Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Naxçıvan sürətlə inkişaf edir”

 

 Naxçıvan Muxtar Respublikasının uzun illər mənfur qonşularımızın fitnəkarlığı ucbatından blokada şəraitində yaşamasına baxmayaraq, burada sosial layihələrin icrası bir an belə səngiməyib. Ölkəmizdə həyata keçirilən inkişaf strategiyası bu bölgəni də əhatə edib, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olub. Muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb.

Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra sosial-infrastruktur obyektlərin açılış mərasimlərində iştirak etməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, ölkə rəhbərinin muxtar respublikaya may ayının 10-da səfər etməsi təsadüfi deyildi. Prezident İlham Əliyev “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxış edərək bu barədə deyib: “Bu gün ölkəmizin həyatında xüsusi bir gündür – ulu öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi zəfərdən sonra ulu öndərin birinci doğum günüdür və bu gün mən mütləq ulu öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.

Bu məqamda onu da xatırladaq ki, Prezident İlham Əliyev bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Naxçıvana 15-ci dəfə gəldiyini, indiyədək burada bir çox obyektlərin açılışında iştirak etdiyini, indiki sosial-iqtisadi inkişafla bağlı təəssüratlarının çox müsbət olduğunu vurğulayayıb. Dövlətimizin başçısı, həmçinin Naxçıvanın inkişaf yolu ilə sürətlə getdiyini, bütün sahələr üzrə işlərin müsbət istiqamətdə aparıldığını, yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı reallaşdırılan layihələrdən fərəh hissi keçirdiyini diqqətə çatdırıb: “Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Prezident İlham Əliyev müsahibəsində, eyni zamanda, muxtar respublikanın son 20 il ərzində iqtisadi artım templərinə görə rekordsmen bölgəyə çevrildiyini, ümumi daxili məhsulun 10 dəfədən çox artdığını, kənd təsərrüfatında görülən işlərin yüksək nəticələrlə diqqət çəkdiyini bildirib.

Xatırladaq ki, dövlətimizin başçısı Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin işə salınması, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun açılışı mərasimlərində iştirak edib. Azərbaycan Prezidenti həmin gün Ordubad Su Elektrik Stansiyasının, “ASAN xidmət” Mərkəzinin binasının tikintisi və Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Düşmən Ermənistanla sərhəddə yerləşən muxtar respublikanın təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısına bu barədə məlumat verilərək, Naxçıvanda silahlı qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə qurulduğu, bununla da muxtar respublikanın müdafiəsinə mühüm önəm verildiyi bildirilib: “Dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra – 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bütün bunlar isə mətin ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub”.

Prezident İlham Əliyev Naxçıvan səfəri zamanı şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət edib. Burada bir daha xatırladılıb ki, Vətən müharibəsi başlayan kimi, Naxçıvanın qəhrəman övladları torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər.

Ölkə rəhbəri Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə də tanış olub. Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verərək, inşasına ötən il başlanan bu obyektin tikintisinin sürətlə aparıldığını vurğulayıb.

Qeyd edək ki, dövlətimizin başçısının 2012-ci ilin iyu­lunda imzaladığı müvafiq fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informa­siya-kommunikasiya texnologi­yalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “ASAN xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

Hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı­da, digərləri isə regionlarda yerləşir. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320- dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğula­rına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışı zamanı isə dövlətimizin başçısına bu­rada yaradılan şəraitlə bağlı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu var. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb.

Bu gün də muxtar respub­likada xalçaçılıq sənətinin in­kişafına xüsusi diqqət yetirilir, xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Xalçaçılığı inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələri yara­dılır. Dövlətimizin başçısının 2018-ci ilin fevralında imza­ladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxana­sının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən hazırda Naxçıvan Xalça İstehsalı Ema­latxanası, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi uğurla fəaliyyət göstərir.

Səfər çərçivəsində Nax­çıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də muxtar respublikada aqrar sahənin inkişafının diqqət mərkəzində saxlanılmasının daha bir göstəricisi kimi diqqət çəkib.

Qeyd edək ki, dövlətimizin başçısının 2018-ci ilin fevra­lında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Maya­lanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yara­dılan adı çəkilən bu mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılması­na da geniş imkanlar açıb. Bu da muxtar respublikada iqtisa­diyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir.

Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Burada ərzaq təhlükəsizliyinin təmin olunma­sı sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inki­şafı mühüm yer tutur. Damaz­lıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılma­sı diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir.

Yeri gəlmişkən, Culfa-Or­dubad magistral avtomobil yolun istifadəyə verilməsi isə muxtar respublikada bu sahənin inkişafına daim qayğı ilə yanaşıldığını göstərir.

Ümumiyyətlə, müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublika­sında həyata keçirilən sosi­al-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, möv­cud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib.

Xatırladaq ki, Culfa-Or­dubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublika­sında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub.

Burada bir məsələni də xa­tırlatmaq istərdik. Son illərdə yeni elektrik stansiyalarının ti­kilib istifadəyə verilməsi Naxçı­vanın etibarlı enerji təminatına əlverişli imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respub­likada enerji təhlükəsizliyi tam gerçəkləşdirilib, bir zamanlar yalnız idxal hesabına elekt­rik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac poten­sialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və daya­nıqlı elektrik enerjisi ilə təchiz edilib.

Araz çayı üzərində tikilən və gücü 36 meqavat təşkil edən Ordubad Su Elektrik stansiyası üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, suqəbuledici qurğu, çökdürmə və yükləmə hovuzları, derivasiya kanalı daxildir. Bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya kanalının bir hissəsində işlər artıq tamamlanıb. Tənzimləyici bənddə isə ümumi işlərin 80 faizi yekunlaşıb. Su elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 190 milyon kilovatt/saat nəzərdə tutulub.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

18 May 2021 06:11 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə