Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada pandemiyaya qarşı mübarizə örnəyi yaratmış ölkə kimi tanınır

“Bu gün beynəlxalq səviyyədə müzakirə olunan elə bir məsələ yoxdur ki, ölkəmizin mövqeyi öyrənilməmiş olsun. Bu, Azərbaycanın dünyada yerini və rolunu göstərməklə yanaşı, Prezident İlham Əliyevin dünya siyasətində təşəbbüskar iştirakla qazandığı şəxsi nüfuzunun da göstəricisidir. Sahəsindən və mövzusundan asılı olmayaraq keçirilən istənilən beynəlxalq səviyyəli tədbirdə Azərbaycan rəhbərinin rəyi nəzərə alınır və təkliflərinə hörmətlə yana­şılır”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mediaya bu açıqlamasının davamında bildirib:

 

– Möhtərəm Prezidentimizin bu yaxınlar­da Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında çıxış etməsi onun bəşəri bəlaya qarşı mübarizədə göstərdiyi səylərin önəmini beynəlxalq aləmdə doğurdu­ğu geniş əks-səda ilə bir daha sübut etdi.

Koronavirus pandemiyası ötən ilin əvvəllərində sürətlə dünya ölkələrinə ayaq açdığı gündən bütün dövlətlər qabaqlayıcı tədbirlər görməyə başladı. Azərbaycan bu bəlanın qarşısını almaq üçün mübarizəyə atılan ilk dövlətlərdən biri oldu. Bu sahədə Azərbaycanın atdığı təşəbbüskar addımlar beynəlxalq qurumlar tərəfindən də maraqla qarşılandı. Qısa müddət ərzində dövlətimizin tətbiq etdiyi qabaqlayıcı tədbirlər dünya ölkələrinə nümunə olmağa başladı və beynəlxalq subyektlər tərəfindən təqdir edildi.

Dövlətimizin ən vacib məqsədlərindən birinin insanların sağlamlığı olduğunu deyən cənab Prezident İlham Əliyev xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşların sağlamlığını qo­rumaq məqsədilə təsirli və sistemli şəkildə tədbirlər görülməsi üçün göstəriş verdi və bu sahədə mühüm qərarlar qəbul edildi. Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı, bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, kütləvi tədbirlər, idman yarışları təxirə salındı. Məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, xüsusi davranış qaydaları müəyyən edildi.

Bundan başqa, ölkədə maska və dərman qıtlığı dərhal aradan qaldırıldı, laboratori­yaların sayı artırıldı, testlərin təchizatı təşkil olundu. Səhiyyə xərcləri artırıldı, xüsusi modul tipli xəstəxanalar yaradıldı, xarici ölkələrdən tibbi personal dəvət edildi. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün bu tədbirlər dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi və bir örnəyə çevrildi.

Pandemiyanın ölkənin iqtisadi həyatına mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin gerçəkləşdirdiyi məqsədyönlü tədbirlərin ölkəmiz və dünya üçün önəmini vurğulayan AHİK sədri qeyd edib ki, bu məqsədlə ayrıca Tədbirlər Planı hazırlandı və onun icrası məqsədilə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradıldı:

– Pandemiya zamanı dövlətin “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə edib. 600 min işsiz, o cümlədən xüsusi ka­rantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilib. Bütövlükdə, pandemiyanın milli iqtisadiy­yata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata, təxminən, 2,5 milyard manat həcmində dəstək göstərilib. Bütün bunlar aydın göstərir ki, Azərbaycan dövləti pande­miya şəratində görülə bilən bütün mümkün tədbirləri tətbiq edib.

Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan pande­miya ilə beynəlxalq mübarizəyə dəstək üçün 30-dan artıq ölkəyə yardım göstərib. Həmçinin ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edilib. Bütün bunlar dünya dövlətləri arasında ölkəmizin humanist xarakterini ortaya qoyur.

İnfeksiyaya qarşı orqanizmdə immuni­tetin yaranmasına nail olmaq, xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaq üçün ölkəmiz koronavirusa qarşı peyvəndləri alan ilk dövlətlərdən biri oldu və bu il yanvarın 18-dən ölkə əhalisinin vaksinasiyasına start verildi. Bununla da Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkə oldu və artıq 2 milyon doza peyvənd istifadə olunub. Bu da əhalinin 20 faizi deməkdir.

Sonda Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşlarımızın sağ­lamlığının qorunması üçün dövlətimizin bütün mümkün variantları uğurla tətbiq edərək dünya dövlətləri arasında nümunəvi ölkəyə çevrilməsinin uğurlu nəticələr verdiyini söyləyib:

– Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşdırılmış pandemiya ilə mübarizə strategiyası bu dəhşətli bəladan maksimum az itki ilə yaxa qurtarmağı təmin edir. Görülən kompleks və davamlı tədbirlər nəticəsində pandemiyanın yüksəliş halları cilovlanmış, hazırda ən aşağı həddə salın­mışdır. Əhalinin sosial müdafiəsi ilə bağlı təsirli tədbirlər həyata keçirilmiş, ümumi rifah qorunub saxlanmışdır. Bu prosesdə Azərbaycan Həmkarlar İttifaqları Konfede­rasiyası da möhtərəm Prezidentin müəyyən etdiyi tədbirlərin, etdiyi çağırışların yerinə yetirilməsinə daim öz köməyini göstərmişdir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın pandemiya ilə mübarizədə təşəbbüskar fəaliyyəti, ÜST-ə göstərdiyi yardımlar, Prezident İlham Əliyevin vaksinlərin dünya dövlətləri arasında ədalətlə bölüşdürülməsinə təkidli çağırışları ölkəmizin bəşəri bəlaya qarşı mübarizəyə layiqli töhfəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

11 İyun 2021 01:03 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə