Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqil Azərbaycanın iqtisadi inkişaf modeli

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır.

 

İlham ƏLIYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusu­dur. Məhz ulu öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Xalqımızın böyük oğlu 1969–1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, Azərbaycanın milli ma­raqlarını maksimum təmin etməyə çalışmış, hərtərəfli inkişafın özülünü təşkil edən milli iqtisadiyyatın formalaşması üçün kompleks tədbirlər həyata keçirmişdir. Bu məqsədyönlü, Vətənini gələcək suverenliyinə hesablanmış siyasətin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycan qısa müddətdə keçmiş SSRİ-nin ən qabaqcıl respublikaların­dan birinə çevrilmişdir. Heç də təsadüfi deyildir ki, İttifaq dövləti süqut edərkən iqtisa­diyyatı yüksək gəlirlə işləyən, müstəqil yaşamaq imkanı olan 3 respublikadan biri məhz Azərbaycan olmuşdur.

 

 

Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyev müstəqilliyin ilk addımlarında – 1993-cü ilin böhranlı yayında məhvolma təhlükəsi ilə üzləşmiş ölkəni xilas etmək üçün xalqın harayına səs verərək hakimiyyətə Qayıdışından sonra da gələcək uğurların təməllərini iqtisadi sferada formalaşdırmağa başlamışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində ölkədə hərbi-siyasi böhran sovuşdurulduqdan və sabitlik bərpa edildikdən sonra müstəqil Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdır. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq təcrübəyə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Milli iqtisadi inkişaf konsepsiyamızı yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Beynəlxalq maliyyə institutları ilə əlaqələr yaradıldı, onların rəhbərləri Bakıya dəvət olundu.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı–Novorossiysk, 1999-cu ildə Bakı–Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.

Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, xalçaçılıq və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Böyük strateq Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Müstəqil Azərbaycanın ali dövlət rəhbəri kimi Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində tarixən qısa müddətdə ölkə dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi– bərpa və dinamik inkişaf dövrü başlanmışdır.

1995–2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artmış, inflyasiya səviyyəsi 2–3 faizə qədər endirilmişdir. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunmuşdur. 1993-cü ildə ölkənin valyuta ehtiyatları 8 milyon ABŞ dolları idisə 2003-cü ildə bu rəqəm 39 milyard ABŞ dolları təşkil etmişdir.

Ümummilli liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, bank sektorunun formalaşması və inkişafında da dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirilmişdir.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə 1993–2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırmışdır. Heydər Əliyevin adı ilə bağlı siyasi kursu uğurla davam etdirən, bu ideoloji baza əsasında yeni inkişaf modelini həyata keçirən Prezident İlham Əliyev müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah və mədəni cəmiyyət qurulması istiqamətində 2003-cü ildə bəyan etdiyi hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.

İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank orta müddətli dövrdə çevik pul və məzənnə siyasəti yürüdür. Maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir. Bu mənada makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcəkdir.

Bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini ümumi daxili məhsula nisbətdə 100 faizə çatdırmaqdan ibarət olacaqdır. Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcəkdir. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaqdır.

Ulu öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə köklü islahatların aparılması, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində gördüyü misilsiz işləri Prezident İlham Əliyev yeni şəraitdə yaradıcılıqla davam etdirir. Müasir dövrdə başlıca strateji baxış mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam şəkildə təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bankxidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir.

Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin isə minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacaqdır.

2020-ci ilə Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almasının əsas mənbəyi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlmişdir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.

Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən qənaətlə istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır. Digər tərəfdən, istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilənmərhələyə keçidin təmin olunması hədəflənir.

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Bu konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabət qabiliyyətliliyini yüksəltmək və ixrac imkanlarını genişləndirməkdən ibarətdir. İxracyönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından tam şəkildə istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi, bölgələrin inkişafının diqqət mərkəzində saxlanılması, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulur.

Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

Göründüyü kimi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ölkəmizin son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Ümummilli lider Heydər Əliyev 28 il bundan əvvəl– müasir tariximizin çətin və kəşməkəşli bir dönəmində dərin keçid böhranı yaşamış, iqtisadi potensialının yarıdan çoxunu itirmiş, kütləvi yoxsulluq və səfalətin tüğyan etdiyi, xəzinəsi boş olan bir ölkəyə xalqın tələbi ilə rəhbər gətirilmişdi. Yuxarıda söylənilənlərdən də göründüyü kimi, ulu öndərin titanik fəaliyyəti nəticəsində qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan ictimai-siyasi sabitlik bərpa olunmuşdur. Bu əsas amil bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə zəmin yaratmış, Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla gerçəkləşdirilməsini təmin etmişdir. Aparılan ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə makroiqtisadi sabitliyin əsası qoyulmuş, qiymətlərin sabitliyinə nail olunmuş, ölkənin zəruri valyuta ehtiyatı yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yaxından iştirakı, ümumi tərəqqiyə verdiyi geniş ictimai dəstəyin müşayiəti ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq təminat yaradır.

 

Elnur SADİQOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin uzvü

 

 

9 May 2021 00:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə