Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil olan 12 qədim kitab cildlənib

science.gov.az-dan verilən xəbərə görə, AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansında Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, o cümlədən Azərbaycan, türk, rus, fars və ərəb dillərində ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb sahələrinə dair qədim çap kitab və əlyazmalar qorunub saxlanılır. Cari ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bəzi əlyazmaların elektron variantı, eyni zamanda ekspedisiya yolu ilə 10, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən isə 16 əlyazma və qədim çap kitabı fonda daxil olub.

Muxtar respublika ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər arasında “Tənbihətül-qafilin”, “Tərəssül”, “Xavərnamə”, “Zadül-məad”, “Gülşəni-əttar”, “Rüstəmnamə”, “Külliyati-Dəxil” və digər Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan kitablar öz əksini tapıb. Bu kitablardan 12-si fondun əməkdaşları tərəfindən yenidən cildlənib, bir qisminə isə müxtəlif gigiyenik xidmət göstərilib. Elmi, dini, fəlsəfi və bədii məzmuna malik olan əlyazma və çap kitablarına ilkin rəylər yazılıb, üzərində adı, müəllifi, dili, yazıldığı tarix və fondda saxlanılan şifr nömrəsi göstərilib.

Qeyd edək ki, fondda qədim kitabların və əlyazmaların ümumi sayı 406-ya, kitabxanada olan nəşrlərin sayı isə 223-ə çatdırılıb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

1 Noyabr 2018 15:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə