Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq Azərbaycanın mövqeyini daha da möhkəmləndirir

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirir, əməkdaşlığı genişləndirir, bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. Ötən il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. 44 günlük müharibə Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü dünyaya nümayiş etdirdi. Artıq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, eləcə də, beynəlxalq təşklatların sayı getdikcə artır. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, müstəqil dövlətimiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ümumiyyətlə, ölkəmiz beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, respublikamızda həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, indiki dinamik inkişafı şərtləndirib.

 

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq miqyasda əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra qar­şıya qoyulan prioritet vəzifələrdən biri beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qu­rumların fəal üzvünə çevrilmək idi. Azərbaycan müstəqillik dövründə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı kimi bir çox təşkilata üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qurumunun təsisçilərindən biridir.

Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə də təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Xüsusilə, uğurlu enerji siyasəti getdikcə beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil ener­ji siyasəti regionun və regionətrafı coğ­rafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünya­nın enerji bazarında aparıcı ixracatçı­lardan birinə çevrildi. Bir çox dövlətlər, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlar artıq Azərbaycanı etibarlı strateji tərəfdaş kimi qəbul edir.

Azərbaycan 2011-ci ildə Qoşul­mama Hərəkatına üzv qəbul olun­muşdur. Bu təşkilat bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nü­mayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Qoşulma­ma Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüqu­qun norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanıb.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə ke­çirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, ina­mın və etimadın təzahürüdür. Eyni zamanda, bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirilir. Qoşulmama Hərəkatına ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.

Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sa­hibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugur­lar, hərtərəfli iqtisadi nailiyyətlər, Ermənistan üzərindəki parlaq qələbə respublikamızı regionda güc mərkəzlərindən birinə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, artıq bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Son illər dövlət başçımıza ünvanlanmış təbrik məktublarında da bu məqamlar öz əksini tapır. Həmin məktublarda Azərbaycanın Ermənistan üzərindəki parlaq qələbəsinin xüsusi vurğulan­ması ölkəmizin haqq işi uğurunda mübarizə aparmasına verilən yüksək dəyərin nümunəsidir. Bu baxımdan, Amerika Birləşmiş Ştatlarının Prezi­denti Co Baydenin Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundakı bəzi məqamları diqqətə çatdırmaq yerinə düşərdi.

Dünyanın supergüc dövlətinin başçısının təbrik məktubunda qeyd edilib ki, ABŞ Administrasiyası təhlükəsizliklə bağlı ümumi narahat­lıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. Qeyd edilir ki, ABŞ, həmçinin ölkəmizin iqtisadiy­yatının şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inki­şafı ilə bağlı səylərimizi dəstəkləyir. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. ABŞ Prezidenti, həmçinin Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığını bildirib. Bununla ayanşı, ABŞ-ın Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkan­ları nəzərdən keçirmək arzusunda olduğu da qeyd edilib.

Dünyanın başı üzərini korona­virus kabusu aldığı bir vaxtda da Azərbaycanın beynəlxalq təşkilatlara əlaqələri zəifləməmiş, əksinə, dövlətimizin başçısının təşəbbbüsü ilə bir sıra beynəlxalq təşkiatların video­format şəklində konfransı keçirilmiş­dir. Bu da Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolunu daha da gücləndirməkdədir.

Möhtərəm Prezidentimiz İlham Əliyev liderlik nümayiş etdirərək pan­demiyaya qarşı mübarizədə bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edib və həmin siyasəti bu gün də davam etdirir. “Gözəgörünməz düşmənlə mübarizə”də beynəlxalq təşkilatlarla birlikdə müzakirələr aparmaq dövlət başçımızın təşəbbüsü ilə reallaşmış­dır. Bəri başdan qeyd edək ki, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümum­dünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Digər tərəfdən, Prezident İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib. Dövlətimizin başçısının təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə zirvə görüşü keçirilib. Yeri gəlmişkən, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupunun COVID-19 pandemiyası­na həsr edilmiş onlayn zirvə görüşü də təşkil edilib. Bu tədbirdə Qoşul­mama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifa­qı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videoformatda keçirilən zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi, pandemi­ya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonf­rans formatında xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Dövlət başçımızın bu təşəbbüsünün qısa müddət ərzində BMT-nin 130-dək üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük inam və etimadının növbəti göstəricisidir. Bu təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Təşəbbüsü dəstəkləyən ölkələr dün­yanın bütün regionlarını əhatə edilib. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın üzvləri adın­dan BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xü­susi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Dövlət başçımızın həmin təşəbbüsü ilə BMT-nin COVID–19-la mübarizəyə həsr olunmuş xüsusi ses­siyası keçirilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi strategiya ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Son 10 il ərzində xarici ölkələrin Azərbaycanda açılmış diplomatik nümayəndəliklərin xronikası da təsdiqləyir: Ölkəmizdə 2010-cu ildə Fələstin Dövləti və İndoneziya Respublikasının səfirlikləri, 2011-ci ildə Serbiya Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri, 2012-ci ildə Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikasının səfirlikləri, 2013-cü ildə Sudan Respublikasının Səfirliyi, 2014-cü ildə Kolumbiya Respubli­kasının, Malayziyanın, İsveç Krallı­ğının, Meksika Birləşmiş Ştatlarının səfirlikləri, Xorvatiya Respublikası , İspaniya Krallığı və Estoniya Respub­likası səfirliklərinin ofisləri, 2015-ci ildə Əlcəzair Xalq Demokratik Res­publikasının və Portuqaliya Respub­likasının diplomatik ofisləri, 2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının səfirlikləri açılmış, Xorvatiya Respublikasının diplomatik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılmışdır. 2019-cu ildə Bakıda Slovakiya Respublikasının Səfirliyi, Monteneqronun Səfirliyinin ofisi fəaliyyətə başlamış, Əlcəzair Xalq Demokratik Respublikasının diploma­tik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılmışdır.

Bununla yanaşı, Türkiyə Res­publikasının Gəncə və Lənkəran şəhərlərində baş və fəxri konsulluqları, Portuqaliya və Makedoniya respubli­kalarının, həmçinin Efiopiya Federativ Demokratik Respublikasının, San Marino Respublikasının, Monqolusta­nın, Monteneqronun Bakı şəhərində fəxri konsulluqları açılmışdır. Görün­düyü kimi, faktlar da təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu getdikcə artır. Bu da dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu gün Prezident İlham Əliyevin dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasi kursu beynəlxalq aləmdə məmnunluqla qəbul olunur. Ölkə başçısı bu siyasəti müasir dövrün çağırışlarına və gələcəyin tələblərinə uyğun olaraq həyata keçirir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

11 İyun 2021 00:19 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə