Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham ƏLİYEV: Biz Şuşaya... əbədi qayıtmışıq!

Dövlət başçımız “Xarıbülbül” festivalını “Ləyaqət bayramı”adlandırdı

 

Dövlət başçımızın Azərbaycanın mədəniyyət paytaxtına üçüncü səfəri ictimai-siyasi məzmunlu faktlar və heç zaman unudulmayacaq məqamlarla daha zəngin olduğuna görə milli tariximizin dəyərli səhifələrindən birinə çevrildi. Çünki bu səfər çərçivəsində reallaşdırılan “Xarıbülbül” festivalını biz otuz il gözləmişdik.

Bu səfər günlərində Şuşada qılınan bayram namazını otuz il arzulamışdıq. Yeddi-səkkiz il qabaq mətbuatdan oxuduğumuz “Ermənilər “Xan qızı” bulağını qurudublar” sərlövhəli xəbərin dağladığı ürəklər bu səfər çərçivəsində həmin bulağa gələn suyun sərinliyini hiss etdilər. Bu səfər çərçivəsində Şuşada keçirilən festival atəşfəşanlığı Xankəndidə və İrəvanda minlərlə ürəyə dağ çəkdi.

İşğalçılar son otuz ildə bizim 60-dan çox məscidimizi dağıtmış, ibadət yerlərimizi təhqir etmişdilər. Prezident İlham Əliyevin tapşırığı əsasında həmin məscidlərin bərpasına və ya yenidən tikilməsinə start verilmişdir. Elə səfər çərçivəsində – mayın 12-də Şuşada yeni məscidin təməli qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva təməlqoyma tədbirində iştirak edirdilər.

Məlumat verildi ki, təməli qoyulan yeni məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək dedi ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.Yuxarı Gövhər ağa məscidi artıq təmirdən çıxıb. Təməlini qoyduğumuz yeni məscid isə: “Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır”.

Yuxarıda qeyd etdiyimiz kimi, milli mədəniyyətimizə, tariximizə, təbiətimizə və sərvətlərimizə qənim kəsilən ermənilər Şuşadakı “Xan qızı” bulağını da qurutmuşdular. Prezidentin göstərişi ilə həmin bulaq da bərpa edilmişdir. Mayın 12-də həmin bulaqdan su içən dövlət başçımız xatırlatdı ki, keçən dəfə – yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik: “İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib”.

Prezident və ailə üzvləri Şuşanın rəmzlərindən biri kimi tanınan “Xarıbül­bül” otelinin yenidənqurmadan sonrakı açılışında da iştirak ediblər. Məlumat verilib ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytax­tı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdi­yini göstərir.

Ermənilər təkcə binaları, məscidləri dağıtmamışdılar, həm də Şuşanın yollarını, qaz, elektrik xətlərini tamamilə sıradan çıxarmışdılar. Bu infrastruktur­lar da sürətlə bərpa edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar səfərin birinci günü 110/35/10 kilovoltluq “Şuşa” ya­rımstansiyasının açılışında iştirak etdilər. Bildirildi ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başla­yaraq 75 kilometr məsafədə 110 kilo­voltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb.

Vandallar elə bilirdilər ki, işğal etdikləri ərazilərimizdəki mədəniyyət nümunələrini talan edib satmaqla, muzey və qalereyaları viranə qoymaqla, Azərbaycan xalqının həmin rayonlardakı izlərini itirə biləcəklər. Amma bacarma­dılar. Torpaqlarımızın işğaldan azad edilməsindən bir neçə ay keçsə də, artıq Şuşa rəsm qalereyasında ciddi bərpa işləri gedir. Dövlət başçımıza və birinci xanıma qalereyada aparılan işlər barədə məlumat verərək bildirdilər ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

Dövlət başçımızın Şuşaya üçün­cü səfərinin tarixdə unudulmayacaq məqamlarının pik nöqtəsi isə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı oldu. Festivalın açılışında çıxış edən Prezident Şuşanı “hər birimiz üçün müqəddəs olan şəhər”, “Xarıbülbül” fes­tivalını isə “Ləyaqət bayramı” adlandırdı və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarı­bülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borc­luyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Xatırladaq ki, dövlət başçımız təkcə bu festivalla bağlı atılan addımlarda deyil, ümumiyyətlə, istənilən məsələdə beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə nəzərə alır. Elə “Xarıbülbül” festivalının ilk gününün repertuarının seçilməsi zamanı da bu məqam incəliklə nəzərə alınmışdı. Prezident xatırlatdı ki, bugünkü festivalda ölkəmizdə yaşa­yan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər: “Bu tövsiyəni festi­valın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqla­rın nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şu­şadan, qədim torpağımızdan mesaj veri­rik. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Azərbaycan Prezidenti dəfələrlə dilə gətirdiyi bir məsələni festival tribunasın­dan da təkrarladı: “Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşa­nın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhər ağa məscidi təmir edilib və sabah orada bayram namazı qılına­caq”.

Prezidentin fikrincə, bütün bunlar böyük rəmzi məna daşıyır: “Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 

18 May 2021 06:24 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə