Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələdə yol infrastrukturunun diqqətdə saxlanılması regionların inkişafına göstərilən qayğının bariz ifadəsidir

Azərbaycanda reallaşdırılan yol-nəqliyyat infrastrukturu ilə bağlı layihələr sırasında dəmir yollarının müasirləşdirilməsi xüsusi yer tutur. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafından, başqa sözlə, vətəndaşların rahatlığına yüksək diqqətdən xəbər verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 15-də Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

 

Qeyd edim ki, bu layihənin reallaş­ması ilə Qəbələdən paytaxta və əks istiqamətdə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaranır.

Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin dəmir yollarında aparılan quruculuq işləri Azərbaycan iqtisadiy­yatının güclənməsini və büdcə daxi­lolmalarının artmasını gerçəkləşdirir. Bu isə, öz növbəsində, ölkə rəhbərinin Azərbaycan vətəndaşının rifahının yaxşılaşması istiqamətində müəyyənləşdirdiyi strategiyanın yüksək səviyyədə reallaşdırılmasını şərtləndirir.

Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturunun, o cümlədən, dəmir yolunun yenidən qurulması, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun istifadəyə verilməsi də mühüm önəm daşıyır. Belə bir layihənin reallaşması Qəbələ sakinlərinin rahat və təhlükəsiz şəkildə dəmir yolu nəqliyyatından istifadəsinə hərtərəfli imkan yaradır.

Xatırladım ki, Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Bütün bunlar respublika iqtisa­diyyatının inkişafında çox mühüm rol oynayan dəmir yolu şəbəkəsinin genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması, bu sahədə infrastrukturun genişləndirilməsi ilə bərabər, həm də köhnə xətlərin müasirləşdirilməsindən xəbər verir. Eyni zamanda, əhalinin, dövlət struk­turlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətə xüsusi önəm verilməsini göstərir.

Prezident İlham Əliyev və bi­rinci xanım Mehriban Əliyevanın Qəbələyə səfəri çərçivəsində 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu da bərpadan sonra istifadəyə verilib. Bununla da əhali rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət etməkdən, ye­tişdirdiyi kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə, eləcə də paytaxta aparan zaman qarşılaşdığı izafi xərclərdən xilas olub.

Burada vurğulamaq yerinə düşər ki, son 18 ildə dövlətimizin başçısı­nın düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magist­rallarının tikintisi və yenidən qurul­masına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.

Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdim. Əvvəlcə xatırladım ki, cənab İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrast­rukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanı­lıb. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilib, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulma­sı, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi, habelə ətrafının yaşıllaşdırılma­sı istiqamətində ciddi tədbirlər gerçəkləşdirilib.

Dövlətimizin başçısı çıxışlarının birində deyib: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var”.

Buna görə ötən illərdə olduğu kimi, bu gün də yol infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə önəmli layihələr gerçəkləşdirilir.

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

18 May 2021 07:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə