Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muzeylər Günündə Nizami muzeyinə onlayn ekskursiyalar təşkil olunub

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də hər il “Açıq qapı günü” devizi altında minlərlə ziyarətçini qəbul edib.  

Bu il Beynəlxalq Muzeylər Günündə Nizami muzeyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımda muzeyin ayrı-ayrı zallarından onlayn ekskursiyalar aparılıb.

Geniş izləyici auditoriyasının qatıldığı ekskursiya 5 dildə (Azərbaycan, rus, ingilis, ərəb, fars) təqdim olunub.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə bu il Beynəlxalq Muzeylər Günü məhz Nizami zalında qeyd olunub.

Muzey bələdçiləri ­– Tomiris Babanlı, Sevinc Heydərova, Nəzmiyyə Yigitoğlu, Natəvan Bağırova, Gülnar Əqiq, Zarema İbrahimova və digərləri apardıqları izahatlarla Nizami muzeyinin yaranma tarixi, o cümlədən Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat veriblər.

Bildirilib ki, ilk dəfə 1945-ci ildə qapılarını ziyarətçilərin üzünə açan Nizami muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. 2020-ci ildə 80 illik yubileyi qeyd olunan Nizami muzeyində qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

Ekskursiyada dünya ədəbiyyatına 5 böyük əsər – “Xəmsə” bağışlamış dahi Nizami Gəncəvinin əsərlərindən nümunələrin təqdim olunduğu xalçalar, zərgərlik və heykəltəraşlıq materialları, eləcə də Nizaminin portreti ilə bağlı müsabiqənin qalibi olmuş portet və digər eksponatlar təqdim olunub.

Muzeydəki əsərlərin bir çoxunun ərsəyə gəlməsində yaxından iştirak etmiş sənətkarlar haqqında məlumat verilib. Bu sənətkarlardan biri olan Azərbaycanın Əməkdar rəssamı Münəvvər Rzayevanın obrazlar yaradarkən qəhrəmanın daxili dünyasını böyük məharətlə təqdim etdiyi, yaratdığı büst və heykəllərlə muzeyin zallarını daha da zənginləşdirdiyi vurğulanıb.

 

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

18 May 2021 16:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə