Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli dil, milli düşüncə və milli birliyin vəhdəti

Ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısında xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla qurtarmaq mümkün deyil. Zaman keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Xalqımızın qüdrətli öndəri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət etmək onun həyatının ən ümdə amalı idi. Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Böyük öndərimiz azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.

 

Böyük dövlət xadimi Heydər Əliyev, həm də siya­si idarəetmədə öz üslubunu yaratmış yenilikçi rəhbər idi. Onun bu istedad və qabiliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də nəhəng sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə həmişə özü­nü parlaq şəkildə göstərirdi. Yalnız yurdsevər, xalqın köklü maraqlarına bağlı lider kimi yetişmiş Heydər Əliyevin 1969- cu ildə respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycanda nəinki sovet dövlətinin verdiyi imkan­lar daxilində, hətta müəyyən maneələr dəf edilərək müstəqil düşüncəyə meydan açıldı.

Qurucu lider Heydər Əliyev sovet epoxasının son onilliklərində xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Azərbaycanın sovet dövrü rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə və iste­dadına malik ikinci bir şəxsiyyət olmamışdır.

Ulu öndər Heydər Əliyevin millət quruculuğu siyasətinin, fikrimizcə, 3 əsas prinsipi möv­cuddur: milləti özünə tanıtmaq; milləti, xüsusilə, onun ziyalılarının, böyük şəxsiyyətlərinin timsalında hər hansı təhlükədən xilas və müdafiə etmək; milləti dünyaya, eləcə də dünyanı millətə tanıtmaq. Heydər Əliyev mənsub olduğu xalqın dünya miqyasına çıxanda o qədər də mükəmməl və müasir görünməyəcəyindən çəkinmədi. Və tədricən Moskvaya, ümumən sovetlər birliyinə konkret işlə sübut etdi ki, azərbaycanlılar zəhmətkeş, mədəni, hər sahədə uğurlar qaza­na biləcək istedadlı bir xalqdır.

Ötən əsrin 80-ci illərinin ortalarında artıq Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının yox, ümumən türk-müsəlman xalqlarının lideri idi, türk dünyasının həm strate­ji, həm də taktiki problemlərini həll etmək yalnız onun üzərinə düşürdü.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə onun müqəddəs amalının və çoxillik fəaliyyətinin təcəssümü olan dövlət müstəqilliyinin başı üstünü qara buludlar alanda, ümumən onun ölkəsi məhv olmaq təhlükəsi ilə üzləşəndə gəldi. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdan Heydər Əliyev hərbi-siyasi böhranı aradan qaldırdı, vətəndaş qarşı­durmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, dövlətçilik xilas edildi. Hər sahədə qayda-qanun yara­dıldı, qanlı müharibə dayandırıldı, ölkənin hərtərəfli inkişafı üçün bütün sahələrdə islahatlar aparıldı. Tezliklə dirçəliş yarandı, gələcək tərəqqinin möhkəm bünövrəsi qoyuldu. Beləliklə, Heydər Əliyev Azərbaycanı nəinki xilas etdi, onu həm də türk dünyasının qabaqcıl bir dövlətinə çevirdi.

Azərbaycan dilinin həm ümum­xalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, titanik bir fəaliyyəti əhatə edir. Bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır. Mütəxəssislərin əksəriyyəti belə qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət və millət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub, bütöv bir sistem təşkil edir.

Doğrudan da, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bir qərinəlik tarixi dövrdə onun ölkəmizdə apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir. Bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir. Fikrimizcə, Heydər Əliyevin bir dövlət və millət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri və ideo­loji baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zaman­da, dünya miqyasına çıxmaqla ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı və mötəbər prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın və dövlətin nümunəsində və ya təcrübəsində uğurla həyata keçi­rilmişdir.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi XX əsrin 60-cı illərinin sonu– 70-ci illərinin əvvəllərinə qədər də kifayət qədər gərgin, enerjili və bir sıra mərhələlərdə məhsuldar milli dil quruculuğu prosesləri getmişdi.

Azərbaycan dili keçən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərinə, demək olar ki, paradoksal bir vəziyyətdə gəlib çıxmışdı. Əsas paradoks ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, siyasi nüfuzu, yəni dövlət dili olaraq mövqeyi məhdudlaşdırılmış, hətta hər hansı dilin inkişafı üçün mü­hüm hadisələrdən biri olan etnik-mədəni kontekstindən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi. Şimalda rus, cənubda fars dilini çıxmaq şərtilə, ümumən, geniş yayılmış dünya dilləri ilə əlaqələrdən isə söhbət belə gedə bilməzdi.

Dövlət təhlükəsizlik orqanında gənclik illərindən etibarən çalışan, xüsusi istedadına, intellektinə, işgüzarlığına görə sürətlə yüksək mövqelər qazanan Heydər Əliyev Moskvanın dövlət idarəçiliyi, eləcə də “milli ucqarlar”dakı (N.Nərimanov) idarəçilik siyasətinin nəinki mahiyyətinə, hətta “mətbəx”inə də dərindən bələd olduğundan respublikada müxtəlif sahələrdə, o cümlədən də milli dil məsələsində proble­mi necə həll etməyin optimal və uğurlu yollarını da aydın təsəvvür edirdi. Yeni liderin hakimiyyətə gəldiyi ilk illərdəki fəaliyyətini təhlil etməyə çalışsaq görərik ki, o, mövcud problemlərin həllinə təmkinlə, bütün məqamları, konyukturu, gözlənilən nəticələri hesablayıb nəzərə almaqla, həm ziyalıları, həm də geniş xalq kütlələrini səfərbər etməklə başla­mışdı. Yəni elə hərəkət etmişdi ki, potensial rəqiblər tamamilə, yaxud qismən tərk-silah olsunlar.

Hər cür impulsivliyə qarşı olan yeni lider mənsub olduğu xalqın mütəşəkkilliyini təmin etməklə onun ruhunu yüksəldirdi ki, öz tarixi hüquqlarını müdafiə eləməyə həmişə hazır olsun. Heydər Əliyevin bir dövlət başçısı olaraq uğurlu dil siyasəti yürütməsinin səbəblərindən biri milli dil qurucu­luğu təcrübəsinin (ənənənin) möv­cudluğu, ikincisi, həmin təcrübəni dərindən öyrənməsi (ənənəni davam etdirməsi) idisə, üçüncü­sü, ona sözün geniş (və böyük) mənasında, yaradıcı münasibəti idi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə münasibətinin etnoqrafik əsaslarını doğulub boya-başa çatdığı Naxçıvanın zəngin dil-ünsiyyət mühiti yarat­mışdı. O mühit ki, həm kökləri çox-çox qədim dövrlərə gedib çıxan folklorun, həm də müasir dünyagörüşlü ziyalıların vətənidir. Belə bir mühitdə formalaşmış hərtərəfli xüsusi istedada malik şəxsiyyət sürətlə yüksək mövqelər qazandıqca öz milli-mənəvi kimliyini də yüksəltmiş, mənsub olduğu xalqın timsalına çevrilmiş­di. Heydər Əliyev sonrakı illərdə, xüsusilə milli azadlıq əldə edilib müstəqil dövlət qurulandan sonra dəfələrlə xatırlatmışdı ki, onun bir azərbaycanlı kimi mənsub olduğu millətlə fəxr etməsi hissləri məhz yeniyetməlik dövründən başlamış­dır. Sovet dövlətinin idarəçiliyində yüksək mövqelər tutduqca həmin hisslər nəinki zəifləməmiş, hətta daha da güclənmiş, açıq və ya gizli təzyiqlərlə rastlaşdıqca siyasi-ideoloji məzmun kəsb edərək milli qürur mənbəyinə çevrilmişdir.

Sələflərində olmayan bir mühüm xüsusiyyət Heydər Əliyev üçün xarakterik idi ki, bu da milliliklə ümumbəşəriliyin (modern dünyagörüşünün) bir şəxsiyyətdə mükəmməl şəkildə birləşməsindən ibarət idi. Ona görə də demək olar ki, həm tələsmədən, həm də gecikmədən, bütün maneələri aradan qaldıraraq, bütün mövcud konyukturları neytrallaşdıraraq millətin mütəşəkkilliyinə nail oldu. Vətənpərvər lider Azərbaycan dilinin respublikada dövlət dili olaraq nüfuzunun o dövrkü şərtlər daxilində maksimum yüksəlməsi üçün bütün tədbirlərin görülməsini təmin etdi.

Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik edərkən yürütdü­yü milli dil siyasəti kifayət qədər müstəqilliyi ilə seçilən bir milli dövlət rəhbərinin yü­rütdüyü siyasətdir ki, onun əsas məzmununu aşağıdakı təşəbbüslər müəyyən etmişdir.

Xalq gördü ki, respublikanın yeni rəhbəri kənd zəhmətkeşləri ilə görüşlərdən başlamış, ta Azərbaycan Dövlət Universiteti­nin yarım əsrlik yubiley məclisinə və ya Azərbaycan yazıçılarının qurultaylarına qədər xalqın öz dilində – Azərbaycan dilində danışır. Və bunu elə edir ki, sanki, belə də olmalı imiş. Azərbaycan ədəbiyyatının, ümumən mədəniyyətinin klassiklərinin ümumxalq səviyyəsində keçirilən yubileyləri həm də ana dilinin ge­niş miqyasda təbliği demək idi.

Xalq özünün Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, M.F.Axundzadə, Aşıq Ələsgər, Mirzə Cəlil, Sabir, H.Cavid, S.Vurğun kimi dahilərinin dövlət (və dövlət başçısı) miq­yasında nə qədər yüksək qiymətləndirildiklərini gördükcə özü də yüksəlirdi. Və hər biri öz dövründə ana dilinə ölməz abidə qoymuş bu mütəfəkkirləri yalnız ziyalılar səviyyəsində yox, həm də geniş xalq kütlələri səviyyəsində yenidən dərk etmək bütün hal­larda milli intibaha, tarixi köklərin dərinliklərinə getməyə və bu gü­nün hansı təkamül mərhələlərinin nəticəsi olduğunu anlamağa məcbur edirdi ki, burada dil məsələsi ən mühüm məsələ idi.

Azərbaycan Respublikası­nın rəhbəri müasir Azərbaycan yazıçısının nüfuzunu o zamana qədər görünməmiş bir səviyyəyə qaldırdı, onu sovet ideologi­yasının və rejiminin inzibati təzyiqlərindən cəsarətlə qorudu, milli demokratik dünyagörüşünün yayılması üçün geniş meydan açdı. Azərbaycan yazıçılarının əsərlərinin həm respublikada ana dilində, həm də bütün Sovetlər Birliyi miqyasında rus, eləcə də digər dillərdə nəşrinə hərtərəfli şərait yaratdı. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, əgər keçən əsrin 70-ci illərində Azərbaycana Heydər Əliyev kimi böyük bir millət xadimi, geniş dünyagörüşlü lider başçılıq etməsəydi, İsa Hüseynov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Hüseyn Arif, Nəbi Xəzri, Nəriman Həsənzadə, Fikrət Qoca, Anar, El­çin kimi onlarca böyük sənətkarlar bu qədər inamla yazıb yarada, bu qədər böyük uğur qazana və ana dilinə bu qədər böyük şöhrət gətirə bilməzdilər.

1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dil, ədəbiyyat və tarix sahəsindəki xüsusilə 1930-cu illərdən etibarən məlum ideoloji çərçivəyə salınmış elmi araşdırmalar həm xronoloji, həm də intellektual-metodoloji baxımdan dərinləşməyə baş­ladı. Ən mühüm məsələlərdən biri o oldu ki, antitürkçü əhvali-ruhiyyə aradan qalxdı. Bu isə milli humanitar təfəkkürün inki­şafı, milli özünüdərkin meyda­nının genişlənməsi üçün elmi mühitdə uzun illər gözlənilən şəraiti yaratmış oldu. 1974-cü ildə ali məktəblər üçün “Müa­sir Azərbaycan dili” dərsliyinə Azərbaycan SSR-in Dövlət mükafatının verilməsi o demək idi ki, dövlət həm Azərbaycan dilini, həm Azərbaycan dilçiliyini, həm də azərbaycandilli təhsili yüksək səviyyədə himayə edir.

Nəhayət, çox mühüm təşəbbüslərdən biri o oldu ki, Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında (1978) respublikanın yeni Kons­titusiyası qəbul olundu ki, onun 73-cü maddəsində Azərbaycan dilinin respublikada dövlət dili ol­ması təsbit edildi. Ümummilli lider bu tarixi hadisəni sonralar belə xatırlamışdı: “O vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommu­nist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Əlbəttə, heç də asan olmayan bir tarixi şəraitdə irəli sürülmüş bu cəsarətli və milli siyasi möv­qe Heydər Əliyevin özünə və xüsusilə rəhbərlik etdiyi xalqa böyük inamının nəticəsi idi ki, bütün maneələrə baxmayaraq özünü doğrultdu, həyata keçdi. Niyə?– Çünki Heydər Əliyev yalnız böyük millət xadimi de­yildi, həm də dahi siyasətçi idi. Özündən əvvəlki populist, düşünülməmiş təşəbbüslərin nə ilə nəticələndiyini, problemi həll etmək əvəzinə yeni problemlər yaratdığını görmüşdü. Məsələni üzdən yox, kökündən əsaslı şəkildə həll etməyin nəticəsi idi ki, tarixi təşəbbüsün müəllifi, hər işdə olduğu kimi, bu mühüm milli işdə də özünə və xalqına qələbə qazandırdı.

Heydər Əliyev Moskvaya Sovetlər Birliyinin rəhbərlərindən biri vəzifəsinə təyin olunduqdan sonra da Azərbaycanda gedən quruculuq, o cümlədən milli dil quruculuğu proseslərinə ya­xından nəzarət etmişdir. Lakin Sovetlər Birliyi rəhbərliyində gedən dəyişikliklər, xüsusilə M.Qorbaçovun hakimiyyətə gətirilməsi və onun avantürist dünyagörüşlü idarəçilik üsulu Azərbaycan xalqının lideri­nin ictimai-siyasi fəaliyyətinin məhdudlaşdırılması, sonra isə ümumiyyətlə işdən uzaqlaşdırılıb haqsız təqiblərə məruz qalması ilə nəticələndi.

Lakin sonrakı tarixi şəraitdə Heydər Əliyevin böyük təcrübəsi göstərdi ki, həqiqi milli lider, dövlət xadimi bu və ya digər dərəcədə çətin ictimai-siyasi vəziyyətlərdə də mənsub olduğu xalqın milli məzmunlu problemlərini ya sona qədər həll etməyə, ya da bunun üçün münbit şərait yaratmağa tamamilə qadirdir. Heydər Əliyev sovet dövründə ana dilinin nu­fuzunu nə qədər mümkün idisə yüksəltdi.

Xalqın (və tarixin) tələbi ilə Azərbaycana (Vətənə) gələn, müxtəlif xarakterli hərc-mərcliklərin, iğtişaşların, dağın­tıların qarşısını alaraq ölkəni müstəqil inkişaf yoluna çıxaran ümummilli liderin 1993-cü ildən 2003-cü ilə qədər milli dil quru­culuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir. Hər şeydən əvvəl ona görə ki, ölkə parçalanmaq üzrə idi. Və belə bir şəraitdə dövlətin, eləcə də onun dilinin varlığı ciddi təhlükə altında qalmışdı.

Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət dilinin “türk dili” adlandırılmasını təklif edənlərə məsələnin tarixi mahiyyətini dərindən izah etdikdən sonra belə bir təmkinli (və müdrik) məsləhət vermişdi: “Mən də hesab edirəm ki, biz türkük. Ancaq indi gətirib biz tələm-tələsik bu Konstitusiyaya (Naxçıvan MR-nın Konstitusiyası nəzərdə tutulur) dəyişiklikdə yazaq ki, Naxçıvan Muxtar Respubli­kasının dövlət dili türk dilidir, bu, mənə elə gəlir ki, tələsiklik olar. Gəlin bunu bir də etiraf edək ki, milli dirçəliş, milli ənənələrin bərpa olunması, milli inkişaf sahəsində bu günlərdə çox mühüm qərarlar qəbul etmişik. Gəlin bir az səbr edək ki, bizim bu qərarlar həzm olunsun”.

Azərbaycan Parlamenti isə 1992-ci ilin 22 dekabrında bir qrup deputatın iştirakı ilə dövlət dilinin adı ilə bağlı məsələni, ümummilli liderin ifadəsi ilə desək, məhz tələm-tələsik müzakirə edib “türk dili”nə üstünlük verdi. Bu qərar tezliklə böyük mübahisələrə, prak­tikada isə problemlərə meydan açdı. Hər şeydən əvvəl ona görə ki, müstəqil dillər olan Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini fərqləndirməkdə çətinliklər yaran­dı. Bu, milli dil siyasəti ilə bağlı ən aktual problemlərdən birinə (demək olar ki, birincisinə!) çev­rildi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilənə qədər bu məsələ açıq qaldı.

Azərbaycan Prezidentinin dövlət dilinin taleyi ilə bağlı ilk möhtəşəm tədbirlərindən biri Azərbaycan Respublikası Kons­titusiyası layihəsinin 1995-ci ildə elm, mədəniyyət xadimlərinin işti­rakı ilə keçirilən geniş müzakirəsi oldu. İki gün davam edən həmin müzakirə yalnız qəbul etdiyi obyektiv qərarla yekunlaşma­dı, həm də onunla əlamətdar oldu ki, dövlətin dil məsələsinə həssaslığını, ona nə qədər böyük siyasi-ideoloji önəm verdiyini bir daha bütün miqyası ilə göstərdi. Əlbəttə, əsas məsələ dövlət dilinin adı ilə bağlı idi, ancaq bundan heç də az əsas olmayan bir məsələ də o idi ki, Azərbaycan dövləti və Prezident dil quruculuğunu dövlət və millət quruculuğu prosesindən ayrı təsəvvür eləmir, xalqın dilinə, doğrudan da, “onun ruhu (V.Humboldt) kimi baxırdı.

Azərbaycan Prezidentinin açılış nitqi ilə 1995-ci ilin 31 oktyabrında AMEA-da başlayan müzakirə ertəsi gün Prezident Aparatında Heydər Əliyevin bilavasitə sədrliyilə davam etdirildi. Müzakirə üç variant əsasında aparılırdı: “Azərbaycan dili”, “türk dili” və “Azərbaycan türk dili (“Azərbaycan türkcəsi”). Maraq­lıdır ki, nə qədər paradoksal olsa da, müzakirələrdə ən az müdafiə edilən variant məhz “türk dili” oldu.

Fikrimizcə, bunun əsas səbəbi o idi ki, geniş müzakirələr keçirilmədən qəbul olunmuş qərar cəmiyyət tərəfindən dəstəklənməmişdi, yaratdığı problemlər isə göz qabağında idi. Hər şeydən əvvəl, qərar qəbul edilərkən ümumxalq səsverməsi, referendum keçirilib xalqla məsləhətləşilmədiyi üçün Azərbaycan cəmiyyəti olduqca həssas bir dövrdə, haqlı ola­raq, “yuxarı”dan gələn həmin qərardan, ümumən qərarvermə prosedurundan narazı qalmışdı. Akademik səviyyədə və kifayət qədər demokratik şəraitdə aparılan müzakirələrin sonunda ümummilli lider belə bir təklif verdi ki, müstəqil Azərbaycan Res­publikasının ilk Konstitusiyasının layihəsindəki dövlət dili ilə bağlı 21-ci maddə referenduma ayrıca çıxarılsın.

Belə də oldu. 12 noyabr 1995-ci ildə referendumla qəbul olunan, 27 noyabr 1995-ci ildən qüvvəyə minən Azərbaycan Respubli­kası Konstitusiyasında həmin maddə aşağıdakı şəkildə təsbit edilmişdir: “I.Azərbaycan Respub­likasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.

Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu. Sonrakı illərdə də dil məsələsi həmişə ulu öndərin diqqət mərkəzində oldu. Dil məsələsi ilə bağlı ardıcıl olaraq çox ciddi sənədlər qəbul olundu. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haq­qında” fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dili­nin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub.

Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi bir dövrdür. Ulu öndərin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil. Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdən çağdaş Azərbaycanın mədəni intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda sosial-mədəni inkişaf hadisəsi var. Onun ölkəmizə ali rəhbərliyinin bir qərinəlik müddəti əhatə edən hər iki dövründə Azərbaycan ədəbiyyatına və dilinə, incəsənətinin müxtəlif sahələrinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb.

Hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm cəhəti indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə davamlı və hərtərəfli qayğı göstərilməsi olmuşdur. Tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər ümummilli liderin fəaliyyətində üstün yer tutmuşdur. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir.

Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun fiziki yoxluğundan sonrakı dövrdə daha dərindən və əhatəli dərk olunur.

Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Müstəqil dövlətimiz, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir.

Ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız qələbələr ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

 

Nizami CƏFƏROV,

 Milli Məclisin deputatı,

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik

18 May 2021 08:07 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə