Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Faşizm üzərində tarixi Qələbənin qazanıldığı gün

Biz ata-babaları Berlində, oğulları isə Şuşada zəfər çalan xalqıq

 

İkinci Dünya müharibəsi tarixə təkcə keçmiş Sovet İttifaqının Almaniya üzərində qələbəsi kimi deyil, həm də və daha çox bəşəriyyətin faşizmə zəfər çalması kimi düşüb. 1941-ci il iyunun 22-də başlanaraq, 1945-ci il mayın 9-da başa çatmış Böyük Vətən müharibəsi isə yaddaşımıza xalqların istibdada qarşı, sülh uğrunda ölüm-dirim mübarizəsi kimi həkk olunub.

Həmin müharibədə 700 min azərbaycanlı da iştirak edib. Onların yarısından çoxu döyüşlərdə igidliklə həlak olub. Həmyerlilərimizdən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 min soydaşımız müxtəlif orden və medallarla təltif edilib. Bu da danıl­maz faktdır ki, Azərbaycan həmin savaş meydanından uzaqda yerləşsə də, ön cəbhənin etibarlı dayağı olub. Bakı müharibədə özünün “qara qızıl”ı ilə iştirak edib. O illərdə SSRİ-də hasil olunan neftin 75-80 faizini Azərbaycan verirdi. Döyüşə gedən hər 10 tan­kın və hər 10 təyyarənin 7-si Bakı benzini ilə işləyib. Bir sözlə, faşizm üzərində tarixi qələbənin qazanıl­masında ön cəbhədə vuruşan və arxa cəbhədə fədakarlıq göstərən azərbaycanlıların da böyük əməyi olub. Hitlerin planlarından biri də neft Bakısını tutmaq idi.

Ötən ilin payızında 44 günlük zəfər yürüşümüz işğaldan azad edilmiş ərazilərimizə üçrəngli bay­rağımızın taxılması ilə sona çatsa da, erməni faşizminin Qarabağı nə günə saldığı göz qabağında­dır. Mənfur erməni vandalizmi aktları ilə üz-üzəyik. Xalqımız müharibənin və onun insanları düçar etdiyi məhrumiyyətlərin nə olduğunu gözəl bilir. Düzdür, 76 il əvvəl alman faşizmi üzərində möhtəşəm qələbə qazanılıb. Amma bu gün biz Qarabağda on­dan da betər bir vəhşiliyin, naqis­liyin qarşısını almışıq. Dinc əhalini qıran, ekoloji terror törədən, yaşa­yış məntəqələrində daşı-daş üstə qoymayan, minaladıqları ərazilərin xəritəsini verməyən ermənilərin revanşist əhval-ruhiyyədən, siyasi, iqtisadi, hərbi ziyankarlıqdan əl çəkməmələri faşizmin hələ də “cövlan etmək” eşqində olduğu­nu göstərir. Odur ki, dünya heç də arxayınlaşmamalı, faşizm təhdidlərinə qarşı birgə mübarizə səylərini gücləndirməlidir.

Unutmaq olmaz ki, 9 May – Qələbə Gününün qeyd olunmasını siyasi kuluarlarda kimin necə dəyərləndirməsindən asılı olma­yaraq, bu, bizim şöhrət tariximiz, qəhrəmanlıq salnaməmizdir. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə, həmin qələbənin 50 illiyində söylədiyi fikirlər məhz bu barədədir: “Bu qələbənin çalınma­sında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparıl­ması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respub­likamızda istehsal edilirdi…”

Böyük Vətən müharibəsinin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Onun qəfil hücumu nəticəsində sovet ordusunun xeyli canlı qüvvəsi əsir alınmış, çoxlu hərbi texnikası sıradan çıxarılmışdı. Faşistlər işğal etdikləri Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləmişdi. Lakin bütün sovet xalqları “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında birləşdi. Təcavüzkarın qarşısına canlı sipər çəkildi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Mosk­va, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.

Qələbənin əsl səbəbkarlarının, düşmənin məğlub edilməsində böyük rəşadətlər göstərmiş, digər xalqların nümayəndələri ilə birlikdə döyüşlərə atılaraq dünyanı faşizm taunundan xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. O zaman Azərbaycan xalqı hər iki cəbhədə danılmaz şücaətlər göstərib, hünər dastanları yaradıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi As­lanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirak­çısı, Fransanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qa­dınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olub, tarixə düşüb.

Arxa cəbhə qəhrəmanları da hər cür təqdirə layiqdirlər. Neft hasilatında, əkin-biçində hünər göstərmiş və qələbənin yaxınlaş­dırılmasında böuük xidmətləri olan həmvətənlərimiz gecə-gündüz bilmədən çalışaraq həm ön cəbhənin, həm də arxa cəbhənin təminatına əvəzsiz töhfələr veriblər.

İkinci Dünya müharibəsi iştirak­çıları və onların ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunub­lar. Bununla bağlı qəbul edilmiş qərarlar, imzalanmış sərəncamlar, birdəfəlik maddi yardımların verilməsi dediklərimizin bariz nümunəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün dövrlərdə veteranlara yüksək dəyər ve­rib, onların nümunəsini yüksək qiymətləndirib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki. İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, mötəbər insanlarımızdır”.

Məhz unudulmaz dahi rəhbərin rəhbərliyi dövründə – 1994-cü il iyunun 28-də “Veteranlar haqqın­da” Qanun qəbul edilmişdir. Ulu öndər yaxşı bilirdi ki, vaxt gələcək, Azərbaycan Qarabağ savaşı­nı da qələbə ilə başa vuracaq və onda bu qanun bizim Vətən müharibəmizin iştirakçılarına da şamil ediləcək.

Azərbaycan Prezidenti İl­ham Əliyev istər İkinci Dünya müharibəsinin və istərsə də Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşın işti­rakçılarını daimi diqqət və qayğı ilə əhatə edir. Bu qəbildən olan insanlara Prezident təqaüdlərinin verilməsi, maddi yardımlar göstərilməsi, onların mənzil və mi­nik avtomobilləri ilə təmin olunma­sı ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Qələbənin 76-cı ildö­nümü münasibətilə cənab İlham Əliyevin 29 aprel 2021-ci il tarixli növbəti sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat məbləğində, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qadınları­na, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.

Bizim taleyimizə, qəhrəman xalq olaraq, iki Qələbə gününü qeyd eləmək düşüb: 9 May və 8 Noyabr günlərini. Biri 1945-ci ildə qazanılıb, digəri isə 2020-ci ildə. Nə müddət idi ki, İkinci Dünya müharibəsinin qaliblərini ehtiram və rəhmətlə anırdıq. Otuz ildən bəri isə o arzuda idik ki, erməni işğalı altındakı torpaq­larımız azad olunsun, qaçqın və məcburi köçkünlərimiz dədə-baba yurdlarına qayıtsınlar. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində, nəhayət ki, 30 illik həsrətə son qoyuldu. Ötən payız tarixi qələbəmizin böyük sevincini yaşadıq. Ölkə başçısının rəhbərliyi ilə şanlı ordumuz düşməni darma­dağın elədi. İndi əzəli torpağımız olan Qarabağda bərpa-quruculuq işləri gedir. Qürurverici haldır ki, babaların qəhrəmanlıq ənənələrini davam etdirən xalq kimi qələbə bayramlarımızı Şuşada, Laçında, Kəlbəcərdə qeyd edəcəyik.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

9 May 2021 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə