Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa senatoru mina xəritələrinin Azərbaycana verilməsini tələb edir

 

 

Bugünlərdə Fransa Respublikasının senatoru, xanım Natali Qule Fransa­nın Avropa və xarici işlər nazirinə müraciət edərək Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yazılı sual ünvanlayıb. Bu barədə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–Fransa Parlamentlərarası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, Natali Qulenin Senatın müraciətlər jurnalında qeydiyyatdan keçmiş 23090 saylı sualı 3490-cı səhifədə dərc olunub. Sualın mətnində deyilir:

“Azərbaycan 1992-ci ildən bəri Ermənistanın işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra çətin bir vəziyyətlə üzləşib. Əslində, uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasının çoxsaylı tövsiyələrinin mövzusu olan dağıntılarla yanaşı ərazilərin minalardan təmizlənməsi məsələsi də olduqca vacibdir.

Ermənistan, beynəlxalq hüquq normalarına zidd olaraq, minaların yerləşdirilməsi xəritələrini verməkdən imtina edir. İşğal etdikləri Laçın, Ağdam, Kəlbəcər və digər əraziləri tərk edərkən məğlub olduqlarını bilən ermənilər əraziləri minalayıblar. Bu xəritələrin verilməməsi səbəbindən piyada və tank əleyhinə minaların partlaması nəticəsində 20 mülki şəxs həyatını itirib və daha 85 nəfər ağır yaralanıb.

Ermənistanın xəritələri Azərbaycan hökumətinə təqdim etməsi üçün Fransa hökumətinin hansı addımları atmaq istədiyini bilmək istərdim və bununla bağlı Avropa və Xarici İşlər Nazirliyindən cavab gözləyirəm”.

Deputat Cavanşir Feyziyev qeyd edib ki, senator Natali Qule Ermənistan–Azərbaycan münaqişəsinin mövcud olduğu bütün müddət ərzində ermənilərin işğal siyasətinə qəti etiraz edən və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ardıcıl olaraq dəstəkləyən Fransa siyasətçisidir. Azərbaycanın etibarlı dostu Natali Qule 25 noyabr 2020-ci ildə Fransa Senatında müzakirə olunaraq Azərbaycan əleyhinə qəbul olunmuş qərəzli Qətnamənin əleyhinə səs vermiş yeganə senator olub.

Xatırladaq ki, Natali Qule bu məktubu öz ölkəsinin xarici siyasət idarəsinə Azərbaycan vətəndaşlarının– AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və onlara bələdçilik edən icra məmuru Arif Əliyevin təhlükəli zona kimi xatırlanan Kəlbəcər rayonu ərazisində tank əleyhinə minaya düşərək həlak olmalarından bir gün qabaq göndərib.

R.TAHİR,“Xalq qəzeti”

10 İyun 2021 00:55 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə