Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PREZİDENTİN Naxçıvan ismarıcları

Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı olduğu illər ərzində Naxçıvana 15 dəfə səfər edib və bu səfərlər dövlət başçısının sadəcə yerli durumla yaxından tanışlığı məqsədi daşıyan bir protokol səfəri olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət xarakteri daşıyıb. Bu səfərdə də regionda maraqlı qüvvələrə xüsusi ismarıclar verildi. Naxçıvanda durum necədir? – Naxçıvan sürətlə inkişaf edir. Bölgədə infrastruktur layihələri şaxələnir. Son 20 il ərzində ÜDM 10 dəfədən çox artıb. 2000 - ci illərin ikinci yarısından etibarən muxtar respublikanın büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə həddindədir. Naxçıvanda kənd təsərrüfatı ilə bağlı görülmüş işlər də öz nəticəsini verməkdədir. Muxtar respublika özünü bir neçə əsas ərzaq məhsulu ilə təmin edir. Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.

 

 

Muxtar respublikada bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıb. Qazlaşdırma və elektrik enerjisi təchizatı səviyyəsi artıq 100 faizə çatıb. Bunu ona görə vurğulayırıq ki, vaxtilə Naxçıvanda işıq yox idi, enerji təchizatı yetərli deyildi. Azərbaycandan gələn xətlər Ermənistan tərəfindən kəsilmişdi. hazırda isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan qaynaqdan istifadə edir. Bu, çox önəmli məsələdir.

İctimai xidmətlər sahəsində çox önəmli bir təsisat olan “ASAN xidmət” Mərkəzinin Naxçıvanda tikintisi davam edir. Orada böyük turizm potensialı mövcuddur. Naxçıvan Hava Limanında yeni uçuş - enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdıracaq. Yəqin ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.

Hərbi aerodromun və hərbi hospitalın açılışı muxtar respublikanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində xüsusi hadisədir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub, eləcə də əvvəllər mövcud olmayan bir çox yeni hissələr yaradılıb.

Naxçıvandakı Ümumqoşun Əlahiddə Ordunun yüksək döyüş hazırlığı xüsusi hadisədir. Heç kəsə sirr deyil ki əlahiddə ordu “mehriban qonşu” Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini boğmağa məcbur edib. Qardaş Türkiyə ordusunun timsalında tam şəkildə NATO standarlarına keçmiş bu xüsusi statuslu hərbi vahidin döyüş qabiliyyəti günün tələblərinə layiqli cavab verir. Azərbaycan Vətən müharibəsində Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları və digər birləşmələrin hərbçiləri özünəxas qəhrəmanlıqlar göstərib. Ayrıca, 2018 - ci ilin elə bu vaxtlarında tarixi Günnüt əməliyyatı Ümumqoşun Əlahiddə Ordunun nəyə qadir olduğunu parlaq şəkildə göstərib. Ən az itki ilə mümkün olan ən yüksək nəticə qazanılıb!

Azərbaycan Ordusunun Naxçıvandakı xüsusi hərbi vahidi ən müasir silah və texnika ilə təchiz edilib. Naxçıvanda olan hərbi texnika hətta bəzi qabaqcıl ölkələrin ordusunın malik olduğu texnikadan üstündür. Bəli, respublikamızın digər bölgələri ilə hələlik birbaşa bağı olmayan Naxçıvana ən çağdaş, ən son texnologiyaya əsaslanmış texnika gətirilib və gətirilir.

Prezidentin Naxçıvanda AzTV-yə verdiyi müsahibə, artıq mövcud olmayan ərazi vahidi – “Dağlıq Qarabağ” haqqında həqiqəti, Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi imkanlarımızı, hərbi potenisalımızı – bir sözlə, “dəmir yumruğ”u da sözbəsöz ifadə etdi. Yəni:

– Dağlıq Qarabağ münaqişəsi həll olunub. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında;

– revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv ediləcəklər;

– Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır;

– Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işləri ilə bağlı ədalətsiz bəyanat verir. Bu cür hallar yolverilməzdir. Biz Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirik;

– bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Üçtərəfli bəyanatın bir tərəfi Rusiyadır. Rusiya Zəngəzur dəhlizi ilə bağlı işlərin ləngiməsi, “mina xəritələri”nin verilməməsi, Xankəndidəki erməni hərbi qruplaşmalarının tam və sürətli çıxarılmaması, Ermənistanda revanşistlərin qəbuledilməz çağırışları və s. mövzusunda daha təsirli işlər görmək imkanına malikdir. Və biz, sülhməramlıları bizim torpaqlarda olan, məlum iki bəyanatın bir tərəfi olan ölkədən bu təsirli addımları atmasını gözləmək haqqına sahibik.

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

19 May 2021 01:01 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə