Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan alimləri vəhşi ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi üsulunu ixtira ediblər

 

 

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşları yeni elmi uğura imza atıblar.

Mərkəzin Tut ipək qurdunun selek­siyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.

ŞREM-dən verilən məlumatda bildirilir ki, ixtiranın müəllifləri Z.Şükürova, ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Y.Şükürlü, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru F.Əzizov və Tut ipək qurdunun selek­siya şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Q.Bəkirovdur.

İxtiranın yeniliyi ondan ibarətdir ki, Saturniidae ailəsinə aid olan “Satur­nia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb.

İlkin nəticələr göstərir ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan “Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır.

Qeyd edək ki, bu ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla “Azərbaycan Respublikasında bara­maçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqra­mı” üzrə ŞREM-ə tapşırılmış Tədbirlər Planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.

Hazırda mərkəzin alimləri tərəfindən bu istiqamətdə tədqiqatların genişləndirilməsi, daha uğurlu nəticələrin əldə olunması planlaşdırılır.

“Xalq qəzeti”

10 İyun 2021 00:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə