Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizinin açılmasına heç bir qüvvə mane ola bilməz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə səslənən olduqca dəyərli fikir və mülahizələr hamı kimi, məndə də dərin maraq oyatdı və ürək sözlərimi yazmağa sövq etdi.

 

Əvvəla qeyd etmək istəyirəm ki, mən möhtərəm Prezidentin müsahibəsini televiziyadan hər zaman olduğu kimi, bu dəfə də çox həvəslə izlədim. Naxçıvanın sürətlə inkişaf etdiyini, burada bütün lazımi infrastrukturun yaradıldığını qeyd edən dövlətimizin başçısı fəxrlə bildirdi ki, son illər muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Cənab Prezident əmindir ki, Naxçıvan bu liderliyi bundan sonra da qoruyub saxlayacaq. Bu, əlbəttə, muxtar respublikanın rəhbərliyinə və əhalisinin əməyinə verilən yüksək qiymət və böyük etimaddır. Zərrə qədər şübhə etmirəm ki, naxçıvanlılar bu yüksək etimadı bundan sonra da doğruldacaqlar.

Müsahibədə sonra vurğulandı ki, Azərbaycan dövləti tərəfindən Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Belə ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır və ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika bir çox qabaqcıl ölkələrdə olan texnikadan da üstündür. Qeyd olundu ki, Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir.

Ölkə Prezidenti Naxçıvana səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə də tanış olub. Cənab İlham Əliyev müsahibədə bu barədə dedi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Təəssüf ki, son vaxtlar Ermənistanı himayə edən bəzi xarici ölkələr və dairələr deyirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Prezi­dent İlham Əliyev dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Naxçıvanda bu məsələyə münasibət bildirərkən dövlətimizin başçısı dedi: “Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. No­yabrın 10-da imzalanmış sənəd, məhz Ermənistanın kapitulyasiya aktıdır”.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və bu məsələyə qayıtmaq əbəsdir. Azərbaycan dövlətinin mövqeyi qəti və prinsipialdır: “Əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir”.

 

Əfrahim TƏHMƏZOV,

Əfqanıstan müharibəsi veteranı,

ehtiyatda olan ədliyyə polkovniki

18 May 2021 07:08 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə