Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan düşmənin dağıtdıqlarını dostlarla birlikdə yenidən qurur

Vətən müharibəsində əldə edilən parlaq qələbəmizdən sonra respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın bir müddətdə köçkün düşən insanların öz yurdlarında məskunlaşmasını təmin etməkdir. Bunun üçün artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev düşməndən təmizlənən torpaqlarda bütün layihələrin ardıcıllıqla reallaşdırılacağını: birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması məqsədilə onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, infrastruktur tədbirlərinin icra ediləcəyini bildirib. Bu işlərin paralel şəkildə həyata keçirilməsi ilk gündən diqqət mərkəzində saxlanılıb.

İşğaldan azad olunan ərazilərdə hazırda sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olun­ması üçün dövlət investisiyası ilə ya­naşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı çıxışla­rının birində Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaş­dan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb… Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər”.Türkiyə Vətən müharibəsi günlərində öz siyasi və mənəvi dəstəyini nü­mayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bütün dünyaya bir daha nümayiş etdirib. Qardaş ölkə son­rakı dövrdə də daim Azərbaycanın yanında olub, respublikamızın haqlı mövqeyinə qəti və birmənalı münasibət bildirib.

Türkiyə Qarabağın bərpası prosesində də fəal iştirak edərək, “ya­şıl enerji” sahəsində böyük uğurlara imza atır. Xatırladaq ki, azad olunmuş ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Türk şirkətləri də bu torpaqlarda bərpa olunan enerji layihələrinin icrasında maraqlıdırlar.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imza­lanan “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradı­lacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı nəzərdə tutulur.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Zəngilan səfəri çərçivəsində rayonun Ağalı kəndində olarkən dövlətimizin başçısına ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdı­lan yaşayış sahələrimizin ən müasir texnologiyalara əsaslanan qurucu­luq konsepsiyası əsasında bərpa ediləcəyi barədə ətraflı məlumat verilərək, burada “ağıllı kənd” pilot layihəsinin 5 komponent– yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri üzrə aparılacağı bildiri­lib. Eyni zamanda, yenidənqurma tədbirlərinin bir sıra ölkələrlə yanaşı, Türkiyə mütəxəssisləri tərəfindən gerçəkləşdiriləcəyi vurğulanıb.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. On­lar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaş­lıq köməyini əsirgəmirlər.

Başlanğıcı Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi ma­gistral yolundan başlaması və Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları­nın ərazisindən keçməsi nəzərdə tu­tulan bu yolun tikintisinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Qarabağın bərpasında xüsusi yer alan Macarıstan şirkətləri də Azərbaycanın kənd təsərrüfatı və texnologiya sahələrində böyük poten­sialının olduğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafında, həmçinin “ağıllı” kənd və şəhərlərin salınmasında öz töhfələrini verəcəklər.

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən bildirib ki, “Eximbank” tərəfindən bu ölkənin 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb. Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.

ABŞ şirkətləri tərəfindən isə Azərbaycanın düşməndən təmizlənən ərazilərinin bərpasında iştiraka hazır olduqları, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiya­lar sahəsində əməkdaşlığa maraq göstərdikləri vurğulanıb.

İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə bərabər, digər özəl qurumları da Qarabağda aparılan bərpa proseslərində iştirak edəcəklər. Bir müddət bundan əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroener­getika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “An­saldo Energia” şirkətinin rəhbəri Ma­rino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatın­da qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinin imzalanması da bunun bariz ifadəsidir. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu bir dövlət – İtaliya şirkətləri də qoşulacaq.

Xatırladaq ki, “Azərenerji” ilə “An­saldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Ag­dam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.

Böyük Britaniya azad olunan tor­paqların minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində, İsrail isə enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, inno­vasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə Azərbaycana kömək göstərə biləcəklərini qeyd ediblər.

V. BAYRAMOV, “Xalq qəzeti”

11 İyun 2021 00:40 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə