Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfərdən sonra genişmiqyaslı bərpa dövrünə start verilib

Azərbaycan 44 gün davam edən Vətən müharibəsindəki qələbə nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın işğalçı və terrorçu ordusu üzərində qazanılmış bu böyük və şanlı qələbə zəngin siyasi təcrübəyə malik Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün oldu. İşğal altındakı ərazilərimiz bir-bir düşmən tapdağından azad edildi və hər dəfə qalib Prezident bu və ya digər rayonun azad olunması müjdəsini dogma xalqına çatdırdı.

 

Azərbaycan lideri hər dəfə qürur hissi ilə bəyan edirdi ki, rayonlarımız ordumuzun döyüş meydanında qazandığı tarixi qələbələr nəticəsində azad edilib. Azərbaycan Ermənistan üzərində həm döyüş meydanında, həm də informasiya məkanında və siyasi müstəvidə qələbə qaza­nıb. Nəticədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Had­rut qəsəbəsinin, Xocavənd rayo­nunun böyük bir hissəsi və Şuşa şəhəri hərbi yolla azad edilib. Şuşadan bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çöküb və kapitulyasiya aktına imza atıb.

Prezident İlham Əliyev dö­yüş meydanında qəhrəmanlıqlar göstərən hərbçilərimizi Azərbaycanın ən yüksək müka­fatları ilə təltif etdi. Eyni zaman­da, Vətən müharibəsində tarixi qələbəmiz münasibətilə dekabrın 10-da Bakıdakı Azadlıq meydanın­da hərbi parad keçirildi. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, ölkəmizə güclü mənəvi dəstək vermiş qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi qəlbimizi fərəhlə doldurdu. Bir daha əmin olduq ki, Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil, qardaş Türkiyə həmişə yanımızdadır.

Qələbənin əldə olunmasının ən ümdə şərtlərindən biri də Azərbaycan xalqının müharibə günlərində Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi oldu. Bu, tarixdə görünməmiş xalq-iqtidar-ordu birliyi idi. Bu, Prezidentin milli maraqlar naminə sinəsini qabağa verərək bütün ədalətsizliklərin qarşısında dayanması demək idi. Ordumuzun qələbələr qazanaraq irəlilədiyi günlərdə Azərbaycan Prezidentinə nə qədər təzyiqlər göstərilirdi. Amma cənab İlham Əliyev qətiyyətlə bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Prezident İlham Əliyev şanlı qələbədən sonra, demək olar ki, bütün azad olunmuş ərazilərə səfər etdi. Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı bəyan etdi ki, biz bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Dövlət başçısı bu gün Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə də mesajını çatdırdı: biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Biz Ermənistan ordusu­nu, demək olar ki, məhv etmişik: “Ermənistan ordusu yoxdur, dağı­lıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, ordu­muzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meyda­nında qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın”.

Müzəffər ordumuzun Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat aparma­sı haqqında danışan Azərbaycan lideri bildirdi ki, ölkədə ordu quru­culuğu həmişə bir nömrəli məsələ olub. Güclü və rəşadətli ordu yaradılması nəticəsində torpaq­larımız azad olunub, tarixi ədalət bərpa edilib. Məhz buna görədir ki, Azərbaycan Ordusunun adı bu gün dünyanın ən güclü orduları sırasında çəkilir.

Ordumuz Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazandıqdan və Ermənistanın 30 ildən bəri davam edən işğalına son qoyulduqdan sonra Prezi­dent İlham Əliyev bu ərazilərin bərpa olunacağını, bütün şəhər və kəndlərimizin dirçəldiləcəyini bəyan etdi. Azərbaycan Prezidenti son aylarda işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Şuşaya səfərləri zamanı dəfələrlə bəyan etdi ki, yaşayış məskənlərimiz qısa müddət ərzində bərpa olunacaq, indiyədək məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Hazırda dövlət başçısının birbaşa qayğısı və diqqəti altında bu istiqamətdə işlər gedir. Şuşaya səfəri zamanı dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.

Dövlət başçısı mayın 12-də birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birgə Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında çıxışı zama­nı da bəyan etdi ki, 44 günlük Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq dastanıdır. Şəhərdə artıq bərpa işlərinə başlanıb. Yuxarı Gövhərağa məscidi artıq təmir olunub: “Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyul­du. Ermənilər tərəfindən qurudul­muş “Xan qızı Natəvan” bulağın­dan bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşa­nı quracağıq, bərpa edəcəyik”.

Dövlət başçısı Füzuliyə səfəri zamanı burada tikiləcək beynəlxalq hava limanının azad edilmiş bölgələrimizin inkişa­fı üçün çox önəmli olduğunu qeyd edib. Onun sözlərinə görə, limanın qısa müddətdə istifadəyə verilməsində əsas məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə çox da böyük deyil. Füzuli-Şuşa yolu dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olacaq, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Melio­rasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən də bu məsələdən danışaraq dedi ki, azad edilmiş torpaqlarda meli­orativ tədbirlərin görülməsi çox vacibdir. Çünki həmin torpaqlarda böyük su mənbələri mövcuddur və su mənbələrimiz orada formalaşır. 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti, o cümlədən, ekoloji terror təşkil edib. 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurla­nıb. Bu, böyük cinayətdir.

Dövlət başçısının sözlərinə görə, hazırda dəymiş bütün ziyan hesablanır, o cümlədən, ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyan da. Sərsəng və Su­qovuşan su anbarları ermənilərin nəzarətində olub. Keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş bu iki su anbarı Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayon­larımızda suvarma işləri üçün nəzərdə tutulurdu. “Biz Suqovu­şan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovu­şan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın”.

Xeyli müddətdir ki, işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işlərinə başlanılıb. Artıq Füzulidən Şuşaya yeni avtomo­bil yolu çəkilir. Dövlət başçısı bu yolu Zəfər yolu adlandırıb. Yaxın vaxtlarda Bərdə-Ağdam yolunun çəkilişinə başlanacaq. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Martın 15-də Prezident Füzuli və Xocavənd rayonlarına növbəti səfəri zamanı yeni bərpa işlərinin anonsunu verdi. Səfər çərçivəsində bir sıra obyektlərin, o cümlədən, Füzuli-Hadrut avto­mobil yolunun təməli qoyuldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzuli-Hadrut avtomobil yolu öz baş­lanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Azərbaycan lideri həmin ərazilərə səfərləri zamanı həmişə dünyaya mesaj verib ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə çalışıb. Amma buna nail ola bilməyib. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni doğma torpaqlarımızdan qovmu­şuq. Dövlət başçısı Xocavənd rayonuna gedərkən yol boyunca bütün yaşayış məntəqələrinin da­ğıdıldığını qeyd etdi. Füzuli şəhəri o dərəcədə dağıntıya məruz qalıb ki, şəhərdə Azərbaycan bayrağını ucaltmaq üçün salamat bina tap­maq mümkün olmayıb. Prezident bildirdi ki, şəhərdən əsər-əlamət qalmayıb. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi: “Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”

Dövlət başçısı martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə də müharibənin başa çatdığını, bərpa işlərinə başlan­dığını və yeni imkanlar yarandı­ğını qeyd etdi. Onun sözlərinə görə, hazırda Zəngəzur dəhlizi üzərində fəal iş aparılır. Vaxtilə türk dünyasının bədəninə xəncər kimi saplanmış Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasi­ya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.

Dövlət başçısı BMT Baş As­sambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən də bu məsələyə toxu­naraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Bu problemi Azərbaycan özü həll edib, 30 ilə yaxın müddətdə kağız üzərində qalmış BMT qətnamələrini yerinə yetirmişik. İndi isə yeni dövr başlayıb – qu­ruculuq dövrü, bərpa dövrü. Artıq bu işlərə start verilib və bu istiqamətdə BMT-nin bütün qurum­ları ilə, o cümlədən, UNESCO ilə sıx əlaqə saxlanılır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 May 2021 06:44 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə