Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi uğurların zirvəsinə yetişən alim

Şərəfli ömür yolu, elmə dərin bağlılığı, yüksək tədqiqatçılıq məharəti ilə cəmiyyətdə layiqli nüfuz qazanmış ziyalılarımızdan biri də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor Maqsud Rüstəm oğlu Qurbanovdur. Bugünlərdə 80 yaşının tamam olması ölkənin elmi ictimaiyyəti tərəfindən qədirbilənliklə qeyd edilən, ömrünün kamillik və müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır.

 

Maqsud Qurbanov 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1970-ci ildə Bakı Dövlət Universitetinin biolo­giya fakültəsini bitirən gələcəyin alimi hələ tələbə ikən Milli Elmlər Akademi­yasının Botanika İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. Gənc bioloq ali təhsildən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirli­yinin Elmi-Tədqiqat Eroziya Sektorun­da baş laborant vəzifəsində çalış­mışdır. Lakin botanika elminə olan böyük maraq onu AMEA-nın Botanika İnstitutuna gətirmiş, burada kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1981–2000-ci illərdə isə “Toxumşünaslıq yaradıcı qrupu”nun rəhbəri olmuşdur. Son 20 ildə AMEA-nın Mərkəzi Nəbatat Bağında çalışan Maqsud müəllim hazırda burada baş elmi işçidir.

Xarakterindəki ciddilik, tapşırı­lan işləri yüksək səviyyədə yerinə yetirməsi, daim öz üzərində işləməsi və elmi axtarışda olması Maqsud müəllimə həmişə uğur qazandırmış­dır. O, 1975-ci ildə namizədlik, 1985- ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Tanınmış alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2010-cu ildə professor elmi adı almışdır.

Alimlik erudisiyası, intellektual səviyyəsi ilə elmi ictimaiyyətin eti­madını qazanan Maqsud Qurbanov ictimai fəallığı, təşkilatçılıq fəaliyyəti ilə də seçilir. Onun 1978-ci ildən keç­miş SSRİ Nəbatat Bağları Şurasının introdusentlərin toxumşünaslıq və to­xumçuluq komissiyasının daimi üzvü, 1981-ci ildən isə Cənubi Qafqaz üzrə analoji komissiyanın sədri kimi elmi tədqiqat işlərinin əlaqələndirilməsində mühüm əməyi olmuşdur. 2002-ci ildən Amerika Bioqrafiya İnstitutunun fəxri müşaviridir.

Daim yenilik axtarışında olan bioloq alim 1973-cü ildə Azərbaycan SSR EA Botanika İnstitutunun, 1976- cı ildə SSRİ EA Baş Nəbatat Bağının və 1979-cu ildə Zaqafqaziya və Orta Asiya Nəbatat Bağları Şuralarının birgə təşkil etdikləri Azərbaycan və Qafqaz floralarının öyrənilməsi üzrə elmi ekspedisiyaların tərkibində elmi tədqiqat işləri aparmış, introduksiya məqsədilə əkin və səpin materialları toplamışdır. Bütün rahatlığını elmdə tapan, bu illər ərzində yalnız elmi ictimai fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən Maqsud Qurbanov botani­ka elmini daim inkişaf etdirən əvəzsiz tədqiqatçılardandır.

Professor Maqsud Qurbanovun elmi tədqiqatları bitkilərin introduk­siyası, ekologiyası, biologiyası və toxumşünaslığının əsaslarına həsr edilmişdir. Maqsud müəllim bitki introduksiyası ilə bağlı vəziyyətin qiymətləndirilməsinin qrafiki-in­teqral, toxumların böyüdülmüş təsvirli rentgenoqrafiya, bioloji aktiv maddələrin təsiri ilə toxum keyfiyyətinin yüksəldilməsi metod­larını, toxum keyfiyyətinin obyektiv qiymətləndirilməsi üçün bölgü­nü, bitkilərin böyümə, meyvə və toxumvermə proseslərinin riyazi modelləşdirmə vasitəsilə proqnozlaş­dırma üsulunu işləyib hazırlamışdır.

Bioloq lim toxumların rentge­noloji analizi məqsədilə univer­sal təsnifat işləyib hazırlamış və bu yolla 500-dən çox bitki növü toxumlarının morfostrukturu və keyfiyyət göstəricilərini araşdır­mışdır. O, ilk dəfə olaraq, Abşeron yarımadasına introduksiya olunmuş bitkilərin toxumverməsinin və to­xum keyfiyyətinin yüksəldilməsinin kompleks qiymətləndirilməsinin elmi əsaslarını işləmiş, 52 fəsiləni və 124 cinsi təmsil edən 325 növ oduncaqlı introdusentin toxumvermə xüsusiyyətlərini təhlil edərək, Abşero­na gələcəkdə introduksiya olunacaq yeni növlərin perspektiv mənbələrini aşkar etmişdir.

Tanınmış alim tərəfindən toxum və tozcuqların keyfiyyəti arasında­kı müsbət korrelyasiya əlaqəsinin mövcudluğu eksperimental olaraq sübut olunmuş, introdusentlərin növündən və həyat formasından asılı olaraq ilkin toxumvermənin məkana və zamana bağlı olduğu aşkar edilmiş, ətraf mühitin ekoloji amillər kompleksinin oduncaqlı bitkilərin meyvə və toxumverməsinə göstərdiyi təsir qiymətləndirilmiş, onların məhsuldarlığının proqnozlaşdırılması üçün riyazi model tərtib edilmişdir. O, toxumların rentgenoqrafiya metodu ilə təyin edilən inkişaf sinfi ilə onların cücərməsi və alınan cücərtilərin boy və inkişaf ritmi arasındakı müsbət kor­relyativ əlaqəni meydana çıxarmışdır.

Maqsud müəllim texnogen çirklənmə şəraitindəki toksiki sənaye tullantılarının təsirinə qarşı verilən cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif etmişdir. Azərbaycanlı alim əldə etdiyi elmi nəticələr əsasında 1997- ci ildə Türkiyənin Giresun şəhərində keçirilən Çevrə və Barış üzrə Beynəlxalq Avroasiya konqresində “Texnogen çirklənmə şəraitində əmələ gələn meyvə və toxumların bioloji və rentgenoloji xüsusiyyətləri” adlı məruzə ilə çıxış etmişdir. 2010- cu ildə Türkiyənin Artvin Çoruh Universitetinin jurnalında “Texnogen çirklənmənin meşə bitkilərinə təsiri” adlı məqaləsi çap olunmuşdur.

Botanik alim bitkilərin meyvə və toxumlarının diaqnostik əhəmiyyətli morfostruktur əlamətlərinə görə onların mənsub olduqları cins və növlərin təyin edilməsi üçün dixo­tomik, rəqəmsal politomik və hərfli-rəqəmsal politomik təyinat açarlarını tərtib etmişdir. Onun işləyib hazır­ladığı qeyri-ənənəvi hərfli rəqəmsal politomik təyinat üsulu karpoloji informasiyaların kompüter, mobil telefon və digər elektron vasitələrində işlənilməsi və bitki növlərinin meyvə və toxumlarına görə qısa bir za­man ərzində kifayətedici dəqiqlik və yüksək çevikliklə təyin edilməsinə xidmət etməklə yanaşı, mübahisəli növlərin obyektiv diaqnostikası üçün həm nəzəri, həm də əməli baxımdan faydalıdır.

Professor Maqsud Qurbanov təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan alimlərimizdəndir. Onun rusiyalı həmkarları ilə birlikdə ilk dəfə işləyib hazırladığı “Oduncaqlı bitkilərin toxumlarının rentgenoloji analiz me­todu” adlı dövlət standartları hüquqi əsaslı rəsmi dövlət sənədi kimi MDB məkanındakı respublikalarda istehsa­latda tətbiq edilir. Həmin standartlar keçmiş SSRİ-nin Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nü­mayiş etdirilərək gümüş medala layiq görülmüşdür. Həmyerlimizin toxum­ların rentgenoloji analizi üçün işləyib hazırladığı universal təsnifat Rusiya­da nəşr edilən metodik vəsaitdə yer almışdır.

Elmi potensialı, təşkilatçılıq qabiliyyəti, yeniliklərə və təşəbbüslərə açıq olması soydaşımıza həmişə hörmət və nüfuz qazandırmışdır. Fədakar alimin apardığı elmi-tədqiqat işlərinin yüksək səviyyədə təşkili sayəsində 1981-ci ildə Bakıda “İntrodusentlərin toxumşünaslığı və toxumçuluğu” üzrə VI Ümumittifaq müşavirə keçirilmişdir.

Maqsud Qurbanovun axtarışla­rının uğurlu nəticələri, botanika elmi üzrə sanballı əsərləri, elmi axtarış­ları geniş mütəxəssis auditoriyasına yaxşı tanışdır. Alim 174 elmi əsərin, o cümlədən 4 monoqrafiya və 4 kitabın müəllifi, “AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərləri” toplusunun baş redaktorudur. Onun redaktorluğu ilə 15 elmi monoqrafiya və kitab işıq üzü görmüşdür. Əldə etdiyi nəticələr müxtəlif yerli və xarici beynəlxalq simpozium və konfranslarda, çoxsaylı elmi tədbirlərdə məruzə edilmişdir.

AMEA-nın müxbir üzvü Maqsud Qurbanov elmi kadr hazırlığında, ardıcıllarının yetişdirilməsində də öz fəallığı ilə seçilmişdir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə biologiya və aqrar sahə üzrə 3 elmlər doktoru, 8 fəlsəfə doktoru hazırlanmışdır. Tanınmış alim AMEA Mərkəzi Nəbatat Bağının və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun elmi şuralarının üzvüdür. Uzun illər ərzində AMEA Botanika İnstitutunun nəzdindəki dissertasiya şurasının və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış şuranın üzvü və seminar şurasının sədri, Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının biologiya üzrə problem şurasının üzvü və həmin şuranın botanika seksiyasının sədri olmuşdur. Dəyərli bioloq-alimin elm qarşısındakı xidmətləri AMEA-nın rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir

Botanika və aqrar elmlərinin inkişafında seçilən xidmətləri olan alim bu gün də elmimizin, təhsilimizin inkişafına öz töhfəsini verir. Tanınmış bioloq alim, AMEA-nın müxbir üzvü, professor Maqsud Qurbanovu 80 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycan elminin tərəqqisi yolunda ona yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik

23 May 2021 01:09 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə