Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi Qələbəmizin Şuşa təntənəsi

Haqqın ədalətsizliyə, ədalətin haqsızlığa qalib gəlməsindən doğan sevinc misilsizdir. Belə qələbənin sevinci ən böyük təntənələrə layiqdir. Ötən həftə Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı da məhz xalqımızın tarixi Qarabağ qələbəsinə layiq bir təntənə oldu. Ötən il dekabrin 5-də Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradından sonra bu il mayın 12-də Şuşada təşkil olunan mədəniyyət bayramı çağdaş tariximizin ən önəmli, nadir, yaddaqalan hadisələrindən biri oldu.

 

Zəfər paradı Vətən müharibəsində işğalçı Ermənistanın üzərində çalınan Qələbənin – Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin şərəfinə ümum­milli siyasi təntənə idisə, milli mədəniyətimizin paytaxtı sayılan Şuşada keçirilən müsiqi festivalı da işğaldan azad edilmiş torpaq­larımızın əzəli Azərbaycan ərazisi olduğunu təsdiqləyən beynəlmiləl mədəni aksiya oldu. Hər iki təntənə xalqımızın hər bir övladına ürəkdolusu sevinc yaşatdı, bütün ölkəmizi xoşbəxtlik duyğuları ilə coşdurdu. Hər birimiz üçün xoş olan anların, bütövlükdə, xalqımız üçün də xoşbəxt günə çevrilməsi tarixi ədalətin təzahürü oldu. Məsələ burasındadır ki, Azərbaycanın, o qədər də kiçik sayılmayan 30 illik bir müddətdə, dünya miqyasında haqsızlıqla üzləşməsi, beynəlxalq aləmə hökm edən qüvvələrin haqq işimizə ədalətsiz münasibəti xalqımıza qlobal namərdliyin ən ağır itki və ağrılarını yaşatdı. Odur ki, Qarabağ qələbəmiz təkcə xəyanətkar, quldurxislət erməni toplumu üzərində deyil, həm də qlobal namərdliyə vurulan zərbə oldu.

Milli haqqın beynəlxalq ədalətsizlik üzərində qələbəsi isə çağdaş dünyada nadir bir hadisə olmaqla, Azərbaycan xalqının yurd sevgisinin yenilməzliyini, döyüşkənliyinin misilsizliyini bir daha tarixə həkk etdi. Dünyanın ən gözəl bölgəsini– aranlı-yaylaqlı, dağlı-dənizli, min bir sərvətli cənnətmisal ərazisini min illər boyu özündən də güclü yağılardan qoruyub müqəddəs Vətən etmiş xalqımız bu gün daha artıq hünərli olduğunu namərdlər dünyasına bir daha sübut etdi. Siyasi paytaxtımız Bakıda keçirilmiş hərbi Zəfər paradı və mədəniyyət paytaxtımız Şuşada təşkil edilən “Xarıbülbül” musiqi festivalı xalqı­mıza məhz bu qeyrətin, bu qüdrətin şərəfinə qurulan ümummilli təntənə yaşatdı.

Əsası 30 il əvvəl – Şuşanın başı üstündə xəyanət və fəlakət kabu­su dolaşdığı günlərdə qoyulmuş “Xarıbülbül” festivalının məqsədi cənnət Qarabağın və onun tacı olan Şuşanın əzəli Azərbaycan ərazisi olduğunu namərdlər, xəyanətkarlar dünyasına anlatmaq idi. Şuşanın min bir gül-çiçəkli əlvan xalısının şahənə, möcüzəli ilməsi olan “Xarıbülbül” çiçəyini də, sanki, ulu Tanrı bu həqiqətin canlı timsalı olaraq yaratmışdır. Çiçəyin ləçəkləri üstünə qonmuş bülbül və xarın (arı) donmuş savaşı onun həqiqi sahibi ilə yağmaçı yağının mübarizəsini andırır. Gül-çiçək aşiqi bülbül öz sevgilisini zəhərli arıdan qorumaq üçün sinəsini qabağa vermişdir.

Bu İlahi həqiqət nişan verdiyi, anlatdığı hikmətlə 29 il əvvəlki ilk festivalda olduğu kimi, Qarabağ uğ­runda həlledici Vətən müharibəsində də qələbə rəmzinə, savaş çağırı­şına çevrildi. Şuşa uğrunda misli görünməmiş əlbəyaxa döyüş də bu şəhərin əfsanəvi çiçəyinin əks etdirdi­yi amansız mübarizənin – sevgi ilə vəhşiliyin, sahibliklə yağmaçılığın ölüm-dirim savaşı örnəyi oldu: eşq nifrətə, nəğməkar bülbül zəhərli arıya, “Xarıbülbül” həqiqəti namərdlik dünyasına qalib gəldi. Bütün bunlara görə “Xarıbülbül” festivalı da tarixi Qələbəmizin Şuşa təntənəsini dünya­ya nümayiş etdirməklə İlahi hökmlü ədalətin gec-tez, amma mütləq qalib gəldiyini haqsızlığın baş alıb getdiyi dünyaya Şuşa həqiqəti zirvəsindən anlatdı. 32 il əvvəlki “Xarıbülbül” festivalının və indiki təntənənin iştirakçıları olmuş müsahiblərimizlə bu ortaq duyğu-düşüncələrimizin, ümumi qənaətlərimizin davamında dünyaca məşhur ustad tarzən və Qarabağ ensiklopediyasının yaradı­cısı, tədqiqatçı jurnalist olan soydaş­larımız məxsusi olaraq aşağıdakıları bildirdilər.

Ramiz Quliyev, Xalq artisti, professor, Dövlət mükafatı laureatı:

– Qarabağ, Şuşa həsrəti ilə yaşadığımız 3 onillik müddətdə hər bayramda, əlamətdar gündə ən böyük arzumuş işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsi olurdu. Musiqiçilərimiz isə hər çıxışlarında bir nəfər kimi deyirdilər: “O gün olsun ki, Şuşada, Cıdır düzündə konsert verək!”. Mən özüm də illər boyu bu arzuda ol­muş, çıxış etdiyim auditoriyalar qar­şısında bu sözləri təkrarlamışam. O gün, gec də olsa, gəldi. Özü də bu dünyadan Qarabağ nisgili və inamı ilə köçmüş ümummilli lider Heydər Əliyevin özünün layiqli varisi Prezident İlham Əliyevə ən böyük vəsiyyətinin əzmlə gerçəkləşdirilməsi nəticəsində biz bu xoşbəxtliyə qovusduq. Bizi bu çoxillik arzumuza müzəffər Ali Baş Komandan İlham Əliyevin müd­rik və dönməz siyasəti, çevik və qətiyyətli sərkərdəliyi ilə yenilməz Azərbaycan Ordusu qovuşdurdu.

Gün gəldi ki, nəinki Azərbaycan musiqiçiləri, eləcə də xaricdən gəlmiş sənətkarlar da Şuşada, Cıdır düzündə öz çıxışları ilə, birlikdə möhtəşəm təntənə yaratdılar. Bu günü illər boyu Prezident İlham Əliyev xalqımıza böyük inamla vəd edirdi. Şuşada, Cıdır düzündə ilk “Xarıbülbül” festivalında iştirak etmiş bir sənət adamı kimi mən 29 il sonra yenidən bərpa edilmiş bu beynəlxalq musiqi bayramında ilk sırada əyləşmək qismətini taleyimin ən böyük mükafatı sayıram.

Mən çox musiqi bayramlarında, beynəlxalq müsabiqə və festivallarda iştirak və çıxış etmişəm. Budəfəki “Xarıbülbül” təntənəsi həmin məclislərin hamı­sından önəmli və dəyərli oldu. Bu festival bütöv bir xalqın arzu-istək və mübarizəsinin sənətin dili ilə ifadə olunan nümayişi idi. Azərbaycan Prezidenti bu beynəlxalq musiqi törənini ən yüksək səviyyədə bərpa etməklə dünyaya bir daha sübut etdi ki, Qarabağın da, Şuşanın da, tarixi törənlər səhnəsi olmuş Cıdır düzü­nün də əzəli və əbədi sahibi bizik.

“Xarıbülbül” əfsanəsində arı tikanını gülün sinəsinə soxub şirəsini çəkdiyi, ləcəklərini soldur­duğu kimi, erməni quldurlar da ötən 29 ildə Şuşanı qarət edib, xaraba qoymuşdular. Biz isə bu tarixi şəhərimizi öz sevgimizdə yaşatdıq, gün yetişəndə namərd düşməndən xilas etdik. Dövlət başçımız bu nadir şəhəri, dağlar gözəlini milli mədəniyyətimizin paytaxtı elan edib. Şuşanı bütün xalqımız qurub-yarat­dığı kimi, xalqımızın ən igid oğul­ları da qanları bahasına xilas edib Azərbaycana qaytardılar.

Şuşanın mədəniyyət paytaxtı haqqı da daşıdığı bu dəyərdən irəli gəlir. Bizi dünyada mədəniyyətimiz təqdim etdiyi kimi, onun mədəniyyət paytaxtı da daha əzəmətlə tanı­dacaq. “Xarıbülbül” festivalı bu məramla milli mədəniyyətimizi, Qarabağa sahibliyimizi dünyaya tarixi Şuşa ucalığında, zümrüd Topxana meşəsi fonunda, aradakı Daşaltı yarğanının başı üstündə, Cıdır düzünün füsunkar qoynunda nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qızları ilə Şuşada “Xarı­bülbül” festivalının açılışında iştirak etmələri, dövlət başçısının şəhərin bərpası ilə bağlı rəmzi tədbirlərlə bayrama layiqli töhfələr verməsi, axşam isə atəşfəşanlıq keçirilməsi ümumi təntənəni birə-beş yüksəltdi. Bütün bunlar Şuşaya və Qarabağa bədbəxtlik gətirmiş düşmənlərə və onun havadarlarına birdəfəlik dərs olmalıdır.

Prezident İlham Əliyevin festival iştirakçıları qarşısında namərdlər dünyasına bəyan etdiyi kimi: “Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət pay­taxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıl­dı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. Bundan sonra biz Şuşada əbədi yaşayaca­ğıq”.

Vasif Quliyev, “Şuşa” qəzetinin baş redaktoru:

– Prezident İlham Əliyev həmin çıxışının davamında dedi ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi təsadüfi deyil. Biz bununla öz dini, milli, mənəvi köklərimizə dərindən bağlı olduğumuzu bir daha sübut etdik. Başqa halda, biz işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışdıq: torpaqları azad, ədaləti bərpa, düşmənin yalanlarını ifşa edək, eyni zamanda, milli ləyaqətimizi qoruyaq. “Xarıbül­bül” festivalı da dünyaya göstərdi ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.

Ramazan bayramı münasibətilə Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu, “Xan qızı Natəvan” bulağından yenidən su gəldi. Dövlət başçısının dediyi kimi, bütün bunlar böyük rəmzi məna daşıyır: “ Bax bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Ölkəmizin bütün xalqlarının övladları Qarabağda erməni xəyanətkarlara qarşı birlikdə və igidliklə döyüşdüyü kimi, festivalda da bütün etnik mədəniyyətlər təmsil olunmuşdu, üstəlik, xaricdən də xeyli qonaqlar gəlmişdi. Bununla bədnam erməni başbilənlərinin “azərbaycanlılarla bir yerdə yaşa­mağın mümkün olmaması” barədə həyasız yalanı bir daha puç edildi.

Mən bu böhtanın müəllifi quldur Robert Koçaryanı Xankəndidə orta məktəbdə oxuyandan tanıyırdım. Vaxtilə karyera xatirinə imkanlı azərbaycanlıların ayaqqabısını yalayırdı. Havadarlarının fitvası ilə Qarabağı cəhənnəmə çevitdirmiş, nəticədə, xalqına da bədbəxtlik, məğlubiyyət gətirmiş bu xəyanətkar Şuşadakı beynəlmiləl bayramı, axşam isə Şuşa səmasındakı atəşfəşanlığı görəndə, görəsən, dünyaya “bəyan etdiyi” yalan və böhtana görə xəcalət çəkdimi? Bax bu yerdə, “Xarıbülbül” təntənəsi düşmənlərimizə anlatmalıdır ki, özgə haqlarına sahib olmaq müm­kün deyil. Başqa xalqa bədbəxtlik gətirənlər özləri daha betərinə tuş gələcəklər.

Şuşada doğulub ermənilərlə qonşuluqda yaşamış bir azərbaycanlı kimi xəyanətkarlara deyirəm ki, Bakıdakı hərbi paradı və Şuşadakı “Xarıbülbül” musiqi festivalının diqtə etdiyi bəşəri həqiqəti heç vaxt yaddan çıxar­masınlar. Unutsalar, daha artığına tuş gələcəklər. Haqsızlıq dağıdıcı olsa da, həqiqət və ədalətdən güclü deyil.

İlk və sonuncu “Xarıbülbül” festivalının iştirakçıları olmaq şərəfini yaşayan müsahiblərimiz tamamilə haqlıdırlar: 30 illik ağrı və kədərin sonunda Azərbaycan xalqı torpaqlarını və xoşbəxtliyini geri qaytardı. Göründüyü kimi, 30 il yalançı, köksüz təntənələrlə özünü aldadıb, axırda çıxılmaz bataqlığa düşmüş erməni başbilənləri ən böyük cinayəti öz xalqlarına qarşı törədiblər və bunun cəzasını mütləq çəkməlidirlər.

“Xarıbülbül” zəfər rəmzi çağdaş Qarabağ həqiqətini necə də gözəl əks etdirir: Qarabağ gülünün sahibi Azərbaycan bülbülüdür. Zəhərli-tikanlı arı isə nifrətə, heçliyə məhkumdur. “Xarıbülbül” təntənəsi xarxislət erməni quldurlarını torpa­ğımızdan qoparıb atan Azərbaycan Ordusunun Qarabağ rəşadətinə, qəhrəman oğullarımızın Şuşa zəfərinə qoşulan beynəlmiləl bir simfoniya kimi səslənərək, dostları­mıza sevic payladı, düşmənlərimizi isə xar elədi. Dünya bir daha gördü ki, Qarabağ, onun tacı Şuşa əbədi olaraq Azərbaycandır!

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

18 May 2021 07:51 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə