Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliyalı jurnalistlərdən azərbaycanlı həmkarlarına dəstək

 

 

Azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində mətbuat konfransı keçirilib.

Səfirlikdən verilən məlumatda bildirilir ki, mətbuat konfransında ölkəmizin Braziliyadakı səfiri Elxan Poluxov, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini Esmira Cəfərova çıxış etmiş, baş vermiş hadisə ilə bağlı tədbir iştirakçıları­na ətraflı məlumat təqdim edərək, mövcud regional vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə mina təhlükəsi, onun doğurduğu ağır nəticələr, Ermənistanın məsuliyyətsiz davranışı, habelə beynəlxalq ictimaiyyətin rolu barədə fikirlərini bölüşmüşlər. Mətbuat konfransında əyani və video-konfrans şəklində Bra­ziliyanın CNN-Brazil, Jurnal O Globo, Rebe TV və digər aparıcı mətbuat or­qanlarını təmsil edən 40-a yaxın jur­nalist, bloqer və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə səslənən çıxışlarda baş verən qanlı hadisənin təfərrüatları, habelə bölgədə mövcud olan cari vəziyyət, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdə Ermənistan tərəfindən geniş miqyasda minalanmanın həyata keçirilməsi, hətta əraziləri tərk edərkən belə Ermənistan tərəfindən bu ərazilərdə minaların basdırılması, çoxsaylı mülki və hərbi şəxsin mina qurbanına çevrilməsi, ərazilərin minalardan təmizlənməsinin ölkə gündəmində dayanan əsas təhlükəsizlik çağırışı olması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, yaranmış əməkdaşlıq perspektivlərindən bəhs edilib.

Mətbuat konfransında Azərbaycanın azad olunmuş ərazilərinin dünyanın ən çox minalanmış ərazilərindən biri olduğu vurğulanıb və Ermənistanın səbəbkarı olduğu qanlı təxribatın yalnız azərbaycanlı jurnalistlərə qarşı deyil, həmçinin dünya jurnalistikasına, mülki əhaliyə qarşı olan təhdid və hücum kimi qiymətləndirildiyi bildirilib.

Braziliyalı jurnalistlər çıxışçılara ünvanlanmış sual və şərhlərində bu hadisədən məyus olduqlarını ifadə edib və dərin hüznlə başsağ­lığı verərək Azərbaycan xalqının kədərini bölüşdüklərini vurğulayıb­lar. Jurnalistlərə peşə fəaliyyətində maneələrin törədilməsi və onların həyatına qəsdin qəbuledilməz olduğunu vurğulayan tədbir iştirak­çıları bu halın beynəlxalq səviyyədə pislənilməsinin vacibliyini qeyd ediblər.

Mətbuat konfransı zamanı iştirak­çılara hadisəyə dair müvafiq təbliğat materiallarından ibarət məlumat qovluqları təqdim edilib.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

11 İyun 2021 00:34 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə