Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xalqı həmişə öz köklərinə bağlı olub

 

Hər bir xalqın tarixi, milli-mənəvi dəyərləri onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin ayrı-ayrı dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə, özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistemli formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək xalqımızın qarşısında mühüm vəzifə kimi dayanırdı. Bunun üçün sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi.

Ulu öndər Hedər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mənəvi dəyərlərinin himayədarı olmuşdur. O, xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşatmış, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qorumuş, əbədiyaşarlığını təmin etmişdir.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur: “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”.

Dövlət başçımız deyir ki, biz mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıyıq, onu qoruyub gələcək nəsillərə çatdırma­lıyıq. Xalqımız özünün milli-mənəvi irsinə -- onu bütövləşdirən və zənginləşdirən faktorlara -- dil, din, adət-ənənə, eyni zamanda, birgəyaşayış mühiti və tole­rantlıq kimi xüsusiyyətlərə söykənərək, bəşəriyyətin mürəkkəb və ziddiyyətli sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmış­dır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyada­raq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.

Mənəvi dəyərlərin qorunması və təbliği sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ölkəmizdə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradıl­masıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılmışdır. Nizamnaməyə əsasən, fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılma­sına dövlət dəstəyini təmin edir.

Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli-mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bu günədək qo­runub saxlanılıb. Milli dövlətin formalaş­ması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Eyni zamanda, xalqımızın zəngin ənənələrini yaşadan milli sərvətlər sırasında tarixi abidələrimiz xüsusi yer tutur. Əsrlərin sınağından keçərək, müasir mərhələyə gəlib çatmış tarixi abidələr xalqımızın həyat salnaməsini özündə ehtiva etməklə yanaşı, həm də maddi mədəniyyət nümunələridir. Bu məqamda qeyd etmək lazımdır ki, son illərdə respub­likamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Abidələrin bir çoxunda bərpa-konservasiya, elmi-tədqiqat işləri aparılıb, tarixi ərazilərdə qoruqlar yaradılıb. Həmçinin, müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verir.

Erməni vandalları 30 ilə yaxın işğal altında saxladıqları Qarabağ torpağında milli dərərlərimizə qarşı vəhşiliklər törətmiş, tarixi, mədəni və dini abidələrimizi yerlə -yeksan etmişlər. Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 tarix və mədəniyyət abidəsi qalmışdı. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion darmadağın edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.

Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muze­yinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoy­muş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşü­naslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşü­naslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.

Erməni millətçiləri xalqımızın ta­rixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk–müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin, Zəngilan və Qubadlı məscidlərinin içərisində donuz saxlamaq­la azərbaycanlıların dini heysiyyətləri ilə oynayıblar.

Biz torpaqlarımizi azad etmişik və bu gün artıq mədəniyyət və tarixi abidələrimiz bərpa edilməkdədir.

Torpaqlarımızı azad etməklə biz öz milli dəyərlərimizi də azad etdik. Bu gün bu dəyərlər yenidən öz doğma sahibinin ixtiyarındadır. Bu dəyərlər bizim üçün olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin əhəmiyyətini vurğulayaraq demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxla­yan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

10 İyun 2021 00:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə