Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar ölkənin davamlı inkişafını sürətləndirir

Azərbaycan dövləti tərəfindən dünyada COVID-19-un pandemiya elan edilməsindən sonra vəziyyət nəzarətə götürüldü, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi. Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanıldı.

 

Bu məqamda onu da qeyd edək ki, pandemiya ilə mübarizə şəraitində iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunması­na prioritet istiqamət kimi yanaşılıb. Buna görə də Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Azərbaycanda son illərdə əmək, məşğulluq və sosial müdafiə sekto­runda reallaşdırılan layihələr, habelə “Məşğulluq haqqında” qanunun qəbul edilməsi, “İşsizlikdən sığorta haq­qında” Qanunun qüvvəyə minməsi, İşsizlikdən Sığorta Fondunun yaradıl­ması, işçilərin və işəgötürənlərin for­mal məşğulluğa marağının artırılması məqsədilə vergi və sosial sığorta sahəsində islahatların dəstəklənməsi məqsədilə qanunvericilikdə zəruri dəyişikliklər aparılması, eyni zaman­da, e-texnologiyaların bu sahədə geniş tətbiqi müsbət nəticələrlə müşahidə olunub.

Prezident İlham Əliyev tərəfindən əhalinin sosial şəraitinin yaxşılaşdı­rılması istiqamətində həyata keçirilən tədbirlər idarəetmə orqanlarında, iqti­sadi strukturlarda islahatlarla paralel aparılıb.

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında respublikamızda struktur islahatlarını yüksək qiymətləndirdiyini diqqətə çatdıraraq, bildirib ki, struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artı­rılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr baza­sının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.

Respublikamızda dövlət idarəetmə islahatları sosial-iqtisadi islahatların sistemliliyini və dayanıqlı­lığını təmin edir, ölkənin davamlı inki­şafını şərtləndirir. Ən əsası islahatla­rın sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artırır. Bu isə Azərbaycanın ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf etdiyini göstərir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini ar­tırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.

İqtisadi sahədə idarəetmənin yeniləşməsi ilə bağlı atılan addım­lar da mühüm önəm daşıyır. Bu, ilk növbədə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsi və dövlət müəssisələrinin profisitinin artırılması, onların büdcədən asılılıq­larının azaldılması məqsədi daşıyır. Prezident İlham Əliyevin 2020-ci il 7 avqust tarixli sərəncamına əsasən yaradılan Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində də bu amil xüsusi diqqət çəkir. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqi idarəetməsinə verilən qurumların maliyyə sağlamlığını və dayanıq­lılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında nəzarətdə saxlamaq üçün tədbirlər reallaşdırır.

Dövlətimizin başçısı tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Çünki hazırda respublikamıza investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti son bir ildə bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisadiyyatının inkişafın­da rolu, şübhəsiz ki, güclənəcək. Ən əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi sürətlənəcək.

Ümumiyyətlə, Azərbaycan İnves­tisiya Holdinqinin yaradılması yuxa­rıda vurğulanan məsələlərin həlli ilə yanaşı, həm də dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılmasına, investisi­yalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata yönəldilməsinə böyük töhfə verəcək.

Yeri gəlmişkən, xatırladaq ki, Pre­zident İlham Əliyev ölkəmizin Vətən müharibəsindən sonrakı dövr üçün inkişaf perspektivləri müəyyənləşdirib. Çünki Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla əldə etdiyi tarixi qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb və bu reallıqlar bütün region ölkələrinin qarşısında tamamilə yeni inkişaf perspektivləri açıb.

Təbii ki, Azərbaycan bu imkan­lardan ən çox yararlanmaq haqqına sahib olan dövlətdir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranma­sına gətirib çıxarıb, eyni zamanda, bölgədə yeni əməkdaşlıq formatlarını yaradıb.

Bütün bu və digər məqamlar artıq Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyması üçün müvafiq imkanları gerçəkləşdirib.

Dövlətimizin başçısının Vətən müharibəsindən sonrakı dövrlə bağlı müəyyənləşdirdiyi prioritetlər də Azərbaycanın bu imkanlardan maksimum yararlanması üçün həyata keçirilməsi zəruri olan əsas konsep­siyalardır. Bu baxımdan Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı mühüm əhəmiyyətə malikdir.

Bu sənəd qarşıdakı dövrdə res­publikamızın əsas sosial-iqtisadi inki­şaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməklə əldə olunan uğurların miqyasının, həmçinin həcminin genişləndirilməsi məqsədi daşıyır.

Adı çəkilən sərancamla növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, di­namik, inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin forma­laşması, respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətləri daxil edilib.

Burada bir mühüm məqamı da qeyd etmək istərdik. Prezident İlham Əliyevin davamlı olaraq reallaşdır­dığı genişmiqyaslı islahatlar ölkənin sosial-iqtisadi gücünü artırır. Baş­qa sözlə, dövlət başçısının həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaş­dırılması respublika iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.

Bütün bunlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə sis­teminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kom­munal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 18 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın apa­rıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası nəticəsində ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın real­laşdırılması davamlı inkişafın daha da sürətləndirilməsinə möhkəm zəmin yaradacaq. Bu prioritetin səmərəli həyata keçirilməsi üçün iki mühüm məqsəd–davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq təmin olunmalıdır.

Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiy­yatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlir yüksək səviyyədə gerçəkləşdirilir. İqtisadi artım, eyni zamanda, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını reallaşdırır.

Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı da onu göstərir ki, iqtisadi siyasətin daha səmərəli, daha yüksək səviyyədə idarə olunması zərurətinə bu gün daha çox ehtiyac duyulur. Bütün bun­lara görə də milli prioritetlərin 2030-cu ilədək reallaşdırılması mühüm önəm daşıyan bir addımdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

19 May 2021 00:39 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə