Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xarıbülbül” Qələbə rəmzi, azad edilmiş Şuşanın timsalıdır

Şuşa qədim Azərbaycan şəhəri, cənnət Qarabağın şöhrət ta­cıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi yenidən bizim olan bu sərvətə ölkəmizdə verilən yüksək dəyəri bir daha bütün dün­yaya göstərdi. Ermənistanın işğalından azad edildikdən 6 ay sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi isə dövlətimizin düşmənin xarabazara çevirdiyi ərazilərdə maddi və mənəvi dəyərlərimizin bərpasına xüsusi diqqət və qayğı göstərməsinin, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olmasının parlaq göstəricisidir.

Azərbaycan bu gün demokratiyadan bəhs edən, lakin əməli işə gəlincə ikili standartlar prinsipindən əl çəkə bilməyən bir çox aparıcı dünya dövlətlərinə tolerantlıq və multikulturalizmi necə yaşatmaq lazım olduğunun əsl örnəklərini göstərir. Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin danılmaz göstəriciləridir.

Ötən həftə 29 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu beynəlmiləl sənət bayramının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı.

Yaxşı olardı ki, beynəlxalq təşkilatların mötəbər kürsülərindən tez-tez demokratiyadan, insan haqlarından bəhs edən, əməli işə gəlincə isə ikili standartlar prinsipindən əl çəkə bilməyən bəzi dövlətlərin rəhbərləri və siyasətçiləri Azərbaycanın timsalında bu nadir örnəyi lazımi səviyyədə dəyərləndirsinlər. Festivalın açılışında etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu həqiqət barədə növbəti mesajını dünya birliyinə ünvanladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.”

Göründüyü kimi, Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycanda uzun illərdən bəri mövcud olan multikulturalizm ənənələrinin əsl canlı rəmzinə çevrildi. “Xarıbülbül” festi­valının keçirilməsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xalqın milli-mənəvi ruhunun daha da dirçəldilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu möhtəşəm musiqi bayramı milli-mədəni ənənələrimizin bərpası istiqamətində atılmış ən önəmli və uğurlu addımlar­dan biridir.

Əlbəttə, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bununla Azərbaycan bütün dünyaya göstərmiş oldu ki, o, milli-mənəvi köklərinə bağlı ölkədir. Əgər belə olmasaydı, biz heç vaxt işğal altında olan torpaqlarımızı azad edə və həmin torpaqlara, öz əzəli və əbədi dədə-baba yurdumuza qayıda biməzdik. Son 30 il ərzində hər bir azərbaycanlı məhz bu amalla– tor­paqlarımızı azad etmək, ədaləti bərpa etmək arzusu ilə yaşayıb. Nəhayət, keçən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və onun yenilməz ordusu bu arzunu gerçəkləşdirdi, eyni zamanda, tarix və gələcək nəsillər qarşısında müqəddəs borc da yerinə yetirildi. Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Zəfər çaldı, düşməni məhv edərək öz torpaqlarını işğaldan azad etdi.

May ayının 12–13-də Şuşada, Cıdır düzündə keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı da bir daha onu göstərdi ki, biz Şuşaya həmişəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Artıq bir neçə aydır ki, Şuşada bərpa işləri başlayıb. Bütün bunlar böyük rəmzi məna daşıyır və bu yerlərin əsl sahiblərinin kimliyi barədə bütün dünyaya növbəti dəfə açıq-aydın mesaj vermiş olur. “Xarıbülbül” qələbə rəmzi, azad edilmiş Şuşanın timsalı olduğu kimi, “Xarıbülbül” festivalı da qalib xalqın Zəfər təntənəsidir.

Xilaskar Ali Baş Komandanın dediyi kimi: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

19 May 2021 00:16 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə