Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvənd COVID–19 virusuna qarşı alternativsiz mübarizə vasitəsidir

“Yaz fəsli adəti üzrə mövsümi xəstəliklərin baş qaldırdığı dövrdür. İnsanlar, xüsusilə, tənəffüs yolu xəstəlikləri ilə əlaqədar meydana çıxan narahatlıqlar – asqırma, öskürmə və boğaz ağrısı ilə qarşılaşdıqda, ha­zırkı vəziyyətə uyğun olaraq, daha çox COVID–19-a yoluxduqları barədə düşünürlər. Belə əlamətlər mövsümi xəstəliklərlə də əlaqədar ola bilər”. Bu fikirləri koronavirus pandemiyası ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna ezam olunmuş mütəxəssis – həkim Pərvaz Kişi­yev bildirdi. Koronavirusun başqa növlərinin hər il mövcud olduğunu və soyuqdəymə xəstəliyi törətdiyini qeyd edən həkim dedi:

 

Soyuqdəymə xəstəliklərinin böyük əksəriyyətində ümumi olaraq, bəlğəmli öskürək, yuxarı tənəffüs yollarının qıcıqlanması, burun axması, əzələlərdə ağrı və s. əlamətlər özünü göstərir. Qeyd edim ki, istər COVID–19-un, istərsə də mövsümi xəstəliklərin xüsusi fərqli əlamətləri yoxdur. COVID–19 xəstəliyində iybilmə və dadbilmə reseptorlarının itməsi bütün xəstələrdə olmur. COVID–19-un dinamika və klinik gedişində bəzi dəyişikliklər var. Əvvəllər olmayan hallar müşahidə olunur, xəstəlik uşaq, gənc və yeniyetmələrdə əlamətsiz keçirdisə, indi müəyyən əlamətlərlə – yüksək hərarət, ürəkbulanma, qusma və s. müşahidə olunur. Bütün bunlar virusun mutasiyaya uğradıqdan sonra yaranan yeni xüsusiyyətlərdir. Bu əlamətlər – qızdırma, öskürək, tənəffüs çətinliyi – müşahidə edilən andan etibarən mütləq həkimə müraciət edilməlidir. İmmuniteti gücləndirmək üçün mövsümə uyğun meyvə - tərəvəz yemək, şirniyyatdan uzaq durmaq, çoxlu maye içmək, gigiyenik qaydalara əməl etmək lazımdır.

Yaz fəslinin insan orqanizmi üçün ən həssas dövr olduğunu vurğulayan P.Kişiyev bu dövrdə insanların müqavimətinin azalmasından da danışdı:

– Qışda günəşin zəif təsiri, qidalarda vitaminlərin çatışmazlığı, nəmişlik, soyuq və s. orqanizmin müqavimətini azaldır, onun xarici mühitin yeni təsirlərinə uyğunlaşmasını çətinləşdirir. İlk növbədə, yaz fəsli üçün ənənəvi olan allergik xəstəliklər – allergik rinit, övrə, bronxial astmaya daha çox rast gəlinir. Bu zaman burun seliyinin, göz yaşının artması, bəzən qızdırma və dəri səpkiləri bəzi yoluxucu xəstəliklərə görə şübhə yarada bilər. Bununla yanaşı, həm də onu qeyd etmək lazımdır ki, yazda yuxarı tənəffüs yollarının müxtəlif mikroblar tərəfindən törədilən kəskin iltihab xəstəlikləri – rinit, faringit, angina, xroniki iltihab ocaqlarının aktivləşməsi, habelə virus və bakterial mənşəli xəstəliklər – qrip, meninqokokk infeksiyası və s. ilə xəstələnmə də çoxalır.

Təəssüf ki, hələ bu infeksiyalara qarşı xüsusi mübarizə vasitəsi – yüz faiz təsirli peyvənd olmadığı üçün biz bədənin möhkəmləndirilməsinə diqqət etməliyik. Bunun üçün keyfiyyətli qidalanmaq, açıq havada olmaq, idman, bədənin təmizliyi, belə xəstələrdən uzaq durmaq, başqalarını yoluxdurmamaq üçün xəstələndikdə təcrid olunmaq və s. kimi ümumi tədbirlərə əməl etmək məcburiyyətində qalırıq. Koronavirus infeksiyası əsasən respirator xəstəliklərə aid edilsə də, o, xarici mühitdə, xüsusilə, soyuq şəraitdə çox “yaşadığı” üçün təmas və məişət əşyaları ilə yoluxması da ehtimal edilir. Məlum olduğu kimi bu yolla bir çox kəskin bağırsaq infeksiyaları da yayılır. Koronavirus pandemiyası başlayandan digər kəskin infeksion xəstəliklər, xüsusilə, aydın kliniki mənzərəyə malik olan respirator virus infeksiyalarına çox az rast gəlinir. Bu, fakt olsa da, elmi cəhətdən çətin izah olunan bir haldır. Mikroblar arasındakı bu rəqabət, avtoritarizm və ya liderlik xüsusiyyəti elmi axtarışlar üçün mövzu ola bilər.

“Əvvəllər – pandemiya yeni başlayanda, bu xəstəlik əhali tərəfindən qeyri - ciddi qəbul olunmasaydı, koronavirus infeksiyasından qorunmaq üçün tələb olunan tədbirlər çox effektli ola bilərdi” – deyən mütəxəssis fikirlərinə davam etdi:

– Ölkəmizdə Naxçıvan Muxtar Respublikasının təcrübəsini qeyd etmək olar. Naxçıvanda ötən dövrdə nə tədris dayandırıldı, nə iş yerləri. Çünki ilk gündən hamı bir nəfər kimi, qorunma tələblərinə əməl etdi. Məhz qoyulan qaydalara ciddi əməl edilməməsinin nəticəsində ölkəmizdə xəstəliyin getdikcə geniş yayılması, ölüm təhlükəsinin yoluxanlara daha çox yaxınlaşması vəziyyətin heç də sadə olmadığını göstərdi. Ölüm halları artdı, amma bununla belə, yenə də fərdi mühafizə tədbirləri bəzi insanlar üçün “fərdi” olaraq qaldı. Yaxşı ki, tibbin böyük ciddi-cəhdləri nəticəsində xəstəliyin yayılmasına qarşı etibarlı nəzarət üsulu, yəni peyvəndlənmə işi özünü yetirdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Yanvarın 18-dən “2021 – 2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası” çərçivəsində başlanılan peyvəndləmə prosesi uğurla davam edir.

Pərvaz həkim qeyd etdi ki, heç bir peyvənd yoluxmanın qarşısını tamamilə ala bilməz. Yalnız koronavirus infeksiyası­na qarşı deyil, ümumiyyətlə, hər hansı yo­luxucu xəstəliyə qarşı yaradılan peyvənd müasir təbabətin ən böyük uğurudur və hər bir şəxs bu tədbirdən yararlanmalıdır. Artıq bu danılmaz faktdır ki, koronavirus infeksiyasına qarşı peyvənd xəstələnmə ehtimalını yüksək dərəcədə azaldır. Vaksin vurdurduqdan sonra xəstələnənlər isə onu xeyli yüngül keçirirlər. Peyvəndlə birlikdə fərdi qorunma tədbirləri koronavirus infek­siyası ilə xəstələnmə ehtimalını demək olar ki, heçə endirir. Ona görə də, elmdən, tibbdən, peyvənddən və onun faydasından xəbərsiz olan bəzi insanların vaksinasiyanı mübahisə mövzusuna çevirməklərinin heç bir elmi əsası yoxdur. İnsan sağlamlığının qorunması üçün ən ucuz başa gələn, ən təsirli tədbir profilaktikadır. Məhz planlı profilaktikanın əvəzolunmaz xidmətidir ki, respublikamızda difteriya, vərəm, polio­mielit, göy öskürək, tetanus kimi qorxulu xəstəliklərlə mübarizədə böyük uğurlar qazanılıb. Heç şübhəsiz ki, belə uğurlu nəticəni biz alternativsiz mübarizə vasitəsi olan peyvəndlənmə ilə koronavirus infeksi­yasına qarşı da əldə edəcəyik.

Onu da deməliyik ki, ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə yeni peyvəndlərin tətbiqinə başlanması vətəndaşlar arasında bəzi suallar yaradıb. Birinci dozanı “Sinovac” peyvəndindən alan şəxslər ikinci doza vurulanda fərqli vaksin qəbul edə bilərmi? “Sinovac” peyvəndinin hər iki dozasını vurduranlar sonradan fərqli peyvənd qəbul edə bilərlərmi? Qeyd edək ki, ölkəmizə yeni gətirilən “AstraZeneca” və “Sputnik – V” peyvəndləri fərqli təsirə malik olduğu üçün vaksinləri qarışdırmaq olmaz. Peyvəndlərin qarışdırılması koronavirusa qarşı müqaviməti gücləndirmir, əksinə, təsirini aşağı salır. Eyni növ vaksin vurduran şəxslər isə virusdan özlərini daha yaxşı qoruyarlar. Onu da deyək ki, “Sinovac” vaksininin hər iki dozasını qəbul edənlər 6 ay sonra yeni peyvəndlər üçün müraciət edə bilərlər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

9 May 2021 00:20 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə