Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dağlıq Qarabağ münaqişəsi” Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə aktuallığını itirib

 

 

Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli razılaşmada üzərinə götürdüyü öhdəliyin icrasını ləngidən Ermənistan rəhbərliyi Azərbaycanda saxlanan erməni diversantların geri qaytarılmadığını bəhanə edərək məsuliyyətdən yayınmağa çalışır.

Təcavüzkar niyyətlərindən əl çəkməyən ölkə ATƏT-in Minsk qrupunun həmsədrlərini və Avropa İttifaqını danışıq­lar prosesinə cəlb etməklə artıq tarixdə qalmış “Dağ­lıq Qarabağ münaqişəsi”ni yenidən gündəmə gətirmək xülyasındadır. Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bu məsələdə ölkəmizin dəyişməz mövqeyini belə açıqlayıb:

– Azərbaycan torpaqları­nı Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və qətiyyətli rəhbərliyi altında silahlı qüvvələrimiz Ermənistanın işğalından azad etməsi ilə həm BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib, həm “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsi prosesində müzakirə edilən baza prinsipləri öz həllini tapıb, həm də Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanın­mış əraziləri üzərində suveren hüquqları bərpa edilib. Bu isə cənab Prezidentin qeyd etdiyi kimi, münaqişənin başa çatması, regionda yeni reallıqların, yeni perspektivlərin yaranması deməkdir. “Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalıb. Biz isə gələcəyə baxırıq.

Azərbaycan dövləti işğaldan azad edil­miş torpaqlarımızın yenidən qurulmasına və bərpasına regionun inkişafının tərkib hissəsi kimi yanaşır. Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə diqqət yetirdikdə Prezident İlham Əliyevin baxış bucağının ge­nişliyi, bölgəyə daimi sülh, təhlükəsizlik, inkişaf, rifah gətirməkdən ibarət olan hədəflərini aydın görmək mümkündür. Bu layihələrdən, xüsusilə də kommunikasiyaların və yeni dəhlizlərin açıl­masından bütün bölgə dövlətləri, o cümlədən, Ermənistan da faydalana biləcək.

Lakin bütün bunlara baxmayaraq, Ermənistan davranışlarını süni surətdə mürəkkəbləşdirir, hətta, üzləşdiyi ağır iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu olan layihələrin də sürətlə reallaşdırılmasına əlavə çətinliklər yaradır. Prosesi ləngidən amillərdən biri və bəlkə də birincisi Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsidir. Ərazilərin minalardan təmizlənməsi isə çox çətin, bahalı və vaxt aparan bir prosesdir və təbii ki, bu prosesi başa çatdırmadan əraziləri bərpa etmək mümkün deyil. Ermənistan sərhədlərin dəqiqləşdirilməsinə də əngəllər törədir, ölkəmizin ərazilərinə yeni diversantlar göndərməkdə davam edir.

Azər Kərimli daha son­ra bildirib ki, Ermənistanın təxribatçı hərəkətlərinə baxmayaraq, İkinci Qarabağ müharibəsinin nəticələri regionun gələcəyinə yenidən baxmağı zəruri edir: “Azərbaycan Prezidenti son görüş və çıxış­larınında çox önəmli bir məqama dönə-dönə toxundu və qeyd etdi ki, gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır: “Bölgədə xalqların dinc və təhlükəsiz şəkildə birgə yaşayışının təmin edilməsi üçün regionun yeni gündəmi müəyyənləşməlidir. Şübhəsiz ki, biz xalqımıza qarşı edilən cinayətləri unutmaya­cağıq. Bunu unutmaq mümkün də deyil. Amma gələcək nəsillərin firavan və təhlükəsiz həyatını təmin etmək üçün irəliyə doğru baxmalı, yeni bir səhifə açmalı, işıqlı sabahımız haqqında düşünməliyik. Və Azərbaycan gələcək haqqın­da düşünür və bu gələcəyin təminatçısı kimi uzaqgörən bir siyasət yürüdür”.

O ki qaldı, Ermənistan rəhbərliyinin və bu ölkənin hakimiyyətə iddialı siyayasətçilərinin Avropa İttifaqını və ATƏT-in Minsk qrupunu da­nışıqlar prosesinə cəlb etmək cəhdlərinə, bunun bir qısa və aydın cavabı var: Onların 30 ildə həll edə bilmədiyi məsələni Azərbaycan özü sona çatdırıb. Vasitəçilərin isə kömək göstərəcəyi bircə məsələ varsa, o da Ermənistanı münaqişəyə son qoymuş üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırmaqdır. Buna isə heç kəs mane olmur.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

11 İyun 2021 00:21 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə