Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Tahir Salahov son mənzilə yola salınıb

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov dəfn olunub. AZƏRTAC xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev və Birinci vitse-pre­zident Mehriban Əliyeva adından əklil qoyulub.

Qeyd edək ki, Tahir Salahov 1928- ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957- ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-pre­zidenti, 1983-cü ildən fəxri prezi­denti olub, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü idi.

Tahir Salahov zəngin yara­dıcılığında milli ənənələrlə dün­ya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olub və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazıb. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan nova­tor sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə la­konik ifadəsini tapıb. Eyni zamanda, Tahir Salahov teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar verib.

Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qa­lereyalarını bəzəyən və şəxsi kol­leksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudların­dan uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olub. Dünya şöhrətli fırça ustasının uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Görkəmli sənətkar Tahir Salaho­vun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

25 May 2021 01:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə