Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda muzeylərin inkişafına yüksək dövlət qayğısı var

18 may Beynəlxalq Muzeylər Günüdür

 

Azərbaycanda muzey işinin inkişafı diqqət mərkəzində olan məsələlərdəndir. Prezident İlham Əliyev ölkəmizdə muzey işinin daha da təkmilləşdirilməsi üçün bir neçə sərəncam imzalamışdır. Muzeylərin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması ölkədə bu sahədə əsaslı yeniliklərin yaranmasına imkan vermişdir. Məlum olduğu kimi, 18 may Beynəlxalq Muzeylər Günüdür. Azərbaycanda bu tarix həmişə xüsusi olaraq qeyd olunur.

Müsahibimiz Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Çingiz Fərzəliyevdir.

 

 

– Çingiz müəllim, istərdim ki, söhbətimizə Beynəlxalq Muzeylər Gününün yaranması zərurətindən başlayaq.

– Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyət həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və ya­xından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qa­palı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib.

– Azərbaycanda dövlət səviyyəsində ilk muzey nə vaxt yaradılıb?

– Ölkəmizdə aşkar edilən qiymətli arxeoloji əşyalar o vaxtlar Tbilisi, Moskva, Sankt-Peterburq muzeylərinə göndərilirdi. Azərbaycanda dövlət səviyyəsində ilk muzey 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə yaradı­lıb. 1920-ci ildən isə Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı mil­yonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin bina­sının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xal­qımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada bu şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hü­seyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradı­lıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

Bu gün ümummilli liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların eks­pozisiyaları azərbaycançılıq ideologiya­sını uğurla təbliğ edir.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuz­lu muzeyləri ilə əlaqələri genişlənib, beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

– Erməni vandalları ötən əsrin 90-cı illərindən işğala məruz qalmış torpaqlarımızdakı muzeylərimizi də dağıdıblar. Bu barədə nələri demək istərdiniz?

– Erməni şovinistləri Azərbaycanın işğal altında olan torpaqlarında mədəniyyət müəssisələrini, dini abidələri, muzeyləri yerlə-yeksan ediblər. Dağıdılmış muzeylərin eks­ponatları da Ermənistana daşınıb. Məlum olub ki, bu eksponatların böyük əksəriyyəti xarici ölkələrdə satılıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.

Bu gün işğaldan azad edilmiş Şu­şada vaxtilə 8 muzey fəaliyyət göstərib. Mən bu yaxınlarda Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” festivalında iştirak etdim. Şuşa özü elə bir muzey-şəhərdir.

Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memori­al, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filia­lı, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşü­naslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub. Çox təəssüf ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) bu vaxta kimi ermənilərin bu vandallığına qarşı öz etiraz səsini ucaltmayıb.

Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, biz dağıdılmış mədəniyyət abidələrini, muzey və kitab­xanaları tezliklə bərpa edəcəyik. Dövlət başçısının tapşırığı ilə işğaldan azad edilmiş rayonlarda açıq hava altında muzeylər də yaradılacaq.

Dövlət başçısı və birinci xa­nım Mehriban Əliyeva dəfələrlə bizim muzeydə də olmuşlar. Cənab Prezidentin tapşırığı ilə muzeyimizdə yeni korpuslar inşa edilmiş, xidmət sahələri genişləndirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

18 May 2021 09:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə