Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni reallıqlar fonunda uğurlu diplomatik fəaliyyət

Ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar fonunda uğurlu və məqsədyönlü diplomatik fəaliyyət göstərir. Otuz illik erməni işğalı nəticəsində xarabazara çevrilmiş ərazilərin bərpasına böyük diqqət yetirən rəsmi Bakı postmüharibə dövrünün region ölkələrinə açdığı yeni imkanlardan onların maksimum faydalanmaq üçün şərait yaradacaq fəal xarici siyasət yürüdür.

 

Xüsusilə də müharibədən sonra Azərbaycan atəşkəsin əldə olun­masında böyük rol oynayan Rusiya Federasiyasının rəhbərliyi ilə sıx əlaqə saxlayır. Bu intensiv ünsiyyətin regional təhlükəsizliyin güclənməsinə və eləcə də yeni reallıqların forma­laşdırdığı iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid bəslənilir. Prezident İlham Əliyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə bununla əlaqədar bildirdi ki, münaqişədən sonrakı vəziyyət bütün sahələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir.

Qarabağ münaqişəsinin hərbi-siyasi yollarla həll edilməsi artıq tarixi faktdır. Azərbaycanın beynəlxalq hüquqa söykənərək təcavüzkar Ermənistanı hərb meydanında ağır məğlubiyyətə uğratmaqla işğalçı dövləti sülhə məcbur etməsi də heç kimə sirr deyil. Ötən il no­yabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra proses prinsip etibarilə müsbət istiqamətdə ge­dir. Azərbaycan regionda davamlı sülhün güclənməsi və postmüharibə dövründə regional iqtisadi inkişaf layihələrinin müzakirəsi, eləcə də, reallaşdırılması istiqamətində Türkiyə və Rusiya Federasiyası ilə intensiv əlaqələr saxlayır. Hazırda bölgədə Türkiyə – Rusiya Birgə Monito­rinq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsinə böyük töhfə verir.

Belə intensiv əlaqələr, əlbəttə ki, ümumi işə öz müsbət təsirini göstərir və qarşıya çıxan poblem və tapşırıqların operativ müzakirə olunmasına və həll edilməsinə kömək edir. Prezident İlham Əliyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə xüsusilə vurğuladı ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanma­sı risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik: “Hər halda, Azərbaycan buna ha­zırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir”, – deyən ölkə başçısı əlavə etdi ki, bu barədə noyabrda müharibənin yekun­ları üzrə bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır.

Azərbaycan 10 noyabr bəyanatında qeyd olunmuş müddəaların yerinə yetirilməsini strateji vəzifə hesab edir və yeni regional kommunikasiyaların yara­dılmasını vacib sayır. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan hökumət nümayəndələrinin birgə iclasları da keçirilir. Həmin iclas­larda Cənubi Qafqaz regionunun kommunikasiya-nəqliyyat sima­sını müsbətə dəyişəcək layihələr müzakirə olunur. Prezident İlham Əliyev rusiyalı nazirlə görüşündə xatırlatdı ki, Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya – Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə, üç ölkənin baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçiril­di. “Mənim fikrimcə, həmin görüşdə birgə bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avto­mobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq”, – deyən ölkə başçısı diqqətə çatdırdı ki, konkret müddətlər nəzərdə tutulur və bu layihənin ən yaxın vaxtlarda reallaş­ması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq. Heç kimə sirr de­yil ki, regionda nəqliyyat dəhlizlərinin yaradılması 30 ildir kommunikasiya dalanında qalmış Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Ona görə ki, yeni nəqliyat dəhlizlərinin açılması uzun illərdir iqtisadi kollapsda çapa­layan Ermənistan iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq. Azərbaycan belə layihələrin reallaşdırılmasını intensivləşdirməklə regional iqitsa­di inkişafa növbəti töhfə verməklə yanaşı, həm də geosiyasi və geoiq­tisadi küncə sıxılmış Ermənistanı da iqtisadi inkişaf prosesinə qoşur. Bu da, əlbəttə ki, Azərbaycan dövlətinin humanizm siyasətinin ruhuna uyğun­dur.

Azərbaycan təkcə iqtisadi mahiyyətli humanizm nümayiş etdir­mir, ölkəmiz həm də qalib tərəfə xas olan böyük mərhəmət göstərir. Prezi­dent İlham Əliyev Rusiya Xarici İşlər Naziri ilə görüşündə Azərbaycanın humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirdiyini vurğulayaraq dedi ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunları­na əsasən bütün hərbi əsirləri qarşı tərəfə verdi. “Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluq­çunun cəsədlərini erməni tərəfə təhvil vermişik”, – deyən ölkə baş­çısı müqayisə üçün Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfinin itkin düş­müş azərbaycanlı hərbi qulluqçular­dan heç birinin cəsədini Azərbaycana vermədiyini, belə hərbi qulluqçuların sayının isə 4 minə yaxın olduğunu da nəzərə çatdırdı. Dövlət başçısı, həmçinin bildirdi ki, Azərbaycan hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistanın işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasın­da maneəsiz kommunikasiyanı təmin edir. Xatırladaq ki, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yox­dur. Prezident İlham Əliyev bunu da Azərbaycan tərəfinin xoş məramının təzahürü kimi qiymətləndirdi. Bun­dan başqa, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Ru­siyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edildi. Ölkə başçımız bunu münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti olduğunu rusiyalı nazirin diqqətinə çatdırdı.

Əlbəttə, bütün bu xoşməramlı jestlər Cənubi Qafqaz regionunda gələcək münasibətlərə öz müsbət təsirini göstərməlidir və rəsmi Bakı proseslərin, məhz bu xoş məcrada inkişaf edəcəyinə ümid bəsləyir. Bununla belə, Ermənistanda bir sıra siyasi dairələr müharibədən sonra yaranmış yeni müsbət siyasi və iqtisadi reallıqlara uyğun davran­maq əvəzinə, revanşist bəyanatlar səsləndirirlər. Prezident İlham Əliyev Rusiya Xarici İşlər naziri S.Lavrovla görüşündə bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanda baş verən hadisələrlə, məhz art­maqda olan Azərbaycanofobiya meyilləri Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. “Anti-Azərbaycan isteriya­sı artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan de­yil”, – deyən ölkə başçısı xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılmış­dır. Prezident İlham Əliyev bir daha vurğuladı ki, erməni işğalının dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir: “Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir”. Rusiyalı qonaqla görüşündə ölkə başçısı diqqətə çatdırdı ki, ermənilərin bu nifrəti və Azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş et­dirdi. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycan Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normal­laşdırılması üçün fəal iş aparmağa ümid edir.

Bir sözlə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan – Rusiya münasibətlərinə yeni xüsusiyyətlər verir: “Biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk və bu sıx əlaqələrimiz, sizin bugünkü səfəriniz buna daha bir sübutdur”.

Rusiya Xarici İşlər naziri Ser­gey Lavrovun görüşdə səsləndirdiyi fikirlər də təsdiqləyir ki, rəsmi Moskva strateji tərəfdaş kimi qiymətləndirdiyi Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməkdə maraqlıdır. Ən əsası odur ki, tərəflər regionda siyasi və iqtisadi əlaqələrin inkişafında ma­raqlıdırlar və bu istiqamətdə intensiv iş aparırlar.

 

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

18 May 2021 08:17 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə