Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dövlətçilik tarixinin ən şanlı zəfər mərhələsini yaşayır

 

 Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti aparırdı. Beynəlxalq aləm isə bütün bunları, sadəcə olaraq, müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmir, sadalanan qətnamələr yerinə yetirilmirdi. Beynəlxalq qurumlar tərəfindən də problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev isə münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, erməni tərəfi əməlindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” fikrindən daşınmırdı.

 

 

 Nəhayət, bütün bu ikili standart­lar, eyni zamanda, düşmən ölkənin mütəmadi təxribatları, həmçinin ötən il sentyabrın 27-də ölkəmizə qarşı hücum əməliyyatı Azərbaycanın, necə deyərlər, səbir kasasını daş­dırdı. Silahlı qüvvələrimiz əks həmlə əməliyyatına başlamağa məcbur oldu.

Xalqımız “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, – deyən Ali Baş Ko­mandan İlham Əliyevin ətrafında sıx birləşdi, bu inam, bu həmrəylik isə Vətən müharibəsində əldə edilən möhtəşəm qələbəmizi şərtləndirdi. Bu, Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imza­lanan üçtərəfli bəyanatla təsdiqləndi. Beləliklə, ölkəmiz həm döyüş mey­danında, həm də danışıqlar masası arxasında istəyinə nail oldu. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinə son qoyuldu.

Son 17 il ərzində Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmaması isə silahlı qüvvələrimizin qüdrətlənməsinə, dün­yanın ən güclü orduları sırasına daxil olmasına zəmin yaratdı, 44 günlük Vətən müharibəsində uğur qazan­maq potensialımızı gerçəkləşdirdi. Azərbaycanda bu və ya digər ma­raqları olan qüvvələr dövlətimizin, ordumuzun gücünü, iradəsini gördü, dövlət başçımızın vurğuladığı kimi, “hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”. Ermənistanın yaratdı­ğı mif, əfsanə isə dağıldı, düşmənin “yenilməz” ordusu məhv edildi.

 

 Azərbaycan Ordusundan söz düşmüşkən, qeyd edək ki, sava­şa qədər Ermənistanın təcavüzkar niyyətindən əl çəkməməsi nəzərə alınaraq silahlı qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi daim diqqət mərkəzində idi. Ordu­muzun ən müasir silah-sursat və hərbi texnika ilə təchizatına mühüm önəm verilirdi, kadr hazırlığına xüsusi diqqət yetirilirdi. Bu, Azərbaycan Ordusuna yönəldilən hərbi xərclərin ildən-ilə artırılmasında da özünü aydın göstərirdi. Belə ki, əgər 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 135 milyon ABŞ dolları idisə, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilmişdi.

Vətən müharibəsində ədalətin zəfər çalması–Azərbaycanın möhtəşəm qələbəsi ilə Ermənistan bu gün tarixinin ən ağır, ən rüsvayçı dövrünü yaşayır. Düşmən ölkə işğal siyasətinin sonunun bu cür dəhşətli sonluqla yekunlaşacağını təəssüf ki, indi başa düşür. Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda aparılan müzakirələrdə bununla bağlı deyib: “Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşı­lıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır...”.

Dövlətimizin başçısının vurğuladı­ğı kimi, Ermənistan uzun illər ərzində işğalçılıq siyasəti yürütdüyündən Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum olub, iqtisadiyyatı, demək olar ki, çöküb, əhalisinin sosial şəraiti ağır­laşıb. Bütün bunlar isə düşmən ölkənin İkinci Qarabağ müharibəsində məğlubiyyətini, ərazimizdən çıxmasını şərtləndirib. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi, demək olar ki, həll edilib.

Onu da deyək ki, respublikamızın enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, Ermənistan isə kənarda saxlanılmaq­la, regionun iki ölkəsinə – Gürcüs­tan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb.

İndiki şəraitdə isə düşmən anla­malıdır ki, Ermənistanın dirçəlməsi, in­kişafı qonşuları, xüsusilə Azərbaycan ilə dinc, yanaşı, sülh şəraitində yaşamasından asılıdır. Belə halda, şübhəsiz ki, qoşulacağı gələcək layihələrdə iştirakı onu indiki böhran vəziyyətindən xilas edə bilər. Əks təqdirdə, daxili çaxnaşma–vətəndaş qarşıdurması və ən başlıcası isə Azərbaycanın “dəmir yumruğu” ilə yenidən üzləşə bilər.

Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrindəki çıxışında bu barədə ətrafı bəhs edərək, respublikamızın Ermənistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib, Azərbaycanın bu istiqamətdə qarşı tərəfə nümunə göstərdiyini, humanitar sahədə hu­manist addımlar ataraq müharibədən sonra münaqişə zonasında qa­lan Ermənistan vətəndaşlarının vətənlərinə göndərildiyini vurğulayıb.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, təəssüf ki, indiyədək bu məsələ ilə bağlı Ermənistan tərəfindən uyğun addımlar atılmır, başqa sözlə, təşəbbüslər göstərilmir. Məsələn, müharibə bitəndən sonra Ermənistan minaladığı ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olması­na səbəb olur.

Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirməsinin sübutudur. Ermənistanın vaxtilə işğal atlında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir.

Ümumiyyətlə, Ermənistan möv­cudluğu dövründə daim militarist siyasətə üstünlük verib, bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Müstəqillik illərində isə iqtisadiyyatını dirçəltmək, əhalinin sosial şəraitini yaxşılaşdırmaq əvəzində, bütün mad­di resursunu silah-sursata sərf edib, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb. Belə bir vəziyyət isə qonşu ölkələrin sosial-iqtisadi inkişafına mənfi təsir göstərib.

Burada bir məqamı da xatırlatmaq istərdik. Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan imzalanan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, bir güllə belə atılmadan, heç bir itki verilmədən işğal edilən ərazimizin qalan hissəsi– əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Sözügedən bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqti­sadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının re­allaşdırılması nəzərdə tutulur. Fev­ralın 14-də Prezident İlham Əliyevin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il yanva­rın 11-də reallaşan üçtərəfli görüş zamanı da nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu olub. Görüşün gedişində imzalanan yeni bəyanata əsasən, 10 noyabr bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusi­ya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. Həmin qrupun iclasın­da isə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılan digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlanıb.

Yeri gəlmişkən, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılma­sını, nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Dövlətimizin başçısı bu dəhlizin əhəmiyyəti barədə çıxışlarının birində deyib: “Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümu­mi gələcəyimizin planlaşdırılma­sına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. La­kin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlan­dıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yolla­rına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də av­tomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsinin formalaşmasına başla­nılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yara­dıb. Məhz ölkəmizinn təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq- Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

11 İyun 2021 00:00 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə