Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham ƏLIYEV: Revanşist qüvvələr gərək odla oynamasınlar

Mayın 10-da Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri olub. 10 may müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin doğum günüdür. Ölkə başçısı bu əlamətdar günlə bağlı danışarkən bildirdi ki, əvvəllər Naxçıvana 14 dəfə səfər edib. Lakin ilk dəfədir ki, may ayının 10-da Naxçıvana gəlir. Əlbəttə, bu da başa düşüləndir. Bu, torpaqlarımızın işğaldan azad edilməsindən sonra ümummilli liderin ilk doğum günü idi və belə bir gündə məhz onun Vətənini ziyarət etmək böyük rəmzi məna daşıyırdı.

 

Naxçıvanda olarkən Azərbaycan Televiziyasına müsahibə verən ölkə başçısı səfərlə bağlı təəssüratlarını bölüşdü. Bir sıra sosial-iqtisadi obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyev muxtar res­publikada görülən işləri müsbət qiymətləndirdi.

Müsahibə zamanı tarixi Zəfərdən sonra yaranan yeni reallıqları bir daha diqqətə çatdıran Ali Baş Komandan xüsusi vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll edilib. Məlum ol­duğu kimi, son günlərdə bəzi dövlətlərin rəsmiləri və xarici dairələr münaqişənin həll olunmadığını, problemin hələ də davam etdiyini deyirlər. Bu iddiaya dəfələrlə münasibət bildirən dövlət başçısı bir daha vurğuladı ki, münaqişə artıq həll edilib. Biz bu problemi özümüz həll etmişik.

Ümumiyyətlə, münaqişənin bitmədiyini iddia etmək bölgədə yeni təhlükə yaratmaq məqsədini daşı­yır. Qeyd olundu ki, bəzi qüvvələr bəyannaməni atəşkəs sənədi kimi qələmə verməyə çalışırlar. Lakin atəşkəs sənədində bir maddə olur. Bu sənəddə isə bir çox məsələnin həllinə dair maddələr var. Bu maddələrdən biri də kommunikasiyaların açılmasıdır. Münaqişə davam edirsə, hansı kommu­nikasiya xəttinin açılışından bəhs etmək olar?

Dövlət başçısı bildirdi ki, bu səbəbdən münaqişənin həll olunma­dığını bildirən və məsələyə müdaxilə etməyə çalışan qüvvələr əvvəlcə bu reallığı nəzərə almalıdırlar. Prezi­dent İlham Əliyev, həmçinin Kanada Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı verdiyi bəyanata da münasibət bildirdi. Məlum olduğu kimi, bir neçə gün əvvəl Kanada Xarici İşlər Nazirliyi Azərbaycanın daxili məsələləri ilə bağlı bəyanat verib.

Ölkə başçısı xüsusi vurğuladı ki, bu, yolverilməzdir. Kanadanın belə bir bəyanat verməyə haqqı yoxdur: “Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun.”

Həmçinin, Fransanın Xarici İşlər Na­zirliyinin yaydığı bəyanat da qəbuledilən deyil. Prezidentin sözlərinə görə, artıq dəfələrlə Fransa tərəfinə bu məsələ ilə bağlı iradlarımızı bildirmişik. Məsələ isə ondan ibarət idi ki, Fransa Senatı­nın sədri İrəvanda olarkən bildirmişdi ki, senat “Dağlıq Qarabağ muxtar vilayəti”ni tanıyacaq. Fransa hökuməti isə bu məsələ ilə bağlı etirazlarımızın cavabında deyir ki, fikir verməyin, bu qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyi deyil. Burada isə belə bir sual ortaya çıxır. Bəs Xarici İşlər Nazirliyi? Bu qurum da hakimiyyətin mövqeyini əks etdirmir?

Həmçinin, Bakıda yaradılan Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı qaralama kampaniyası aparılır. Əlbəttə, belə çirkin kampaniyalara son qoyulmalıdır. Prezident İlham Əliyev söyləyib ki, bu iddiaları ortaya atanlar əvvəlcə gedib özlərinə baxsınlar.

Azərbaycanda 44 günlük müharibənin ardından əldə olunan qənimətlərin, nümayişi üçün yaradı­lan Hərbi Qənimətlər Parkı ölkəmizin qazandığı tarixi zəfərin miqyasını bütün dünyaya, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, qələbənin ən önəmli ünsürlərindən biri gənclərin vətənpərvər ruhda böyüməsi idi. Bu park bundan sonrakı nəsillərə tarixi zəfərimizin hansı şəraitdə qazanıldığını, Azərbaycanın necə xain bir düşmənlə savaşdığını göstərəcək. Yeri gəlmişkən, dünyada da bu qəbildən olan zəfər parkları, muzeyləri yetərincədir. Hərbi Qənimətlər Parkının yaradılmasını antihumanist bir addım kimi qələmə verməyə çalışan, hər fürsətdə bu əsassız iddianı dilə gətirən ölkələrdən biri də məhz Fransadır. Əlbəttə, pay­taxtında “İnsan muzeyi” (le musée de l’homme) yerləşən bir ölkənin belə iddia ilə çıxış etməsi böyük bir təzad yara­dır. Bu barədə Qrand Magreb (Grand Maghreb) Assosiasiyasının baş katibi, hüquqşünas Abdel Gesum bildirib ki, Fransanın Əlcəzairi işğal etməsi qanlı işğal dövrü sayılır. Həmin işğal zamanı fransızlar dinc əhaliyə, qadın­lara, körpələrə, qocalara qarşı soyqı­rımı törədiblər. Bu soyqırımına qarşı mübarizə aparan əlcəzairli partizanlar da amansızcasına qətlə yetirilib. Daha sonra Fransada yüksək əhval-ruhiyyə ilə muzeyin açılışı olub. Parisin İnsan Muzeyində saxlanılan kolleksiya da məhz bu vəhşətin nümunəsidir. Burada Fransa müstəmləkəsinə təslim ol­maq istəməyən, müqavimət göstərən əlcəzairlilər dünyaya quldur kimi təqdim edilir və onların kəllə sümüklərindən ibarət kolleksiya nümayiş olunur. Hələ işğal davam edərkən qətlə yetirilən əlcəzairlilərin kəllə sümükləri həmin kolleksiya üçün Parisə göndərilirdi. Bu kəllə sümükləri açılışa qədər zirzəmilərdə saxlanılıb və hətta onların kimliklərinin müəyyən olunması da mümkünsüz hala gətirilib.

Abdel Gesum qeyd edib ki, uzun illər aparılan danışıqlardan sonra nəhayət bu kəllə sümüklərinin bir qismi Əlcəzairə qaytarılıb.

Dövlətimizin başçısı da öz növbəsində bu məsələyə toxunub. Bildirib ki, Fransada muzeydə Əlcəzair Milli Müdafiə Hərəkatının rəhbərlərinin kəllələri sərgilənir. Belə bir ölkə necə olur ki, hüquqi torpaqları 30 ilə yaxın düşmən işğalında olan, dəfələrlə qeyri-insani hücumlara məruz qalan və uzun illər sonra heç bir beynəlxalq hüquq normasını pozmadan tarixi qələbə qazanan Azərbaycana dil uzadır, hələ üstəlik bizi barbarlıqla ittiham edir.

Bununla yanaşı, mayın 8-də — Şuşanın işğalı günü Ermənistan iqtidarı və müxalif qüvvələr Şuşa şəhərinin qaytarılması və revanşizmlə bağlı bəyanat verdilər. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Ermənistanın revanşist iddialarla bağlı hər hansı bir praktiki əməli baş tutarsa, onlar dərhal məhv ediləcəklər. Əgər erməni tərəfi bu barədə düşünsə “dəmir yumruq” yenidən onları darmadağın edəcək.

Ali Baş Komandanın söylədiyinə görə, Azərbaycan hələ ki, bu bəyanatlara təmkin göstərir. Ermənistanda, demək olar, bütün siyasi qüvvələr Şuşanın və Hadrutun geri qay­tarılması ilə bağlı fikirlər səsləndirirlər: “Amma gərək onlar odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, onları dərhal məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var”.

İmran ƏLİYEV, “Xalq qəzeti”

18 May 2021 07:42 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə