Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropanın ən nüfuzlu futbol turniri paytaxtımızda

 

 Futbol azarkeşlərinin uzun müddətdir gözlədiyi Avro-2021 İtaliyanın paytaxtı Romanın məşhur “Stadio Olimpico” stadionunda bu gün keçiriləcək İtaliya – Türkiyə matçı ilə start götürəcək. Turnirin açılış qarşılaşması olan oyun Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. Bilindiyi kimi, normal şəraitdə dörd ildən bir keçirilən Avropa çempionatı keçən il pandemiyaya görə təxirə salınmış, turniri 2021-ci ilə keçirilmişdi. Bu il 24 milli komandanın iştirakı ilə baş tutacaq çempionata 11 şəhər evsahibliyi edəcək. Müxtəlif kateqoriyalar üzrə çoxsaylı testlərdən sonra təyin edilən bu şəhərlərin içində Bakı da yer alıb.

 

 “Küləklər şəhəri”ndə Avropa futbolunun nəsimi əsir

Bakı 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına evsahibliyi edərək bir daha təsdiqlədi ki, ölkəmiz nüfuzlu idman yarışlarının keçirilməsi üzrə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətinə və ənənələrinə sahibdir. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın öncəsində bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapmışdı. Xüsusi qeyd etmək lazımdır ki, həmin qarşılaşmanı izləmək üçün paytaxtı­mıza minlərlə xarici tamaşaçı gəlmişdi. Bu qədər əcnəbi qonağın iki gün ərzində pay­taxta gəlməsi əlbəttə bizim üçün müəyyən problemlər yarada bilərdi. İctimai nəqliyyatla, təhlükəsizliklə bağlı bir çox problem var idi. Biz daha əvvəl dünyanın fərqli şəhərlərində bu məsələ ilə bağlı xoşagəlməz halların yaşandığının şahidi olmuşduq. Həmçinin, hava limanlarında təyyarələrin, eləcə də, çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər yaşana bilərdi. Lakin biz xatır­layırıq ki, bütün müvafiq qurumlar, təşkilat komitəsi çox səmərəli iş gördülər. Bütün belə halların qarşısı alındı. Hətta ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final qarşılaşması nümunə kimi göstərilir. Çempionlar Liqasının final oyunları belə bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Ölkəmizdə olan nizam-intizam, qayda-qa­nun, təşkilati məsələlər, könüllülərin və bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunun təmin edilməsində həlledici rol oynayıb.

 

 Futbolun populyarlığından danışmağa ehtiyac yoxdur. Avropa və dünya çempionat­ları isə bu idman növünün ən kütləvi xarakter­li turnirləridir. Bu il paytaxt Bakı dünyanın ən çox izlənən idman yarışlarından birinin dörd oyununa evsahibliyi edəcək.

Əlbəttə, futbol üzrə Avropa çempiona­tının Bakıdakı dörd oyunu Azərbaycanın idman turnirləri təşkilatşılıq ənənələrində yeni bir mərhələnin başlanğıcı deməkdir. Biz əminik ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən, təşkilatşılıq qabiliyətini bir daha göstərəcəkdir.

Türkiyə yığması Bakıda özünü evində olduğu kimi hiss edəcək

Məlum olduğu kimi, Avropa çempionatı­nın A qrupunun 3, növbəti mərhələnin isə 1 oyunu paytaxtımızda keçiriləcək. A qrupun­da İtaliya, Türkiyə, Uels və İsveçrə milliləri növbəti mərhələ üçün mübarizə aparacaqlar. Əlbəttə, bu millilər arasında Türkiyəni görmək həm bizim, həm də qardaş ölkə üçün xüsusi önəm kəsb edən hadisə idi. Belə ki, 2019-cu ildə keçirilən püşkatma mərasimindən sonra Türkiyə milli komandasının baş məşqçisi Şənol Günəş qeyd etmişdi ki, ilk dəfədir onlar üçün qrupdakı komandalar yox, oyunların keçiriləcəyi şəhərlər daha böyük məna ifadə edəcək: “Biz daha əvvəl də dünya və Avropa çempionatlarında çıxış etmişik. Amma ilk dəfədir qrupdakı komandalardan çox şəhərlər bizi həyəcanlandırır. Biz Azərbaycanın A qru­pu üzrə təyinat almasından sonra bu qrupa düşmək istəyirdik ki, belə də oldu. Əslində, biz səfər olaraq uzaq şəhərlərə — Roma və Bakıya gedəcək olsaq da, deyə bilərəm ki, iki qarşılaşmanı doğma meydanda evsahibi kimi oynayacağıq. Azərbaycan bizim üçün öz evimiz kimidir. Və düşünürəm ki, bu məqam bizim lehimizə olacaq”.

Daha sonra mediaya açıqlama verən Türkiyə Futbol Federasiyasının prezidenti Ni­hat Özdəmir də xüsusi qeyd etmişdi ki, püş­kün A qrupuna düşməsi onlar üçün çox böyük məna ifadə edir. Nihat bəy qeyd etdi ki, “bir millət, iki dövlət” olduğumuz Azərbaycanda keçiriləcək oyunları xarici ölkədə deyil, Türkiyənin hansısa bir şəhərindəki qarşılaş­malar olaraq düşünürlər.

Oyunlara hazırlıq tamamlanmaq üzrədir

Qeyd olunduğu kimi, Bakı Avropa çempionatının 4 oyununa evsahibliyi edəcək. Turnirə hazırlıq mərhələsi tamam­lanmaq üzrədir. Artıq Uels və İsveçrə millisi Azərbaycana gəlib. Türkiyə millisinin isə Romadakı ilk oyundan sonra Bakıya gəlməsi nəzərdə tutulur. Həmçinin, qeyd etmək lazımdır ki, ölkəmizə gələn milli komanda­ların məşq prosesləri üçün nəzərdə tutulan stadionlar da müəyyən edilib. Belə ki, Uels millisi Tofiq Bəhramov adına Respublika Stadionunda, İsveçrə millisi Dalğa Arenada, Türkiyə millisi isə “Bakcell” Arenada oyunlara hazırlaşacaq.

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirdi ki, hazırda bütün oyunlara bilet satışı davam edir. Azərbaycanlı azarkeşlərin daha çox qardaş Türkiyənin oyunlarına bilet aldı­ğını qeyd edən F.Abdulla xüsusi vurğuladı ki, oyun günlərində azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün stadionun yaxınlığında bilet satışı həyata keçirilməyəcək. Biletlərin satışı oyunlardan bir gün əvvələ qədər da­vam edəcək. Şəhərimizdə iki nöqtədən Bakı Olimpiya stadionuna azarkeşləri gətirəcək ekspres avtobus xətləri fəaliyyət göstərəcək. Bu xətlərdən biri Səməd Vurğun bağının yaxınlığından – digəri isə metronun “Qara Qarayev” stansiyasınından yola düşəcək. Oyun günləri metro da açıq olacaq. Taksi xidməti ilə də stadiona gəlmək mümkündür. Şəxsi avtomobillərdən istifadə olunmaması tövsiyə edilir.

Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə isə qeyd etdi ki, pandemiyanın gətirdiyi dəyişikliklər təkcə stadionda 50 faiz tamaşaçı tutumu ilə məhdudlaşmır. Bu il biz ənənəvi ola­raq öyrəşdiyimiz mətbuat konfranslarını görməyəcəyik. Burada jurnalistlər sualları­nı xüsusi təyin edilmiş proqram vasitəsilə məşqçi və futbolçulara ötürəcəklər. Onlar da öz növbəsində sualları eyni qayda ilə cavab­landıracaqlar.

Turnir çərçivəsində stadionun giriş məntəqələrində tribunalara daxil olarkən qida köşklərinin qarşısında ara məsafəsini qoru­maq üçün xüsusi nişanlar qoyulub. Burada hər hansı bir ünsiyyətin olmaması üçün şüşə arakəsmələrdən istifadə ediləcək. Tamaşa­çıların bilet yoxlanışından öncə hərarətləri yoxlanacaq. Hərarəti yüksək olan azarkeşlər isə tibb məntəqəsinə göndəriləcək.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək ilk oyun iyunun 12-də saat 17:00-da Uels və İsveçrə milliləri arasında olacaq. İyunun 16-da Türkiyə–Uels matçı saat 20:00-da, Türkiyə–İsveçrə oyunu isə iyunun 20-də eyni saatda keçiriləcək.

İmran ƏLİYEV, “Xalq qəzeti”

11 İyun 2021 00:05 - İDMAN
İDMAN
20 İyun 2021 | 00:35
Dünyanın ən populyar adamı
19 İyun 2021 | 01:02
UEFA-nın açıqlaması
19 İyun 2021 | 00:42
Hollandiya pley-offda

Köhnə versiyamızdan xəbərləri izlə