Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ: qədim diyarın yeni növrağı qürurvericidir

Qəbələdə belə möhtəşəm binaların, sarayların yaradılması, əlbəttə, onu göstərir ki, Azərbaycan, sözün əsl mənasında, müasir dövlətdir, güclü dövlətdir. Bizim bölgələrimiz də paytaxtdan geri qalmamalıdır.

İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti

 

Qəbələ füsunkar bir məkan olmaqla bərabər, son illərdə böyük zövqlə, sürətlə inkişaf edən rayonlarımızdan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə son səfərinin yekunları bu qənaətimizi daha da gücləndirir.

Məlum olduğu kimi, mayın 15-də dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələdə səfərdə olublar. Səfər proqramı çərçivəsində öncə rayonda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum –Tikanlı – Abrıx avtomobil yolunun 2-ci kilometrliyində – Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Ardınca Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinə gedib və orada görülmüş işlərlə tanış olublar. Həmçinin qəsəbədə təmirə ehtiyacı olan 1 saylı orta məktəbə və Müqəddəs Yelisey adına Cotari kilsəsinə də baş çəkiblər. Sonra Qəbələ dəmir yolu vağzalının və Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun açılışı olub.

Xatırladaq ki, ölkəmizin bütün rayonları olduğu kimi, Qəbələyə də dövlət səviyyəsində böyük qayğı göstərilir, gözəl diyarda həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Ölkə Prezidenti buraya dəfələrlə səfər edib. Hər səfərində də neçə-neçə sosial-mədəni obyektin istifadəyə verilməsi, yolların açılışı, təchizatın yaxşılaşdırılması üzrə tədbirlər reallaşdırılıb. Qəbələlilər Prezidentin 2019-cu il oktyabrın 28-də rayona səfərini yaxşı xatırlayırlar. O zaman dövlət başçısının xeyir-duası ilə “Qəbələ” elektrik yarımstansiyası, içməli su təchizatı və kanalizasiya sistemi istifadəyə verildi, “Azərxalça” ASC-nin yerli filialı açıldı, həmçinin Böyük Əmili – Bılıx – Əmirvan avtomobil yolu istismara verildi. Həmin səfərin xoş təəssüatları qəbələlilərin könlündə təzə-tər qalmaqda ikən, bu il mayın 15-də Prezident İlham Əliyev növbəti səfəri ilə onları bir daha sevindirdi.

Yol çəkmək, körpü salmaq dünyada ən savab işlərdən sayılır. Bu baxımdan, 20 min nəfər əhalinin yaşadığı 11 kəndi rayon mərkəzindən və digər ərazilərdən ayıran Bum çayının üzərində yeni körpünün və qəsəbəyə gedən yolun bərpadan sonra açılışı, xüsusilə böyük önəm daşıyır. Bu körpü və yol Prezident İlham Əliyevin Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır. Bunadək şəhərlə əlaqəsi kəsilmiş sakinlər bolsulu çaydan keçməli olur, təhlükə ilə üzləşirdilər. Dövlət başçısının qayğısı sayəsində artıq onların bu çətinliyi arxada qalıb. Açılış zamanı Prezidentə son illərdə Qəbələdə görülən quruculuq işləri barədə ətraflı məlumat verildi və əhalinin İlham Əliyevə hədsiz minnətdarlığı çatdırıldı.

Səfər zamanı Nic qəsəbəsindəki XII əsr yadigarı – Müqəddəs Məryəm Ana Alban kilsəsində bir daha dünyanın diqqəti Azərbaycan dövlətinin tolerant və multikultural dəyərlərə necə mühüm önəm verdiyinə cəlb edildi. Xüsusi vurğulandı ki, udilərə məxsus olan bu kilsə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb və 2020-ci ilin noyabr ayında işlər başa çatdırılıb. Türyançaydan gətirilən daşlardan, həmçinin kərpiclərdən hörülmüş divarlar, klassik çilçıraqlar, müasir işıqlandırılma sistemi – hamısı qədim konsepsiyaya uyğun yaradılıb. Özü də bu, ərazilərimizi işğal etmiş mənfur erməni vandallarının Qarabağda müsəlman ziyarətgahlarını, məscidləri dağıtdıqları, daşını daş üstə qoymadıqları bir vaxtda gerçəkləşdirilməsi ilə əlamətdardır. Qoy, dünya özü baxıb nəticə çıxarsın: o, erməni faşistlərinin dini ibadət yerlərinə münasibəti, bu da bizim heç zaman və heç yerdə dini ayrı-seçkiliyə yol vermədiyimizin sübutu!

Kilsədə bir maraqlı və vacib detal da diqqətə çatdırıldı. Bu, ərazidən tapılan əlyazmanın göstərilməsi idi. Udi dilində olan və dünyanın ən məşhur linqvistlərinin tərcümə etdiyi alban əlifbalı əlyazma tarixi saxtalaşdırmaqda, alban din ocaqlarını özününküləşdirməkdə “zirək” olan ermənilərə daha bir tutarlı cavab oldu. Cənab İlham Əliyev bununla bağlı bildirdi ki, əlyazma 9 dilə tərcümə edilib. Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Bunu məşhur Avropa alimləri təsdiqləyiblər və hər bir vərəqi orijinaldır. Prezident, həmçinin bu əlifbada kitabların dərc olunması zərurətini qeyd etdi. Dövlətimizin başçısına latın əlifbası ilə alban dilinə tərcümə olunmuş yeni Müqəddəs kitab hədiyyə edildi.

Prezident İlham Əliyev bir daha xatırlatdı ki, biz xalqların həm dini, həm də mədəni özəlliklərinə də böyük hörmətlə, ehtiramla yanaşırıq: “Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”.

Səfər zamanı bərpaya ehtiyacı olan Nic qəsəbəsindəki 1 saylı məktəbə baş çəkən dövlət başçısı onun və idman kompleksinin Heydər Əliyev Fondu tərəfindən, digər bir məktəbinsə dövlət xətti ilə təmir ediləcəyini bildirdi. Eyni zamanda, Prezident və ailə üzvləri Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular, burada şam yandırdılar. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban – Udi xristian dini icmasının istifadəsinə verilib. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Nic qəsəbəsində yaşayır. Udi din xadimləri cənab İlham Əliyevin dəstəyini hər zaman gördüklərini və bundan çox məmnun olduqlarını söylədilər.

Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir. Bu baxımdan Qəbələ dəmir yolu vağzalının və Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun açılışı da səfərin yaddaqalan məqamlarından oldu. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, hazır vəziyyətə gətirilən Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ dəmir yolu vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacallı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələyə səfəri tarixi anları ilə yaddaşlara iz saldı. Dünya bir daha şahidi oldu ki, biz bu gün erməni işğalçılarının viran qoyduğu ərazilərin bərpası ilə bərabər, digər bölgələrimizdə də genişmiqyaslı abadlıq-quruculuq işləri görür, mühüm layihələri həyata keçiririk. Bu isə Azərbaycanın sülhpərvər bir dövlət, xalqımızın qurucu və tərəqqipərvər bir xalq olduğunun təzahürüdür.

Əli NƏCƏFXANLI,

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”

18 May 2021 07:13 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə