Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətən müharibəsində bütün xalqların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər”

 

 Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Qədim mədəniyyət beşiyi olan Şuşa may ayının 12-13-də 29 ildən sonra yenə doğmalarını, qonaqlarını hərarətlə, səmimiyyətlə qarşıladı. Azərbaycanın mədəniyyət paytaxtında şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı keçirildi.

Tədbirin ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multi­kulturalizm” mövzusunda təqdim edildi. Respublikamızın müxtəlif bölgələrində yaşayan ayrı-ay­rı xalqların musiqi qrupları və ifaçıları tərəfindən Azərbaycanın millətindən, dinindən asılı olma­yaraq hər bir kəsin vahid Vətəni olduğu mesajı bütün dünyaya çatdırıldı.

Festivalın açılışındakı çıxışın­da Azərbaycan Prezidenti İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğulayaraq dedi: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda ya­şayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaş­lıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya bura­dan – Şuşadan, qədim torpağımız­dan mesaj veririk…”.

Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olma­sı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha öz təsdiqini tapdı.

Bəli, Azərbaycanda milli və dini mənsubiyyətindən ası­lı olmayaraq hər bir əsgər və zabit ötən ilki Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütöv­lüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə can­larından keçməyə hazır oldu­ğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdi.

Bu əzm, cəsarət ümummilli lider Heydər Əliyevin əsasını qoy­duğu azərbaycançılıq ideologiya­sından qaynaqlanırdı. Bu şücaət, mətinlik –“Azərbaycan mənim evimdir”– prinsipinə əsaslanırdı, “Torpaq uğrunda ölən varsa –Vətəndir” kimi müqəddəs, ülvi bir hiss-duyğudan rişələnirdi.

Qırx dörd günlük ölüm-di­rim savaşında Azərbaycanın parlaq qələbəsi də Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, zaxurla­rın və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşməyinin, “qisası qiyamətə saxlamayacağıq, elə döyüşdəcə alacağıq” inadı, ümidi ilə haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi.

Otuz ilə yaxın bir zaman ərzində yağı tapdağında qa­lan torpağın əsarətdən xila­sı arxa cəbhədə milli və dini mənsubiyyətindən asılı ol­mayaraq, hər bir Azərbaycan vətəndaşının vahid ideya–bütöv Vətən uğrunda bir bayraq altında birləşməsinin nəticəsi idi.

 

Vətən müharibəsində işğalçını bəlkə də Azərbaycan Ordusunun güc-qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı qorxudurdu, narahat edirdi. Ona görə də dö­yüş və diplomatiya meydanında məğlub olan düşmən savaş günləri feysbukda saxta profillər yarada­raq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli pay­laşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düş­künlüyü yaratmağa çalışırdı. Bu zaman qəsbkar “Azərbaycan ailəsi” anlayışının artıq silinməyəcək, pozulmayacaq bir gücə çevrildi­yini, bu amilin etnik millətlər ara­sında “Vətən”, “Yurd”, “Torpaq” kəlmələrinin müqəddəsləşməsi ilə bağlı olduğunu, ölkədə multikultu­ralizmin Azərbaycan modelinin – birgəyaşayışın parlaq nümunəsinin bütün dünyada təqdir edildiyi həqiqətini unudurdu.

Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qara­bağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyü­şüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi, bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

... Vətən müharibəsində şəhid olan Dmitri Solnsev Aleksandroviçin həyat yoluna nəzər salmaqla bunun şahidi ola bilərik. 1995-ci il aprelin 15-də Bakıda anadan olan, uşaq yaşlarında ana-atasını itirən Dmitri Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini başa vurduq­dan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdı. Azərbaycan Ordusunda hərbi xidmət keçmişdi. Ötən ilin may ayında isə TƏBİB-in tabeliyindəki müəssisədə biomühəndis vəzifəsinə qəbul edilmişdi.

... Dmitri Solnsev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 25-də isə Qubadlıda qəhrəmancasına şəhid oldu. II Fəxri Xiyabanda torpağa tapşırıldı.

D.Solnsev Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dmitri Solnsev şəhidlik zirvəsinə yüksəldiyi gün özünün “Twitter” səhifəsində yazmışdı: “Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksand­roviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi…”.

... Dmitrinin qısa ömrünə nəzər salanda 25 yaşlı şəhidin ürəyinin hər zaman Azərbaycanla döyün­düyü, Azərbaycanla fəxr etdiyi aydın görünür. Bacısı Lyudmila deyir ki, Dmitri vətənpərvər idi. Azərbaycanı qəlbən sevirdi. Ali məktəbi bitirəndən sonra qohumları­mızdan biri onu Rusiyaya işə dəvət etmişdi. Dmitri isə “Mən Bakısız, Azərbaycansız heç harda qala bilmərəm”,– söyləmişidi.

Erməni faşizminə dərin nifrəti vardı. İşğalçıdan söz düşəndə yaşlı azərbaycanlıların dilindən eşitdiyi “qarı düşmən dost olmaz” sözlərini misal çəkirdi. “Ermənilər Azərbaycan torpağında zorla məskunlaşdırılıb, burada rahatlıq tapandan sonra isə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar. Azərbaycan xalqının onlara göstərdiyi qonaqpərvərlikdən sui-istifadə edərək qurduqları dövlətin ərazisini Azərbaycanın tarixi torpaqları hesabına zaman-zaman genişləndiriblər...”,– bildirirdi. “Qa­rabağ azad olunmalıdır. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağ­lının qisası alınmalıdır. Yoxsa, bu Vətəni bizi bağışlamayacaq”,– de­yirdi…

…Vətən müharibəsində Azərbaycanda yaşayan Dmitri Soln­sev kimi digər millətlərin gənclərinin doğma Qarabağın erməni faşistlərindən təmizlənməsində qəhrəmanlıq, şücaət göstərmələri barədə çoxsayda misallar çəkə bilərik. Lakin əsas məqsəd onların doğma yurdları uğrunda döyüşə cəsarətlə atılaraq, milli birlik, milli həmrəylik nümayiş etdirmələrini, əzmkarlıqla torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparma­larını diqqətə çatdırmaqdır. Burada Vətən, Yurd sevgisi ilə bərabər, digər önəmli bir amil də var ki, bu barədə Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib: “Nəzərə alın ki, biz əks-hücum əməliyyatı həyat ke­çirirdik və düzənlikdən yüksəkliklər istiqamətində hərəkət edirdik. Əsas amil o idi ki, həmin əraziləri hətta görməyən gənclər sanki özlərinin doğma yurdları uğrunda döyüşürdülər. Biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir. Bir çox hallarda multikulturalizm və mədəni müxtəliflik mövzusunda beynəlxalq tədbirlər zamanı mən həmişə qeyd edirdim ki, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessiyalı cəmiyyətin olma­sıdır…”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, Vətən müharibəsi zama­nı bütün xalqların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğ­runda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

19 May 2021 00:05 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə