Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar ölkəmizin böyük potensialını hərəkətə gətirib

Prezident İlham Əliyevin müdrik liderliyi ilə son 18 ildə Azərbaycan qlobal miqyasda yeniliyə, kreativ düşüncəyə, çevik idarəetməyə açıq olan bir ölkə kimi ad və nüfuz qazanıb. Dövlətimizin başçısı cənab İlham Əliyev isə bu gün dünya çapında islahatçı lider kimi tanınaraq sevilir.

Hər şey göz qabağındadır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar ölkəmizin təbii və intellektual potensialını hərəkətə gətirib. Azərbaycanda bütün sahələrdə davamlı inkişaf baş verir. Ölkənin maliyyə və iqtsadi imkanları genişlənib, hərbi qüdrəti yüksəlib. Azərbaycan vətəndaşının rifahı durmadan yaxşlaşır.

Dünyada öz ölkələrində islahatlar kursu elan edən dövlət başçıları çox olub. Onların heç də hamısı bu sahədə real uğurlar qazana bilməyiblər. Yalnız xalqını sonsuz məhəbbətlə sevən, onun intellekt və bacarığına güvənən, eyni zamanda vətəndaşın dərin inam və etimadını qazanan liderlər ölkələrində uğurlu dəyişikliklər həyata keçirməyə müvəffəq olurlar.

Azərbaycan Prezidenti məhz belə uğurlu və xoşbəxt liderlərdəndir. Dövlətimizin baş­çısı yüksək ağlı, dərin intellekti, qeyri-adi səriştə və bacarığı ilə ölkəsini dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirə bilmiş­dir. Ölkəmizin hər bir sakini bundan sonsuz qürur duyur.

Bu gün Azərbaycan öz tarixi­nin ən şərəfli dövrünü yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaəti sayəsində xalqımız Vətən müharibəsində tarixi zəfər qazan­mışdır. Bu şanlı qələbə insanların qurub-yaratmaq əzmini, sabaha inamını daha da artırmışdır.

Xüsusilə maraqlı və qürurverici məqam odur ki, ölkəmizdə isla­hatlar doğma Qarabağın erməni işğalından azad edilməsinə hazırlıq işləri və 44 günlük Vətən müharibəsindən sonra azad olun­muş ərazilərdə başlanan böyük bərpa, tikinti-quruculuq işləri ilə pa­ralel surətdə aparılmışdır və apa­rılmaqda davam edir. Azərbaycan vətəndaşı bu prosesin fərqindədir. O, ölkəsinin intibahının təkcə şahidi deyil, həm də iştirakçısıdır.

Azərbaycanda islahatlar həyatın bütün sferalarını əhatə edir. Gəlin siyasi sferadan baş­layaq, çünki bu sahədə aparılan dəyişikliklər daha böyük risk və cəsarət tələb edir. Azərbaycan iqti­darı bundan heç vaxt çəkinməyib, hər zaman milli mənafelər naminə dialoqa hazır olub. Bu gün ölkəmizdə bərqərar olmuş siyasi plüralizm, məhz bu amildən qay­naqlanır.

Bu il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qu­rultayında Prezident İlham Əliyev demişdir: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, ölkəmizdə islahatların ən mühüm istiqamətlərindən birini ictimai-si­yasi institutlaşma və siyasi sistemi­mizin təkmilləşdirilməsi təşkil edir. Onun fikrincə, hər bir ölkənin siyasi sistemi özünün struktur elementləri ilə tamdır və ictimai-siyasi proseslərin keyfiyyətini təyin edir.

Hər bir sivil və azad cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi lokomotiv institutları, şübhəsiz ki, siyasi partiyalardır. Onların fəaliyyəti, fəaliyyətsizliyi, yaxud fəaliyyətinin ictimai faydalılıq əmsalı göstəriciləri siyasi sistemin inkişafı üçün əsas şərt kimi çıxış edir. Bu, həm də siyasi sistemi­mizin hesabatlılığı üçün olduqca vacibdir.

H.Babaoğlu sonra qeyd edib ki, müxtəlif dövrlərdə bu münasibətlər passiv, dinamik, dəyişkən və bəzən də qarşıdurma vəziyyətində olub. Siyasi partiyalar ölkədaxili milli çağırışlar kontekstində cəmiyyətin gözləntiləri ilə ayaqlaşmağa çalışsalar da, bəzən bu fəallıq, sadəcə, seçkilərdə iştirakçılıqla məhdudlaşıb.

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə də islahatlar dərinləşmişdir. Görünən budur ki, ölkənin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlamışdır. Belə ki, Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərmiş, beləliklə də, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy, immunitetqabiliyyətli yetkin bir sistem olduğunu göstərmişlər.

Bu gün islahatların açdığı geniş imkanlardan, təbii ki, ən çox ölkə iqtisadiyyatı bəhrələnir. Hazırda Azərbaycan iqtisadi sahədə istər iqtisadi artım, istərsə də adam­başına düşən valyuta ehtiyatları baxımından ən qabaqcıl yerlərdən birini tutur. Təsadüfi deyil ki, Davos İqtisadi Forumu kimi çox nüfuzlu beynəlxalq təşkilatın son hesaba­tında ölkəmizin iqtisadi uğurları yüksək qiymətləndirilib. Qeyd olu­nub ki, Azərbaycan çox az sayda ölkələrdən biridir ki, onun valyuta ehtiyatları xarici borcundan çoxdur. Konkret rəqəm çəkmək olar: Bu gün ölkəmizin valyuta fondu xarici borcundan 5-6 dəfə çoxdur.

Prezident İlham Əliyev aprelin 28-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans forma­tında görüşü zamanı ölkəmizlə forum arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu ölkəmizdə qeyri-neft sek-torunun inkişafı sahəsində uğurla əməkdaşlıq edir.

Görüşdə dövlət başçısı Dün­ya İqtisadi Forumunun Dördün­cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin MDB regionunda ilk olaraq Bakıda yaradılmasına görə minnətdarlığını bildirib, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisi­yaların cəlbi baxımından mərkəzin böyük rol oynayacağını bildirib. Beləliklə, iqtisadi islahatlar istər regional, istərsə də beynəlxalq səviyyələrdə əməkdaşlıq şəraitində uğurla həyata keçirilir və özünün müsbət nəticələrini verir.

Bu yerdə möhtərəm Prezidentin başqa bir görüşünü xatırlatmaq yerinə düşərdi. Belə ki, cənab İlham Əliyev bu il mayın 25-də “Signify” (əvvəlki adı “Philips Ligh­ting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı qəbul edərkən şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı məsələləri müzakirə edib, görülən işlərdən məmnunluğunu bildirib. E.Rondolat da Azərbaycanda apa­rılan genişmiqyaslı islahatlar, yara­dılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçı­sına minnətdarlıq edib. O, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, tətbiq olunmuş yeni texnolo­giyalar sayəsində layihələrdə elekt­rik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq.

Azərbaycan dövləti aqrar sektorda da geniş və düşünülmüş islahatların həyata keçirilməsinə böyük önəm verir. Məlumdur ki, hər bir ölkənin hərtərəfli tərəqqisi üçün kənd təsərrüfatının sürətli və davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Çünki əhalinin ərzaq təhlükəsizliyini təmin etmək ölkənin sərhədlərini qoru­maq qədər vacibdir.

Azərbaycanda 2004-cü ildən başlayaraq, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə region­ların inkişafı istiqamətində uğurla həyata keçirilən dövlət proqram­ları bölgələrdə yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradıl­masına, son nəticədə əhalinin güzəranının, daha da yaxşılaşma­sına səbəb olmuşdur.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rza­yev qeyd etdi ki, son 18 ildə bu istiqamətdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur. Özünüz təsəvvür edin, 2003-2020-ci illər arasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir.

Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ekspertlər hesab edirlər ki, Milli prioritetlər ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə risklərin azalmasına, sahələrin sürətli inkişafına töhfə verəcək. Sənəddə digər sahələr kimi, aqrar sektorun da hərtərəfli inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Biz yuxarıda əsasən siyasi partiyalarla iş, iqtisadi və aqrar sahələrdə aparılan islahatlardan, onların nəticələrindən söhbət aç­dıq. Mütləq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda məhkəmə-hüquq, media, ərazi idarətmə və digər sahələrdə aparılan islahatlar kursu davamlı olaraq dərinləşir. Ölkəmizdə son kadr islahatla­rı, xüsusilə gənc, perspektivli gənclərin məsul vəzifələrə irəli çəkilməsi əhali tərəfindən razlılıqla qarşılanır.

Azərbaycanda,eyni zamanda, sosial islahatlar uğurla aparılır. Prezident İlham Əliyevin qeyd et­diyi kimi ölkədə yoxsulluğun aşağı səviyyəyə düşməsi iqtisadi islahat­ların uğurla aparılması ilə bağlıdır. Ötən il Azərbaycanda 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubdur. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il bu göstəricilərin daha yüksək olacağı gözlənilir.

Bəli, bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan bir ölkədir. Ölkəmizdə islahatlar görün­tü xətrinə deyil, ölkədə real, pozitiv dəyişkliklərə nail olmaq naminə aparılır. Vətəndaşlarımız islahatla­rın real bəhrəsini öz həyatlarında hiss edirlər və fəal surətdə bu prosesə qoşulurlar. Bütün bunlar Azərbaycanı sivil dünyanın sürətli inkişaf “qatarı”nda layiqli yer tutma­sına şərait yaradır.

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

10 İyun 2021 01:00 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə