Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentdən ermənilərə xəbərdarlıq: Bu onlar üçün özünəqəsddir!

Bütün bunlar barəsində Prezident Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsi zamanı da söhbət açıb. Azərbaycan lideri Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın qaytarılması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib ki, onun sözü birdir: əgər revanşist qüvvələr bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv ediləcəklər. Çünki artıq bütün dünya onların məkr və hiylələrinə bələddir. Ona görə də heç kim onları müdafiə etməyəcək. Dövlət başçısı bununla əlaqədar deyib: “Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir”.
Dövlət başçısı onu da əlavə edib ki, Ermənistanda həm iqtidarda, həm də müxalifətdə siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın, eləcə də Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Prezident belələrinə ciddi xəbərdarlıq edib: “Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”.
Cənab İlham Əliyev qəti şəkildə vurğulayıb ki, əgər Azərbaycan Ermənistan tərəfdən zərrə qədər də olsa təhlükə görsə, onları dərhal məhv edəcək: “Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var…”
Dövlət başçısı müsahibəsində Azərbaycan ictimaiyyətini bir daha əmin edib ki, Zəngəzur dəhlizi açılacaq, bu məsələ RF, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatında da təsbit edilib. Hazırda fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun iclaslarında da bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Heç kimdə bununla bağlı şübhə olmasın.
Prezident İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün də ardıcıl səylər göstərildiyini bildirib. Onun sözlərinə görə, son illərdə Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən qurulub, bir çox yeni hissələr yaradılıb. Naxçıvan Qarnizonunun Mərkəzi Hospitalı açılıb. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur: “Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”.
Üç il bundan əvvəl keçirilmiş uğurlu Günnüt əməliyyatını Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin bariz nümunəsi adlandıran Prezident İlham Əliyev deyib ki, çox önəmli strateji yüksəkliklər Ermənistan ordusundan təmizlənib. Bu yüksəkliklər imkan verib ki, Azərbaycan strateji kommunikasiyalara və Ermənistandan Dağlıq Qarabağa gedən yola tam nəzarət etsin. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanı əldə etməkdə ordumuza kömək göstərib.
 

Əbülfət QASIMOV,
ehtiyatda olan polkovnik-leytenant

18 May 2021 08:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə