Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Zaxarova: Rusiya ümid edir ki, minalanmış ərazilər haqqında informasiya mübadiləsi prosesi sürətləndiriləcək

 

 

Rusiya ümid edir ki, Azərbaycan ilə Ermənistan arasında minalanmış ərazilər haqqında informasiya mübadiləsi prosesi sürətləndiriləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə, xüsusilə iyunun 4-də Kəlbəcər rayonun­da azərbaycanlı jurnalistlərin həlak olmasından sonra Ermənistan tərəfinin mina­lanmış ərazilərinin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi məsələsini şərh edərkən deyib.

“Qeyd etmək istərdim ki, Rusiya tərəfi bu faciəyə ilk re­aksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə baş­sağlığı verilib. Biz yaralananla­rın hamısının tezliklə sağal­masını arzu edirik”, – deyə diplomat bildirib.

Rusiya Xarici İşlər Nazir­liyinin rəsmisinin sözlərinə görə, ərazilərin minalar­dan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir: “Rusiya da Dağlıq Qarabağ­da və ona bitişik rayonlarda münaqişədən sonra minala­rın təmizlənməsi prosesinə mühüm, əhəmiyyətli töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın Sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq 2 min bina və 650 kilometrlik yol yox­lanılıb. Analoji tədbirlər Rusiya FHN-in xətti ilə keçirilir. Bu il yanvarın 4-dən etibarən rusi­yalı mütəxəssislər Azərbaycan tərəfi ilə razılaşdırılaraq, yarım min hektardan artıq ərazini yoxlayıblar və Ağdam rayonu ərazisində 18 minə yaxın part­layıcı əşyanı zərərsizləşdirib, həmçinin Azərbaycan FHN-in istehkamçılarının hazırlığını həyata keçiriblər”.

Diplomatın sözlərinə görə, Bakı və Yerevanla müntəzəm, o cümlədən yüksək səviyyədə təmaslar zamanı Mosk­va bu məsələnin mayın ilk ongünlüyündə Rusiya xarici işlər nazirinin Yerevana və Ba­kıya səfərləri zamanı müzakirə edildiyini xatırladaraq, minalan­mış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaq­la, minalardan təmizlənmə məsələlərinin qurulmasına çağırır. “Biz ümid edirik ki, bu proses sürətləndiriləcək”, – deyə M.Zaxarova əlavə edib.

O qeyd edib ki, Moskva humanitar ölçüyə malik olan bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də verilən bəyanatlarına ciddi şəkildə uyğun həll olun­ması, bunun maksimum ope­rativ və heç bir ilkin şərt irəli sürülmədən həyata keçirilməsi üçün ardıcıl çıxış edir.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

11 İyun 2021 00:22 - SİYASƏT
SİYASƏT
17 İyun 2021 | 05:59
Tarixi əhəmiyyətli səfər

Köhnə versiyamızdan xəbərləri izlə