeniliyə can atıb, bilmədiklərini öyrənməyə çalışıb, çətinlikdən qorxmayıb. Bu keyfiyyətləri gənc memara fəaliyyətində uğurlar qazandırıb. Bilik və bacarığı ilə seçildikcə, göstərilən etimadı doğrultduq­ca daha məsul vəzifələrə irəli çəkilib.

1972-ci ilə 26 yaşlı memar Məmməd İbrahimov “Azərdövləttikintikom”un təqdimatı əsasında çox məsuliyyətli bir vəzifəyə irəli çəkilib – Naxçıvan şəhərinin baş memarı təyin edilib. Sonrakı illərdə o, “Azərkommunlayihə” İnstitutunun Naxçıvan filialı­na rəhbərlik edib, Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Azərbaycan Mineral Sular Birliyinin baş direktoru vəzifələrində çalışıb. Məmməd müəllim Naxçıvanda çalışdığı illərdə şəhərdəki bir sıra bina və tikililərin layihələndirilməsi ilə yanaşı, onların inşa edilməsində də bilavasitə iştirak edib, tikinti-quruculuq prosesinə nəzarəti yüksək peşəkarlıqla həyata keçirib.

Yaradıcı memar, bacarıqlı təşkilatçı kimi tanınan Məmməd İbrahimov sadəliyi, yurdsevərliyi ilə də başqalarına nümunə olub. Hər işdə peşəkarlığı və məsuliyyəti əsas tutan bu insan tezliklə respublikada istedadlı və bacarıqlı memar kimi tanınıb. Çalışqanlığı və səmimiliyi ilə ətrafdakıların rəğbətini qazanan soydaşımız artan nüfuzu ilə məsul olduğu işlərin öhdəsindən bacarıqla gəlib. Bütün bu keyfiyyətlər onun ölkənin ikinci böyük şəhəri, milli memarlıq ənənələrinin uğurla davam etdirildiyi Gəncədə fəaliyyət göstərməsi üçün mötəbər həyat hazırlığı olub. Beləliklə, 1994-cü ildən qədim Gəncənin yeni memarlığı Məmməd müəllim üçün təşəbbüskar axtarışlar və diqqətçəkən yeniliklər meydanı­na çevrilib.

Təcrübəli memar, qurub-yaratmaqdan yorulmayan insan Məmməd İbrahimovun həyatının son 15 ili Gəncə şəhəri ilə sıx bağlı olub. O, burada bir sıra məsul vəzifələrdə çalışıb. Aqrar Sənaye Bankının Gəncə şöbəsində mühəndis kimi fəaliyyətə başlayan Məmməd İbrahimov az sonra Kəpəz rayonunun memarı olub. O, memarlıq fəaliyyətini Gəncə Şəhər İcra Hakimiyyətində davam etdirib. Bilik-bacarığı və təşkilatçılıq təcrübəsi nəzərə alınaraq, az sonra o, Gəncə Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin müdiri, Memarlıq və Şəhərsalma İdarəsinin rəisi – Gəncə şəhərinin baş memarı təyin edilib.

Həyatın hər sınağından uğurla çıxmış, yalnız öz zəkası və iradəsi ilə irəliləmiş Məmməd İbrahimov Azərbaycan Res­publikası Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə şəhərsalma sahəsində müsbət fəaliyyətinə, memarlıq layihələrinin hazırlan­ması və həyata keçirilməsində xüsusi nailiyyətlərinə görə “Əməkdar memar” fəxri adına layiq görülüb. Ömrünün ahıllıq çağlarılnı yaşayan memar təqaüddə olmasına baxma­yaraq, daim həmkarları ilə görüşür, bilik və təcrübəsini gənc ardıcılları ilə bölüşür. Onun məsləhətləri həmişə faydalı olur və tikinti-quruculuq işlərində əksini tapır.

Bütün həyatı, şərəfli əməyi ilə ölkəmizdə layiqli hörmət qazanan Məmməd müəllim müdrik el ağsaqqalı, qayğıkeş insandır. Məmməd İbrahimo­vun dövlətə, Vətənə, insanlara xidmətdə keçən 75 illik ömür yolu ilə öyünməyə tam haq­qı var. Bu həyatın 54 ilində faydasız yaşanmış bircə günün də olmadığını düşünmək əsl xoşbəxtlik əlamətidr. Məmməd müəllim bundan sonra da yara­dıcılıq potensialını, təcrübəsini Azərbaycanımızın gözəlləşməsi yolunda sərf etmək arzusu ilə yaşayıb yaradır.

İsrafil KƏRİMOV

11 İyun 2021 00:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə