Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının "Xalq qəzeti"nə müsahibəsi - EKSKLÜZİV

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə müsahibəni “Xalq qəzeti”nin oxucularına təqdim edirik.

 

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Univer­sitetinin Sosiologiya fakültəsini bitirib. Böyük Britaniyanın Man­çestr Universitetində doktorluq müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. 2007, 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. NATO PA-nın üzvü olub. Türkiyə – Avropa İttifaqı parlament komissi­yasının üzvüdür.

 

3 aprel 2021-ci ildə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. İngilis, alman və ərəb dillərini bilir. Ailəlidir, 3 övladı var.

 

-Cənab səfir, yeni təyinatınızla bağlı Sizi təbrik edir, bizə zaman ayırıb qəbul etdiyiniz üçün şəxsinizə təşəkkürümüzü bildirirəm.

 

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir- birinə bağlı, yaxın olan ölkələr yox­dur. Azərbaycan ilə Türkiyə arasında ortaq kök, din, dil, tarix, ədəbiyyat, mədəniyyət, adət və ənənələr, həmçinin ölkələrimizin siyasəti bu bir­liyin təməlində dayanan əsas amillərdəndir. Sizcə, iki dövlət arasında münasibətləri dünya­da bənzərsiz edən daha hansı amillər var?

 

- Əvvəla, Azərbaycan xalqı­na fikirlərimi çatdırmaq imkanı yaratdığınız üçün “Xalq qəzeti”nə təşəkkürümü bildirirəm. Siz də ifadə etdiyiniz kimi, münasibətlərin təməlində eyni kökə sahiblik var. Biz türkük, eyni coğrafiyanın insanlarıyıq, yurdumuz bəllidir. Di­limiz, dinimiz, adət-ənənələrimiz, anlayışımız kök etibarilə birdir. Bu birliyi rəhmətlik Heydər Əliyev ən gözəl şəkildə ifadə edib: “Bir millət, iki dövlət”. Əslində qarda­şıq, amma böyük-kiçik münasibəti yoxdur. Biz əkiz qardaşıq. Zaman­la bəzi xalqlar birlikdə yaşadıq­ları cəmiyyətlərdən, rejimlərdən daha çox təsirlənirlər. Biz uzun müddət Avropa ilə iç-içə yaşadıq, amma heç bir zaman kimliyimi­zi, dilimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, əlaqələrimizi itirmədik. Hər nə qədər bu coğra­fiya bolşevik, sovet imperiyasının tərkibində olsa da, Azərbaycan xalqı da öz kimliyini qorudu. Bu gün biz daha gözəl bir gələcək üçün birlikdə addımlar atırıq.

 

- Türkiyə ilə Azərbaycan ara­sında əməkdaşlıqda ən böyük uğuru necə şərh edərdiniz?

 

- Qardaşlığımız ölkələrimiz ara­sında ən böyük şansdır. Buna görə də Türkiyə ilə Azərbaycan arasında istənilən sahədə əməkdaşlıq uğur­ludur. Diplomatik, iqtisadi, ticari, hərbi sahələrin hər birində ən üst səviyyədə olan iş birlikləri var.

 

- II Qarabağ müharibəsinin gedişində Türkiyə Azərbaycana böyük mənəvi -siyasi dəstək verdi, 10 dekabr Zəfər pa­radında da bütün dünya, beynəlxalq ictimaiyyət Türkiyə – Azərbaycan qardaşlığının, hərbi tərəfdaşlığının şahidi oldu. Strateji tərəfdaşlığın gələcəyini necə görürsünüz?

 

- Öncə, Qarabağ Zəfərinə görə Azərbaycan xalqını, qəhrəman ordusunu və onun Zəfər Ko­mandanı cənab İlham Əliyevi təbrik edirəm. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi rəhmətlik Heydər Əliyevin vəsiyyəti idi. Və Heydər Əliyevin xalqı, övladı işğala son qoy­du, bu vəsiyyəti yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri rəhmətlə anıram, ailələrinə səbir diləyirəm. Şəhidlərimizin övladları sizə və bizə əmanət. Yaralılara, qazilərə də uzun ömürlər, şəfalar diləyirəm. Qarabağ Zəfəri önəmli bir dönüş nöqtəsidir. İşğal edilmiş torpaqların ilk dəfə müharibə yolu ilə azad olunması yolunda verilən mücadilənin adıdır. Sizin də qeyd etdiyiniz kimi, bu zəfərin qazanıl­masında Türkiyə mənəvi və siyasi dəstək verib. Bundan sonra da ərazi bütövlüyünün qorunması yönündə Azərbaycanın yanında­dır. Və Türk dünyası da yanında olacaqdır. Artıq Azərbaycan dünyada ərazi bütövlüyünü təmin edən güclü dövlətdir. Şərqdən Qərbə keçən bütün dəhlizlərin mərkəzi Azərbaycandır. Bundan sonrakı əlaqələr strateji önəm da­şıyır. Türkiyə bu strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün Azərbaycanla müzakirələr aparır.

 

- İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış dövründə bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin hansı sahələrdə iştirakı planlaş­dırılır?

 

- Əvvəlcə Qarabağın mina­lardan təmizlənməsi önəmlidir. Türkiyə bu istiqamətdə texniki təchizat daxil olmaqla lazımi dəstəyi verir. Əsas məqsəd tez bir zamanda yolların açılması­dır. İnsanların məcburən tərk etdikləri ata yurdlarına, doğul­duqları torpaqlara qayıdışı, təkrar məskunlaşması ilə bağlı demoq­rafik strukturun planlaşdırılma­sıdır. Kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, sənaye üzrə əhalinin məşğulluğunun təmin edilməsində, doğma torpaqlarına qayıdan insanların işləyəcəkləri sahələr üzrə peşə və təhsilin verilməsində, yeni infrastrukturun qurulmasında və bərpa işlərinin təşkilində Türkiyə dövləti və türk şirkətləri hər cür dəstəyi verməyə hazırdır. Türkiyə sadəcə infrast­rukturda deyil, digər sahələrdə də iştiraka hazırdır. Bu işlər artıq texniki səviyyədə icra olunur. Bu gün bir çox mütəxəssis ətraf mühit, kənd təsərrüfatı, hey­vandarlıq sahələrində aidiyyatı üzrə nazirliklərlə görüşlər aparır. Toxumçuluqdan meyvəçiliyə, heyvandarlıqdan suvarma­ya, meşəçiliyə qədər müxtəlif sahələrdə bilik və bacarıqlarını tətbiq etməklə, eyni zamanda bu sahələr üzrə təhsil verməklə Qarabağa Böyük Qayıdışa töhfə verməyə çalışırlar. Bu iş birliyi bölgələr üzrə həyata keçirilir. Əvvəlcə Şuşanın tikinti və adadlı­ğı, daha sonra Ağdamın yenidən qurulması istiqamətində bərpa - inşaat işlərinə başlanılıb. Cümhur başqanlığının, hökumətin elanına əsasən Türkiyə iştirakı tələb olu­nan hər yerdə var.

 

- Dünya ictimaiyyəti II Qa­rabağ müharibəsində Türkiyə müdafiə sənayesinin məhsulu olan “Bayraktar” pilotsuz uçuş aparatlarının gücünü gördü, türk mütəxəssislərinin intellek­tinin şahidi oldu. Son illərdə Türkiyə müdafiə sənayesinin sürətli inkişafı nə ilə bağlı­dır? Azərbaycanda müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili nəzərdə tutulurmu?

 

- Türk sənayesinin, xüsusilə müdafiə sənayesinin inkişa­finı söylədiniz. Bildiyiniz kimi, Türkiyə və Şimali Kipr embarqo ilə qarşılaşdı. Türkiyə haqlı olaraq müdaxiləsini etdikdə burda silah embarqosu kimi bəzi problemlər yaşadı. Bu embarqo dövlətimiz üçün önəmli bir dərs oldu. Dərs belədir: öz texnologiyanızı inkişaf etdirməyənə qədər asılılıq davam edər. Türkiyə insan resurslarına böyük investisiya qoyur. İllərdir, 1950-ci illərdən hər il minlərcə insan xaricdə bakalavr, magistr, doktorluq üzrə təhsil alır. Və bu tələbələr ölkəsinə xidmət üçün təkrar geri dönürlər. Təkrar edirəm, inkişafın önəmi də buradadır: biz hər sahədə insan intellektinə böyük investisiya qoyuruq. Bəhs etdiyiniz müdafiə sənayesi texnologiyalarını, “Bayrakdar”ı, SEHA-nı öz insan resurslarımızla ortaya qoyuruq. İnsan resurslarına investisiyalarla bağlı bu nəticəyə gəlmək olar: İn­sana qoyulan investiya, ən dəyərli investiyadır. Bunun məhsulu da Qarabağ Zəfərində imzası olan, önəmli iştirakı olan texnologiyaların varlığıdır. Bu gün dünyanın bir çox dövlətləri, o cümlədən, Ukray­na, Polşa, Macarıstan bizdən bu texnologiyaları satın almaq üçün sıradadırlar.

 

- Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində bu gün Türkiyə beynəlxalq aləmdə güc mərkəzlərindən birinə çevri­lib. Qardaş ölkə öz müstəqil, qətiyyətli və cəsarətli siyasəti ilə önəmli addımlar atır, sülhün və təhlükəsizliyin bərpasına töhfələr verir. Cənab səfir, Türkiyənin, xüsusilə son 10 ildə, dünya miqyasında artan nüfüzu­nu, qüdrətli dövlətə çevrilməsini şərtləndirən amillər hansılardır?

 

- Türkiyə zaman-zaman problemlər yaşasa da, hər dövrdə güclü oldu, ayaqları üzərində dur­du. Müəyyən dövrlərdə dünyada güc mərkəzlərində dəyişikliklər meydana gəlir. Bu gün Avropa İttifaqı, Avropa Şurası önəmli güc mərkəzləridir. Dünyanın gedi­şatını düzgün oxuyan Türkiyə öz strategiyaları çərçivəsində siyasət ortaya qoyur. Bu xarici siyasət eyni zamanda strateji əməkdaşlığa əsaslanır. Bu gün iqtisadiyyatı, sənayesi, ordusu ilə güclü bir Türkiyə var. Güclü ola bilmək üçün, hər şeydən əvvəl iqtisadiyyat güclü olmalıdır. İqtisadiyyat gücləndikcə özgüvən artar, strateji əməkdaşlıq daha rahat gerçəkləşdirilə bilər. Hazır­da Türkiyə güclü iqtisadiyyatı ilə G20 ölkələri sırasındadır. Sayın Cümhur başqanımız Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyində ortaya qoyduğu bir hədəf vardı: “Türkiyə dünyanın iqtisadiyyatı güclü 10 dövlətindən biri olacaq”. Müxtəlif problemlərə, çevriliş cəhdinə, qlobal iqtisadi böhrana və pandemiyaya baxmayaraq, bu hədəfə çatmaq üçün ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edir. Türkiyə eyni zamanda, dünya­nın siyasi gedişatını, Avropa­nın, Asiyanın gücünü düzgün müəyyənləşdirir, üçlü, dördlü, beşli, altılı mexanizmlərlə strateji əməkdaşlıq gerçəkləşdirir. Təbii ki, sayın Cümhur başkanımız Rəcəb Tayyib Ərdoğanın liderliyi burada böyük rol oynayır. NATO zirvələri kimi bir çox önəmli platformalar­da, BMT Təhlükəsizlik Şurasında çıxışları Türkiyə dövlət başçısının güclü lider olduğunu göstərir. Rəcəb Tayyib Ərdoğan sözü dinlənilən, fikri qəbul olunan lider­dir. Bu mənada, sayın Cümhur başqanımızın liderliyi və xarizması da Türkiyənin qüdrətini və nüfüzü­nu daha da artırır.

 

- Gürcüstanla Türkiyə arasında artıq üç ildən çox­dur ki, sərbəst ticarət tarifi tətbiq olunur. Belə sazişin Azərbaycanla da bağlanması ticarət dövriyyəsinin artması, türk şirkətlərinin işğaldan azad olunmuş ərazilərə investisiya qoymasına geniş imkanlar yara­dar. Azərbaycanla Türkiyə ara­sında Sərbəst Ticarət Sazişinin imzalanması prioritet planlara daxildirmi?

 

-Bildiyimiz kimi, Azərbaycan və Türkiyə hökumətləri ara­sında 2020-ci il iyulun 1-də imzalanan Preferensial Ticarət Sazişi 2021- ci ilin mart ayın­dan qüvvədədir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarın­da yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialın­dan daha aşağı nəticə göstərirdi. Bu sazişlə 15 mal qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılma­sı ilə ölkələrimiz arasında xarici ticarət dövriyyəsini artıracaq. Ticarət həcminin artması iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün əlverişli mühitin ya­radılmasını təmin edəcək. Cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin təlimatına əsasən, Sərbəst Ticarət Sazişinin imzalan­ması istiqamətində də danışıqlar aparılır, müəyyən işlər icra olunur. Sazişin nə zaman təsdiq olmasını tərəflər müzakirələrini tamam­ladıqdan sonra təyin edəcəklər. Dövlətlərimiz arasında bütün səviyyələrdə artan iş birliyinin ticarət sahəsində də inkişafı şübhəsizdir.

 

-ABŞ Prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı müttəfiq ölkəyə qarşı məlum bəyanatı bu ölkənin strateji maraqlarına zidd idi. Keçən il Fransa Senatının “Dağlıq Qarabağın tanınması zərurəti haqqında” qətnaməsi də təəssüf doğurdu. Cənab səfir, ABŞ-da, Fransada dövlətin strateji maraqlarını üstələyəcək və senatorlara təsir edəcək qədər güclü olan, yalan və uydurma məlumatlarla ictimai rəyi çaşdıran erməni lobbisinə qarşı mübarizənin yolunu nədə görürsünüz?

 

- Türkiyə zaman-zaman bu ya­lan və əsassız iddialarla, iftiralarla qarşılaşııb. Artıq erməni soyqırımı iftiralarına əhəmiyyət vermirik. Biz gələcəyə baxırıq, bu iddiaların, bu iftiraların, yalan xəbərlərin bir etibarlılığı, keçərliliyi də yoxdur. Qəribədir ki, tarixi məsələləri parlamentlərdə siyasətçilər müzakirə edir. Parlamentlər tarixi hadisələr mövzusunda qərar verəcək yerlər deyil! Tarix siyasətdə bir materiala, vasitəyə çevrilməməlidir! Biz açıq bir təklif etdik. Sayın Cümhur başqanımız 15 ildir ki, hər iki tərəfdə, sadəcə Ermənistandakı arxiv deyil, Os­manlı arxivləri, Türkiyədəki arxivlər deyil, Londondakı, Almaniyadakı arxivlərin açılmasını, baxılma­sını bildirir. O dövrdə, I Dünya müharibəsində illərlə türklərlə birlikdə yaşayan erməniləri kimlər təxribata sövq etdi? Ermənilər kimlərə arxadan hücum etdi? Qubada olduğu kimi daha han­sı şəhərlərdə soyqırımı törətdi? Qoy tarixi gerçəklər ortaya çıxsın. O dövrdə yaşanan hadisələr birmənalı şəkildə qətliam deyildir. Osmanlı dövləti illərdir birlikdə yaşayan ermənilərin içərisində birilərinin pionuna çevrilənləri məcburi köçürərək təcrid etmişdir. Həmin hadisələrin parlamentlərdə, başqa platformalarda daim gündəmə gətirilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu hadisələr güclənən Türkiyə ilə mübarizə vasitəsinə çevrilib, lakin bu, riyazi dillə desək təsirsiz elementdir, sıfıra bərabərdir. Türkiyə keçmi­şini unutmadan inkişaf edərək gələcəyə baxır. Dövlətimizə iftiralar atan, yalan iddialarda olan ölkələr öz tarixlərinə baxsın­lar. Erməni lobbisiin qarşısında güclənən, ikişaf edən Türkiyə var. Təbii ki, bütün beynəlxalq platformalarda istənilən sahədə türk vətəndaşları, siyasətçilər, tarixçilər, tədqiqatçılar, media nümayəndələri bu yalan iddiaların, iftiraların cavabını verir.

 

-Azərbaycan və Türkiyə şirkətlərinin üçüncü ölkələrdə ortaq investisiya potensialını necə dəyərləndirirsiniz?

 

- Olmayacaq bir şey deyil, gözəl fikirdir. Türkiyədəki şirkətlər burda, Azərbaycandakı şirkətlər Türkiyədə, eyni zamanda birlikdə üçüncü bir dövlətin şirkətləri ilə iqtisadi-ticari əməkdaşlıq etmək, birlikdə sərmayə yatırmaq gözəl təklifdir. Əgər iki ölkənin iş adam­ları üçün münasib olarsa, birlikdə xarici dövlətlərə investisiya qoy­maqda heç bir problem yoxdur.

 

- Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordu­ya sahibdir və Avroatlantik müdafiənin ən vacib sütun­larından biridir. Cənab səfir, Türkiyə NATO münasibətlərinin hazırkı mərhələsini necə dəyərləndirirsiniz?

 

- Mən NATO-da uzun illər çalışmış birisi olaraq deyim ki, Türkiyənin NATO ilə münasibətləri güclü münasibətlərdir. NATO-nun ən güclü ordusuna sahibik. NATO ilə əlaqələrimizdə heç bir problem yoxdur. NATO-nun baş katibi­nin xüsusilə, Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı açıqlamaları zamanında və yerində verilən və dövlətimizin mövqeyinə uyğun münasibətdir. Türkiyə NATO-nun ilk ortaqlarından və ən güclü üzvlərindən biridir. Bu səbəbdən NATO ilə Türkiyə arasında prob­lemli mövzu yoxdur.

 

- Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı danı­şıqlarda son vəziyyət necədir?

 

- Avropa İttifaqının bu mövzuda ən gözəl cavabını layiq olduğu şəkildə Sayın Cümhur başkanımız verir: “Türkiyə üzvlükdən başqa heç bir status qəbul etməyəcək”. Müxtəlif zamanlarda Türkiyəyə fərqli statuslar təklif edildi. Ölkəmiz Avropa İttifaqına üzvlük üçün müraciət edən ilk dövlətlərdəndir. Daxili siyasətlə bağlı müəyyən məsələlər təsir mexanizmi kimi istifadə olunub. Amma Türkiyənin Avropa İttifaqına üzv olub olma­ması önəmli deyil. Ölkəmizin Avropa İttifaqına üzv olması bu ölkənin maraqlarına uyğundur. Türkiyənin burada olması Avropa İttifaqını daha da güclü edər. Av­pora Birliyinə üzvülüyü Türkiyənin “olmazsa olmaz”ı kimi görmürük.

 

-Türkiyə – Azərbaycan münasibətlərinin kökündə dərin, düşünülmüş, qarşılıqlı maraqlara söykənən siyasət durur. Türkiyənin mənəvi siyasi dəstəyi ilə İkinci Qara­bağ müharibəsində Qələbəmiz bölgədə yeni bir reallıq yaratdı. Regionun geosiyasi perspektivi­ni necə dəyərləndirərdiniz?

 

- Hazırkı mərhələdə bütün diqqət 10 noyabr Bəyanatının 9-cu maddəsinin icrasına yönəldilib. Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın tələbini güclü bir şəkildə dəstəkləyir. Ortaq dəhlizin açılması təkcə Azərbaycanın və Türkiyənin deyil, ümumən regionun maraqlarına uyğun­dur. Zəngəzur dəhlizi və Mehri vasitəsilə Türkiyə – Naxçıvan – Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan – İran və Ermənistan – Rusi­ya nəqliyyat xətlərinin bərpası regionda tamamilə yeni geoiq­tisadi mənzərə, yeni nəqliyyat kommunikasiyaları reallaşacaq. Naxçıvana və əks istiqamətdə gediş-gəliş, İran vasitəsilə Naxçı­vana daşınan yüklərin daha qısa marşrutla – şose və dəmir yolu ilə Zəngəzurdan göndərilməsi nəticəsində Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsi qarşılıqlı ticarət baxımından sərfəli olacaq. Türkiyə birbaşa Azərbaycana, Rusiyaya, həmçinin İrana daha sürətli və daha ucuz daşımalar gerçəkləşdirə biləcək. Bundan başqa, Mərkəzi Asiya ölkələri ilə də rahat əlaqələr qura biləcək. Eyni zamanda, Şərqdən Qərbə bütün ölkələrin bu xətt üzərindən ticari məhsullarının tranziti, onların iqtisadiyyatının güclənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizini həmçinin bölgədə sabitlik aləti kimi dəyərləndirirəm.

 

- Cənab səfir, maraq­lı müsahibə üçün Sizə təşəkkürümü bildirirəm. İki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı üçün diplo­matik fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Leyla RƏŞID,

Fotolar: Elşən AĞALAR

“Xalq qəzeti”

10 İyun 2021 09:41 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə