Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üçtərəfli bəyanatın alternativi yoxdur və həmin sənəd tam icra olunmalıdır

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan.

 

İki əsrdən çoxdur ki, bədniyyət qonşumuz ermənilərlə və ermənilik kimi bədxassəli fəsadlarla eyni arealda yaşamaq məcburiyyətindəyik. Görünür, bu bizim tale yazımızdır və ulu öndərimizin dediyi kimi, onlar buradan köçüb harasa getməyəcəklər, biz də min illər boyu əcdadımızın Vətəni olmuş torpaqlardan heç yana gedəsi deyilik. Ona görə də terrorçu, təxribatçı, separatçı, işğalçı, soyqırımı törətmək mərəzindən əl çəkməyən, şəhərləri, kəndləri “uf” demədən xarabazara çevirən, qocaları, qadınları, uşaqları qırmaqdan manyakcasına həzz alan qaniçən məxluqatla divar qonşusu olmaq taleyini yaşamalıyıq.

 

O da faktdır ki, həm tarixin bütün dövrlərində mövcud olmuş milli dövlətlərimizin, həm ötən əsrin əvvəllərində yaratdığımız demokratik respublikanın, həm də 1991-ci ildə bərpa etdiyimiz – 1993-cü ilin yayından sonra dünya siyasətinin aktorların­dan birinə çevrilmiş müstəqil dövlətimizin xarici siyasətində hamı ilə, xüsusilə region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşamaq əsas məqsədlərimizdən biri olub. Elə ermənilər istisna olmaqla bütün qonşularımız da bizim bu münasibətlərimizi müsbət qiymətləndiriblər. Bəli ermənilər və bizim qədim torpaqlarımızda yaradılmış Ermənistan dövləti istisna olmaqla. Azərbaycan və Türkiyə bu bədnam xalqa nə qədər güzəştə getsələr də, onlar xəyanət və satqınlıqdan, qonşunun torpaq­larını zəbt etmək hərisliyindən əl çəkə bilmirlər.

Ötən ilin payızında üzləşdikləri rüsvayçı məğlubiyyətdən, Azərbaycan əsgəri qarşısında diz çökdükdən və kapitulyasiya aktını imzaladıqdan sonra da tarixi nacinsliklərindən əl çəkə bilmirlər. Əsrlər boyu Rusiyanın çörəyi ilə yaşamış bu nadüeüstlər indi Moskvanın əleyhinə elə danışırlar ki, guya tarixən ruslar bunların köməyini görüblər.

Onlar ötən ilin noyabrında məhz Rusiya Prezidentinin təklifi ilə imzalanmış üçtərəfli bəyanatın ərsəyə gəlməsindən sonra tamamilə məhv edilməkdən qurtula bildilər. Hətta həmin sənəd imza­lanandan bir həftə sonra baş nazir Nikol Paşinyan öz bədxahlarına cavab verərkən demişdi ki, mən o bəyanatı imzalamasaydım, Qarabağda 20 min erməni əsgəri öləcəkdi. Yəni bu faktı dərk edirlər, ancaq, ağıllanmaq istəmirlər. Daha doğrusu, ağıllana bilmirlər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixi­nin ən şərəfli səhifələri yazıldı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, Ermənistanın baş nazirinin imza­ladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi yaddaşlara həkk olun­du. 2021-ci il yanvarın 11-də Mosk­vada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın təmin olunması ilə bağlı növbəti addım­ların birlikdə müzakirəsi kimi tarixə düşdü.

Moskvada keçirilmiş görüşün nəticəsi olaraq verilən bəyanatlar regionda nəqliyyat kommunika­siyalarının işə düşməsi “Şərq --Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin re­allaşması Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması demək idi. Bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisa­di əhəmiyyətini artıracaq bir faktdır.

Xatırladaq ki, Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında demişdi ki, kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin ha­mısı üçün böyük əhəmiyyət kəsb edəcək. Həmin görüşdə Rusiya tərəfinin üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə etməsi də heç kəsin yadından çıxmayıb.

İşğalçı ölkənin baş naziri Nikol Paşinyan həmin görüşdəki bəyanatında açıq şəkildə etiraf etmişdi ki, yaranmış vəziyyət Ermənistan iqtisadiyyatının dirçəldilməsini təmin edəcək: “ Deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların real­laşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qaran­tiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq”.

Bu xatırlatmadan sonra başqa bir xüsusi məqamı yada salmaq zərurəti yaranır: Bəs nooldu, Paşinyan? Yanvarın 11-də iqtisadi yeniliklərdən, təhlükəsizlik üçün etibarlı qarantlardan, konstruktiv iş aparmaqdan dəm vururdun, indi nooldu ki, Zəngəzur dəhlizinə badalaq vurmaq istəyirsən? Bu, sənin günahın deyil, bütün ermənilərin qanındakı sözündən qaçmaq kimi mənfur və iyrənc milli keyfiyyətinizin göstəricisidir. Sizin həmin namərdlikləriniz ucbatından münaqişənin həll edilməsi otuz il yubanmışdı.

Mən Ermənistan rəhbərliyinə başqa bir məqamı da xatırladı­ram. “Bizim sözümüz də imzamız qədər etibarlıdır” – tezisinin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi tarixi müsahibəsini bir daha izləyin. Mən bilən, izləməmiş deyilsiniz. Orada deyilirdi: “Bildiyiniz kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan --Ermənistan --Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçiril­miş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın”.

Xatırladaq ki, Azərbaycan bu məsələ ilə bağlı öz üzərinə düşən vəzifələri icra edir və edəcək. Dövlət başçımız Horadiz --Ağbənd dəmir yolunun təməlini qoyub. Həmin istiqamətdə ça­tışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz – Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

Bəs qarşı tərəfdə vəziyyət necədir? Dövlət başçımız xatır­ladır ki, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları Ermənistanın bütün dəmir yollarına sahibdir. Yəni Ermənistan dəmir yolları Rusiya dəmir yolları­na məxsusdur: “Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir prob­lem olmasın”.

Fakt ondan ibarətdir ki, Azərbaycan Şanxaydan Londona qədər uzanan dəmir yolu xətlərinin bir-birinə qovuşması, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin köməyi ilə dünya iqtisadiyyatının inkişafına kömək etmək kimi qlobal layihələr üzərində işləyərkən, Ermənistan rəhbərliyi elə cılız məsələlərin qulpundan yapışr ki, adam ona dövlət demək belə istəmir.

Kütləvi informasiya vasitələri yazırlar ki, erməni mətbuatı Zəngəzurda sərhəd delimitasi­yası və demarkasiyası prosesini aktiv şəkildə gündəmdə saxla­yır. Elə Ermənistan elitası da mətbuatdan geri qalmır. Vay-şivən saatbasat artır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əvvəlcə KTMT baş katibi Stanislav Zasa, sonra isə Rusiya Təhlükəsizlik Şura­sının katibi Nikolay Patruşevə zəng edib və Azərbaycan tərəfinin arqumentlərinin “əsası olmadığı” haqqında ənənəvi erməni yalanını deyib.

İşğalçı ölkənin XİN rəhbərinin müavini Artak Apitonyan ölkədəki səfirlərlə görüşüb və Azərbaycanın guya Ermənistanın sərhədlərinə müdaxilə etdiyi yalanını onla­ra sırıyıb. Ermənistan Müdafiə Nazirliyində də ölkədəki səfirliklərin hərbi attaşeləri görüş keçirib və onları inandırmağa çalışıblar ki, Qaragöldəki bəhs edilən ərazi Ermənistana aiddir. Xarici işlər naziri vəzifəsini icra edən Ara Ay­vazyanın Fransa XİN başçısı Jan İv Lö Drianla danışığı da baş tutub. Bunun ardınca Fransa XİN Bakı və İrəvana “Azərbaycan Ordusunun geri çəkilməsi barədə” razılığa gəlmək üçün çağırış edib.

Müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan KTMT baş katibi Stanislav Zas, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya FTB-nin Sərhəd Xidmətinin rəhbəri, general-polkov­nik İqor Konstantinovla “sərhədlə bağlı” müzakirələr aparıb. Baş nazir vəzifəsinin icraçısı Nikol Pa­şinyan isə Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan Prezi­denti Sadır Japarova zəng edərək, KTMT XİN başçılarının toplantısın­da sözügedən məsələnin müzakirə edilməsi üçün yalvarıb. Ermənistan parlamentinin sədri Ararat Mir­zoyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə danışıb və dəstək istəyib.

Rusiya və MDB-nin digər rəsmiləri bütün bu yalvarışlara, xahiş-minnətə, “mənölümlərə” cavab vermək istəməsələr də, Avrasiyanın ən təcrübəli diplo­matlarından olan Sergey Lavrov Qaragöl məsələsi ilə bağlı “İrəvan gölü”nə daş atıb: “Orada bircə güllə də atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insan­ları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”.

Ermənistanın bu həyasızlıqları fonunda Azərbaycan rəhbərliyi öz siyasi - diplomatik fəaliyyətini uğurla davam etdirir. Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, mayın 17-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. ABŞ rəsmisi Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacib­liyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasi­yası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğu­nu vurğulayıb.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq, həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Bəli, Azərbaycan tərəfi bütün səviyyələrdə, bütün tribunalardan dönə-dönə xatırladır ki, ötən il no­yabrın 10-da imzalanmış üçtərəfli bəyanatın alternativi yoxdur və həmin sənəd mütləq icra olunma­lıdır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

19 May 2021 00:11 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə