Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin başladığı hüquq islahatları uğurla davam etdirilir

Demokratik prinsiplər mənim həyatımın mənasını təşkil edir və bundan sonra demokratiya bizim dövlətimizin əsasını təşkil edəcəkdir... Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. Ondan irəli gələn dövlət və cəmiyyət qarşı­sında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı olmuş ümummilli liderin anadan olmasının 98 illiyini ordumuzun möhtəşəm qələbəsi fonunda, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev, ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental haqqını gerçəkliyə çevirdi.

Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Ulu öndər bu istiqamətdə ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının baş­lıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olundu.

Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Ko­mandanı İlham Əliyevin siyasi iradəsi və sərkərdəlik qətiyyəti Azərbaycan xalqına son iki əsrdə gözlədiyimiz günün sevincini yaşatdı. Dövlətimiz, ordumuz və xalqımız möhtəşəm bir həmrəylik göstərərək, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi. Bu böyük nailiyyətin məntiqi nəticəsi olaraq işğalçı dövlət kapitulyasiya aktına imza atmalı oldu.

Şanlı Qələbənin yaratdığı yeni reallıqlar ölkəmizin bütün insan­ları kimi biz – hüquq mühafizə orqanları əməkdaşlarının üzərinə də daha böyük vəzifələr qoyur. İşğaldan azad edilmiş bölgələrdə çalışan həmkarlarımız daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər.

Bu məqamda bir məsələ xüsusilə vurğulanmalıdır. Belə ki, aprelin 16-da Baş Prokuror­luqda Azərbaycan Respublika­sı Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə təltif olun­muş 38 prokurorluq əməkdaşına dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbir zamanı Baş prokuror cənab Kamran Əliyev bildirdi ki, hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərilərinə düşən vəzifələri yerinə yetiriblər. Müharibə dövründə prokurorluq orqanları Ermənistanın silahlı qüvvələrinin beynəlxalq huma­nitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini atəşə tutması, muzd­lularından döyüş əməliyyatlarında istifadə etməsi, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işləri başlamış, döyüş əməliyyatlarının aparıldığı şəraitdə istintaq qruplarının üzvləri tərəfindən həyat və sağlamlıqlarını risk altına ataraq hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi və digər mümkün istintaq hərəkətlərinin aparılma­sı istiqamətində zəruri tədbirlər görülüb.

Cənab Prezidentin prokurorluq əməkdaşlarına qayğısını göstərən başqa bir faktı da yada salmaq istəyirəm. Dövlət başçımız ötən il mayın 1-də Azərbaycan Respub­likasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi tövsiyə və tapşı­rıqlar səsləndirdiyi tezislər bütün həmkarlarımız üçün mükəmməl yol xəritəsidir.

“Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir” – deyən dövlət başçımız kadr islahatlarını xüsusi olaraq yada salırdı: “Kadr islahat­ları... imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır”.

Cənab Prezidentin həmin görüşdə səsləndirdiyi fikirlər Azərbaycan hüquq-mühafizə orqanlarının daha səmərəli fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanış­ları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsi­ya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də ins­titusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Azərbaycan Prokurorluğunun indiki müasir səviyyəyə qaldırıl­masında ən böyük himayədarımız ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli liderimiz hər zaman prokurorluq orqanlarının inkişafını daim diqqət mərkəzində saxla­mışdır. Ulu öndərin rəhbərliyi ilə hazılanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Əsas Qanunu­muzda – Azərbaycan Konstitusi­yasında prokurorluq orqanlarının məhkəmə hakimiyyəti sistemində yeri müəyyən olunmuş, statu­su, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilmişdir. “Pro­kurorluq haqqında” Azərbaycan Respublikasının 1999-cu il tarixli Qanunu qəbul olunmaqla proku­rorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin de­mokratik prinsip, forma və me­todları müəyyən edilmiş, siste­mi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.

Ümummilli liderimizin siyasətini uğurla davam etdirən Prezi­dentimiz cənab İlham Əliyev ölkə prokurorluğunun müasir dünya standartları səviyyəsində fəaliyyət göstərməsini təmin etmişdir. Dövlət başçımızın 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası bizim üçün mükəmməl fəaliyyət sənədidir.

Cənab Prezidentin ötən ilin iyununda imzaladığı sərəncamla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin olunması, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılma­sı məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilməklə idarələrin sayı 15-dən 18-ə çatdı­rılmışdır.

Bu zaman bir qədər rəsmi xarakterli olan məlumatı da yada salmaq istərdim. Belə ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 78,5 faizini təşkil edirlər. Onu da qeyd etmək lazımdır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrinə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Azərbaycan Prokurorluğu bu gün özünün ən müasir struktur və texnologiyaları, çevik əməliyyatları və şəffaf fəaliyyəti ilə qarşıya qo­yulan vəzifələri icra edir. Biz fəxr edirik ki, ölkədə uğurla aparılan hüquq islahatlarının, möhtəşəm tarixi qələbəmizin və işğaldan azad edilmiş ərazilərimizdə sürətlə davam edən bərpa-quruculuq işlərinin şahidləriyik. Biz onun da şahidiyik ki, Prezident İlham Əliyev ölkəmizdə mükəmməl xalq-iqtidar birliyinə nail olmuşdur və həmin birlik 44 günlük müharibədəki şanlı Qələbəmizin qazanılmasına özünəməxsus töhfələr vermişdir.

Rəşid MAHMUDOV,

Bakı şəhəri, Suraxanı rayon prokuroru,

baş ədliyyə müşaviri

9 May 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə