Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologi­ya Cəmiyyəti və “Regional İnkişaf” İc­timai Birliyinin birgə təşkilatçılığı ilə mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin di­aqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin fəaliyyətinin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi, bu sahədə çalışan insanların gərgin əməyinin və dövlətimizin daimi qayğısı və diqqəti nəticəsində mümkün olub. Onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotex­nologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və əməyi var.

Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspo­ra, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans işti­rakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb. Təbrik məktubunda xüsusi olaraq vurğulanıb ki, dünyada məşhur olan bir çox alim və mütəxəssisin qatıldığı, onkologiya üzrə bu mötəbər beynəlxalq elmi konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın onkoloji xəstəliklərə qarşı mübarizədə daim artan nüfuzunun bariz göstəricisidir.

Tədbirin davamında Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açılıb, səhiyyə nazirinin birinci mü­avini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev, Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Səhiyyə Na­zirliyinin baş mütəxəssisi, onkoloq Azad Kərimli, İngiltərənin Oksford Universi­tetinin professoru Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti, professor Culi Qralou, Türkiyənin Hacettepe Universi­tetinin professoru Suayib Yalçının ölkə onkoloqlarını yubiley münasibətilə təbrik çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. XX əsrin 30-40-cı illərində məlum oldu ki, Azərbaycanda onkologiyanın inkişafına mane olan ən mühüm səbəblərdən biri bədxassəli şiş problemləri ilə məşğul olan ixti­saslaşdırılmış elmi-tibbi müəssisənin olmamasıdır. Bununla əlaqədar, 1941-ci ilin yanvarında Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutu (ETRRİ, – indiki Milli Onkologiya Mərkəzi) təşkil edildi. ETRRİ-nin yaradılması Azərbaycanda Rentgenologiya və Radiologiya xidmətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Bu institutda aparılan elmi araşdırmaların əsas istiqamətləri res­publikada bədxassəli şişlərin epidemi­ologiyası və xərçəngin kombinə edilmiş kompleks müalicəsi üçün səmərəli metodlar yaratmaqdan ibarət idi. İnstitu­ta müxtəlif illərdə rəhbərlik etmiş İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafı­na çox böyük töhfələr verib.

Lakin 1990-cı ilin mart ayında Azərbaycanda səhiyyənin böyük təşkilatçısı, gənc mütəxəssislərin bütöv bir nəslini yetişdirmiş, mərkəzin yeni binalarının tikintisi məsələsinin həllinə xeyli qüvvə sərf etmiş görkəmli alim – akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsinə təyin ediləndən sonra respublikada onkoloji xidmətin inkişafında əsaslı irəliləyiş baş verib. Əvvəllər onkoloq həkimlər çox ağır şəraitdə işləyirdilər. Məsələn, mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması üçün şərait yox idi. Bu gün isə Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq görərik ki, burada böyük bir tibb şəhərciyi salınıb. Əvvəllər bütün on­koloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu inşa ediləndən sonra bu sahədə tərəqqi müşahidə olunur. Həmin korpusun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

2014-cü ildə yeni müalicə kor­pusunun və onkologiya mərkəzinin bədxassəli şişlərin molekulyar di­aqnostikası laboratoriyasının açılışı oldu. 2016-cı ilin aprelində Milli On­kologiya Mərkəzinin nəzdində təkcə Azərbaycanda deyil, bütün regionda ilk və yeganə olan Nüvə Təbabəti Mərkəzi açıldı. Burada “Siemens” şirkəti tərəfindən ən yeni texnologiyalar əsasında yaradılmış və minimal doza ilə sürətli müayinə aparmağa imkan verən “Biograph mCT-S40” pozitron-emission tomoqrafiya/ kompüter tomoqrafiyası aparatı (PET/KT) istifadəyə verilib.

2012-ci ilin mart ayında Uşaq Onko­loji Klinikasının açılışı olub. Hazırda Milli Onkologiya Mərkəzinin bütün region­da flaqman müəssisəsi sayılan Uşaq Onkoloji Klinikasında kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immun terapiyası və digər kompleks müalicə üsulları çox yüksək səviyyədə tətbiq edilir. Klinikada uşaq cərrahiyyəsi, uşaq kimyəvi terapiyası, uşaq şüa terapiya­sı, uşaq anesteziologiya və reanima­siyası bölmələri var. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılmasına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük töhfə veriblər.

Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssisləri, həmçinin Amerika Birləşmiş Ştatla­rının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universiteti­nin, İtaliyanın Genoa Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi üzrə müxtəlif mövzularda məruzələri ilə davam etdirib. Konfransda onkoloji xəstəliklərin ənənəvi müalicə metodlarına müxtəlif yanaşma konsep­siyaları ilə yanaşı, müasir diaqnostika və müalicə metodlarının müzakirələri böyük maraq doğurub. Onkologiyanın əsas istiqamətləri üzrə seksiyalarla işini davam etdirən konfransın “Bədxassəli şişlərin müalicəsi” bölümü Milli Onkologi­ya Mərkəzinin əməkdaşları Leylaxanım Məlikova, Elxan Kazımov, Samir Qurba­novun ABŞ və İtaliyadan olan həmkarları Mattro Lambertini və Aşis Saksena ilə apardıqları təcrübə mübadiləsi, elmi diskussiya xarakterli çıxışları ilə yadda qaldı.

Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələrdə professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, profes­sor Suayib Yalçının “Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-ın Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Sigurdsonun “Kolorek­tal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektal xərçəngin müalicəsi” mövzu­sunda çıxışları da alim və mütəxəssislərin xeyli marağına səbəb oldu.

22 May 2021 01:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə