Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev və milli siyasət

Tanınmış siyasi xadimlərin, politoloqların yekdil rəyinə görə, respublikamızın ictimai-siyasi, milli-mədəni həyatında Heydər Əliyev fenomeninin rolu ölçüyəgəlməzdir.

Siyasi mübarizə müstəvisində, idarəetmə təcrübəsində, xarici siyasət kursunda tarixi keçmişə, mənəvi dəyərlərə, beynəlxalq hüquqa Heydər Əliyev qədər müdrikcəsinə istinad edən hansısa şəxsiyyəti nümunə göstərmək çətindir. Tarix onun üçün hər zaman mənəvi zənginlik məktəbi olubdur. Tarixi kifayət qədər peşəkarcasına bilməsi və fədakar fəaliyyəti sayəsində Heydər Əliyev tarixi yaradan şəxsiyyətlər sırasına yüksəlib.

Dünyanın əksər ölkələrində milli siyasət uzun illər ərzində diqqətdən kənarda qalıb. Milli siyasət dedikdə, çox vaxt etnik tərkibi rəngarəng və zəngin olan ölkələrdə millətlərarası münasibətlərin məqsədyönlü tənzimlənməsi başa düşülür. Halbuki milli siyasətin çərçivəsi millətlərarası münasibətlərin tənzimlənməsi anlayışından çox-çox genişdir.

 

Azərbaycanda tarixən milli maraqlara xüsusi diqqət yetirilib. Milli maraqlar anlayışının tarixi kontekstdə şərti işlədildiyi aydın­dır, insan toplumlarının inkişaf prosesinin klassik təsnifatını (etnos, xalq, millət) əsas götürsək, deyə bilərik ki, hər bir mərhələnin özünəməxsus kompleks maraqları olubdur.

Qafqazda sabit hakimiyyətə həmişə böyük hörmət olmuş­dur. Məğrur xalqları idarə etmək o qədər də asan deyil. Ciddi dəyişikliklər dövründə belə xalqla­rın lideri olmaq isə ikiqat məsuliyyət tələb edir. Bu mənada yeni tarixdə öz xalqını parçalanmaqdan, əsarətdən, zülmdən və qardaş qır­ğınından qoruya bilən liderlər daha böyük maraq doğururlar.

Sovet dönəmində on üç ilədək Azərbaycana çox böyük uğurla rəhbərlik etmiş Heydər Əliyev fenomenal qabiliyyətin sahibi kimi Moskva­ya rəhbər işə – SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə dəvət olundu. Heydər Əlirza oğluna orada nəhəng dövlətin ən aparıcı sahələrinin idarə edilməsi həvalə olundu. O, bu çətinliyin də öhdəsindən baca­rıqla gəldi. Lakin Mixail Qorbaço­vun rəhbərliyi dövründə Heydər Əliyevə qarşı qısqanclıq meyilləri güclənməyə başladı. Ulu öndər ərizə yazaraq pensiyaya çıxdı. Vətənə qayıtdı və on il müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdi. Tarix baxımından on il uzun müddət deyil. Lakin bu müddət böyük şanlı yolun ilk ad­dımıdır. Azərbaycan və bütünlükdə Qafqaz yüzilliklərlə yaşı olan əzəmətli bir çinara bənzər məhz belə bir liderə ehtiyac duyurdu və o, taleyin qisməti ilə hakimiyyətə gəldi.

Heydər Əliyev Qafqaz üçün son dərəcə ağır bir zamanda hakimiyyətə gələrək elə işlər görə bildi ki, bunu heç kim bacar­mazdı: müharibəni dayandırdı, insan qanı axıdılmasının qarşı­sını aldı, ləyaqət hissini və digər milli dəyərləri insanların özlərinə qaytardı.

O, taleyin və zamanın hök­mü ilə tarixin yeni mərhələsində bütün çətinliklərə səbr və təmkinlə qalib gəlməyi bacaran bir in­san, ləyaqətli lider idi. XX əsrdə, məncə, bu məqama liderlərdən heç kəs yüksələ bilməmişdir.

Qaçqın və məcburi köçkünlərlə Novruz bayramı münasibətilə görüşlərin birində ulu öndər çıxışında demişdir: “Gün gələcək biz bu bayramı, Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubad­lıda keçirəcəyik. Əminəm ki, bu, belə olacaqdır...”

Tanrı ona böyük müdriklik və unikal hafizə bəxş etmişdi. Heydər Əliyevi tez-tez bu və ya digər dün­ya siyasətçiləri müqayisə edirlər. Lakin o, heç kəsə bənzəmirdi.

Bir dəfə Sov.İKP MK Siyasi Bü­rosuna Türkiyə rəhbərliyi adından Bolqarıstan hakimiyyət orqanla­rının türklərin ad və soyadlarının zorla dəyişdirilməsi ilə bağlı etiraz məktubu daxil olmuşdu. Siyasi Bü­roda məktubu oxuyan M.Qorbaçov deyir: "Bu Bolqarıstanın daxili işidir və biz müstəqil dövlətin daxili işlərinə qarışa bilmərik" və gündəlikdə duran digər məsələlərin müzakirəsinə keçmək istəyir. Heydər Əliyev bu fikrə qar­şı çıxır və deyir: "Macarıstan və Çexoslavakiyadakı hadisələri biz onların daxili işləri hesab etmədik. Söhbət bolqar türklərinə qarşı zorakılıqdan getdikdə isə biz, nədənsə, bunu "onların daxili işi" hesab etdik. Belə bir ikili standart bizə yaraşarmı?"

Heydər Əliyev ölkə üçün son dərəcə ağır bir zaman­da hakimiyyətə gələrək, on il Azərbaycana rəhbərlik etdi. Onun siyasi təcrübəsi və müdrikliyi müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün hava-su kimi lazım idi.

Xalq Cəbhəsi hakimiyyətdə olarkən yaşadığımız həyəcanlı dövrlər unudulmayıb. Ölkədən böyük axın var idi, azərbaycanlılar, ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, avarlar köçürdülər. Azərbaycanda sabitlik pozulmuş, qeyri-müəyyənlik hökm sürürdü.

Cəmi bir neçə ildən sonra hər şey dəyişdi. 1995-ci il. 500-dən artıq ailə Azərbaycana qayıtdı. Bu­dur, keçmiş hərbiçi V.Şatskonun məktubundan bir parça: "Hörmətli Heydər Əliyev, biz ailəliklə öm­rümüzün ən yaxşı illərini Bakıda yaşamışıq, Azərbaycanı və onun mehriban xalqını sevmişik. Ona görə bu ölkəni tərk etmişdik ki, sabaha inam itmişdi, qorxu və ümidsizlik hakim idi. Biz qayıt­maq istəyirik, ona görə ki, indi Siz Prezidentsiniz. Siz bizim evin sahi­bisiniz. Və biz Sizinlə birlikdə yeni, çoxmillətli Azərbaycanı qurmaqla xoşbəxt olacağıq...”

Zənnimcə bu məktubda Azərbaycanın o zamankı tale­yi öz əksini tapıb. Geri dönən ailələr – sabitlik və inamın simvo­lu, həmçinin Prezidentə və onun siyasətinə inamın təzahürü idi.

Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Heydər Əliyev çıxış edərək milli birlik ideyasını irəli sürdü. O, hesab edirdi ki, yalnız bu yolla ölkəni böhrandan çıxarmaq mümkündür. Onun səmimiyyətinə milyon­larla vətəndaş əmin idi. Onlar Heydər Əliyevi hələ Sovetlər dövründən dahi beynəlmiləlçi kimi tanıyırdılar. Həmin dövrdə milli problemlər də meydana gəlirdi və millətlərarası sülhü pozmağa çalışan qüvvələr də var idi. Lakin Heydər Əliyev gərginliyi azaltmaq üçün düzgün vasitələr tapırdı. Respublikaların rəhbərləri onun müdrik məsləhətlərinə qulaq asar və təşəbbüslərinə qoşulardılar. Özünə inamın gücü, qabiliyyəti, digər millətlərə mənsub insanlara hörmət və məhəbbəti ilə o, ən mürəkkəb problemləri belə həll edə bilirdi.

Lakin Ermənistan və Azərbaycanın münasibətləri millətlərarası sülhün pozulmasına təhlükə olaraq qalırdı. Qarabağ probleminin ortaya atılması böyük partlayış üçün nüvə idi. Bu partla­yış bir neçə dəfə faciələrə gətirib çıxarmışdı.

Hələ 1969-cu ilin iyu­lunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev süni problemə çevrilmiş bu məsələnin həlli ilə ciddi surətdə məşğul olmağa başladı. Dağ­lıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyatı sürətlə inkişaf etməyə başladı. Orada böyük sənaye müəssisələri tikildi, üç dildə –Azərbaycan, erməni və rus dillərində tədris olunmaqla Peda­qoji İnstitut açıldı, sosial-mədəni sferaya lazımi diqqət yetirildi…

Mədəni əlaqələr fəal inki­şaf edirdi. İki qonşu respub­likanın elm və mədəniyyət nümayəndələrinin görüşləri, festivalları keçirilirdi. Məhz bu illərdə Azərbaycan incəsənət xadimlərinin Ermənistanın id­man meydançalarında böyük konsertləri təşkil olundu. Heydər Əliyevin Ermənistanın zavod və fabriklərində fəhlələrlə, tarlalarda kolxozçularla, alimlərlə görüşləri keçirildi. Ona qulaq asır, hörmət edir və qiymətləndirirdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ermənistandakı heç bir siyasi qüvvə Qarabağ kartını oynatmaq­la məqsədinə nail ola bilmədi. Yalan və ya uydurmalarla onlar bir metr də olsun torpağı zəbt edə bilmədilər. Axı əvvəlki onilliklər ərzində onlar buna nail ola bilmişdilər. 1918-ci ildən başlaya­raq Ermənistana 30 min kvad­ratkilometr Azərbaycan ərazisi verilmişdi. Bütün bunlar Heydər Əliyevə qədər və ya ondan sonra mümkün olmuşdu.

Heydər Əliyevin Moskva­da işləyərkən Zaqafqaziya xalqları arasında beynəlmiləl tərbiyə sahəsindəki məhsuldar fəaliyyəti də diqqəti cəlb edirdi. Ermənistanın şovinist ideoloqla­rının Qarabağ mövzusunu açıq şəkildə qaldırmağa cəsarətləri çatmırdı. Yalnız Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosundan gedəndən bir neçə gün sonra akademik Aqanbekyanın fitnəkar bəyanatı meydana çıxdı. İfrat millətçilər Qarabağ kartından açıq şəkildə istifadə etməyə başladılar.

Hətta, Qarabağ qırğını başla­nanda da sonra belə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyev milli siyasətdə öz prinsiplərini dəyişmədi. O, şəxsi nüfuzu hesa­bına Naxçıvanı xilas edə, ərazisini qoruya bildi, Ermənistanla sərhəd boyunca atəşkəsə nail oldu. Erməni hərbi hissələrində qulluq edən zabitlərdən biri sərhəddəki mübahisəli məsələlərlə əlaqədar hərbçilərin növbəti görüşündə demişdi: “Cəbhənin digər istiqamətlərində əsl müharibə gedir. Burada isə biz sizinlə sülhdəyik. Əgər bizim də belə bir ağsaqqalımız olsaydı, yəqin ki, bir-birimizə güllə atmaq əvəzinə, ümumi dil tapardıq".

Heydər Əliyevin beynəlmiləlçiliyinin köklərini onun həyatında, Azərbaycanın tarixində və tərbiyəvi mühitində axtarmaq lazımdır. Tarixən Azərbaycan öz qonaqpərvərliyi, müxtəlif dinlərə tolerant münasibəti ilə digər xalq­ların adət-ənənələrinə hörməti ilə seçilib. Heydər Əlirza oğlu, belə bir atmosferdə böyümüşdü.

Moskvada Heydər Əliyevlə bir yerdə işləmək şərəfinə nail olmuş hər bir şəxs daxili razılıq hissi ilə o dövrü xatırlayır. Ona hər yerdə – uzaq Sibirdə və Özbəkistanda, Ukraynada və Moldovada, Latviya və Estoniyada… böyük hörmət var idi. Sov.İKP MK. Siyasi Bürosu­nun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyev harada olursa-ol­sun, hansı problemi həll edirsə-etsin, hər yerdə onu sadə xalq və rəhbərlik böyük hörmətlə qarşıla­yırdı. İnsanları özünə cəlb etmək bacarığına malik bu insan milli xüsusiyyətlərə hörmətlə yanaşırdı. O, öz işini yaxşı bilirdi.

Heydər Əliyev nəhəng bir ölkənin mühüm sosial-iqtisadi kompleksinə rəhbərlik edirdi. O, 15 İttifaq nazirliklərinin kuratoru olmaqla bərabər, Baykal-Amur Magistralı kimi, əsrin tikintisinə cavab verir, səhiyyə, təhsil, mədəniyyət sahələrindəki proq­ramları təkmilləşdirib icra edirdi. Onun işi hər yerdə uğurla alınır və hər yerdə həmfikirləri olurdu.

Moskvada işləyərkən Heydər Əliyev Sovet İttifaqını şimaldan cənuba və qərbdən şərqə gəzmişdi. Dəfələrlə ölkənin müxtəlif ərazilərindəki ekstre­mal şəraitlə üzləşməli olmuş­du. Nazirlər Soveti Sədrinin birinci müavini respublikalarda şəraiti diqqətlə öyrənir, onların problemlərini araşdırır, sosial-iq­tisadi problemlərin həlli yolunda konkret kömək göstərir, kütlələrlə beynəlmiləl iş təcrübəsini yayır və Siyasi Büroda dəfələrlə milli məsələlərlə bağlı strateji ideya­lar verirdi. Sonralar bu, ona Baş katib M.S.Qorbaçovun fəaliyyətini qiymətləndirmək imkanı verirdi: "Millətlərarası siyasətdə yol verilən çox ciddi səhvlər bir sıra respub­likalarda faciəli vəziyyətə gətirib çıxardı. Alma-Ata, Tbilisi, Fərqanə, Bakı, Yeni Uzen, Öş, Pribalti­ka respublikalarında baş verən hadisələr respublikaların suveren hüquqlarına qarşı atılan addımlar ilə bağlı idi."

Kim bilir, əgər Sov.İKP MK Siyasi Bürosu o zamanlar Heydər Əliyevin məsləhətlərinə diqqətlə yanaşsaydı, onun təcrübəsindən yararlansaydı hadisələr tamam başqa istiqamətdə cərəyan edərdi. Bunun əvəzində isə o, siyasi həyatdan təcrid olundu. Qorba­çovun əlaltılari onu təqib etməyə başladılar və hər vəchlə Bakıda fəaliyyət göstərməsinə mane oldular.

Heydər Əliyev və Mixail Qorbaçov – bunlar siyasi mübarizə meydanında yalnız milli və dini əksqütblər deyildilər. Bu əksqiitblülük professional xarakterə malik idi. Qorbaçov zəif iradəli və qorxaq idi. O, məsuliyyətdən qaçmağı bacaran, işləyənlərin arxasında gizlənən birisi idi. Heydər Əliyev isə həqiqi lider, ağıllı, praqmatik, nüfuzlu, ruhən güclü şəxsiyyət idi. Bunu Qorbaçov hiss etməyə bilməzdi.

Əgər bu iki insanın keyfiyyətlərini müqayisə etsək, açıq demək lazımdır ki, Heydər Əliyevin fundamental təfəkkürü, insana qayğıkeş münasibəti və digər əxlaqi keyfiyyətləri Qorbaçov üçün əlçatmaz idi.

Məgər Heydər Əliyev dostlarını milli əlamətlərə görəmi se­çirdi? Heç vaxt! MDB ərazilərində onun yüzlərlə, minlərlə dostu, həmfikiri və tərəfdarı vardı, indi də vardır ki, bu gün də onlar Heydər Əliyevlə bu münasibətdən məmnun olduqlarını bildirirlər. Məgər Heydər Əliyev kadrları milli tərkibə görəmi seçirdi? Yox! Onun üçün başlıca meyar professional­lıq, işə sədaqət və işgüzarlıq idi. Bu isə Qorbaçovun kadr siyasəti ilə daban-dabana zidd idi.

Y.Andropovun vəfatından son­ra hakimiyyət uğrunda mübarizə başladı. Baş katib vəzifəsi üçün müxtəlif kadrların adı səslənirdi. Siyasi Büronun bəzi üzvləri bu vəzifəyə Heydər Əliyevin gəlməsini istəyirdi. Lakin ona qarşı Qorbaçovun irəli sürdüyü əsas arqument milliyyət məsələsi ilə bağlı oldu.

Heydər Əliyev Siyasi Büroda yeganə azərbaycanlı və müsəlman idi. Qorbaçov açıqca bəyan edirdi: "Hər bir halda o vəzifədə slavyan olmalıdır".

Moskva dövründən sonra müstəqil Azərbaycanda da Heydər Əliyev beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Azərbaycan əhalisinin tərkibində 20-dən çox xalq, milli azlıq, etnik qrup yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər. Bu ölkədə elə milli azlıq vardır ki, sayca cəmi bir neçə min nəfəri birləşdirir və kompakt olaraq yalnız bu ölkədə yaşayır. Bu etnik qruplardan hər hansı birinin itirilməsi, əslində, bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Belə bir təhlükə onlar üçün Azərbaycanda varmı? Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də, bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik tolerant­lığı davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaları, ənənələrin inkişa­fına həmişə böyük önəm ver­mişdir. Bu gün Azərbaycan radio verilişlərinin ləzgi, talış, kürd, gür­cü və digər dillərdə səslənməsi, tat, ləzgi, udi, xınalıq və digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşa­yan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasətinin davam etdiyini təsdiqləyir.

Respublikanın müxtəlif rayon­larında kompakt yaşayan azlıqla­rın öz dillərində təhsil alması xüsu­si əhəmiyyət kəsb edir. Udi, talış, ləzgi, tat məktəblərində I-IV siniflər üzrə dərslər milli dillərdə keçirilir. Təqdirəlayiq haldır ki, milli azlıqlar tərəfindən yaradılmış mədəniyyət mərkəzləri dövlət tərəfindən müdafiə olunur.

Ölkənin ictimai-siya­si həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız elmi deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyii, milli mənsubiyyətindən asılı olmaya­raq bütün ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

Bu gün Quba rayonu ərazisində yerləşən Xınalıq, Buduq, Qrız, Xapıt kimi, Qəbələ rayonundakı Nic kimi, İsmayıllı rayonundakı Lahıc və İvanovka kimi, Zaqatala rayonundakı Katex və Əliabad kimi, Lerik rayonundakı Qosmol­yan kimi azsaylı xalqların yaşayış məskənləri açıq səma altında etnoqrafıq muzeylərə və turist marşrutlarına çevrilə bilər.

Azərbaycan çoxmillətli ölkədir. Burada hətta ən azsaylı millətlərin nümayəndələri belə icmalarda birləşə, öz mədəniyyət, dil və adətlərini inkişaf etdirə bilərlər. Onlar heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmır­lar. Azərbaycanda üç əsas dini cərəyan - İslam, xristianlıq və iu­daizm qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir.

Misal üçün Qəbələ rayonunda azsaylı udi xalqı yaşayır. Onların öz həyat tərzi və tarixləri vardır. Bu millətin nümayəndələri deyirlər: "Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik".

Bu gün Azərbaycanda ölkənin bütün milli spektrlərini birləşdirən çoxsaylı təşkilat və cəmiyyətlər mövcuddur. Rus icması, Ukrayna, ləzgi, avar, yəhudi, tatar, lak və digər mədəni mərkəzlər fəaliyyət göstərir. Onların hər biri öz mədəniyyətini, həyat tərzini qoru­yub saxlamaq və inkişaf etdirmək üçün bərabər imkanlara malikdir. Kompakt yaşayış məskənlərində ana dilində dərslər keçirilir, qəzetlər buraxılır, radio və televizi­yada efir vaxtları ayrılır.

Bu təşkilatların içərisində Rus icması daha böyükdür. Tarixən iki xalq - ruslar və azərbaycanlılar və ruslar bir-birinə mehriban münasiət bəsləmişlər. Vaxtı ilə Ru­siyadan Azərbaycana köçürülən ruslar bu ərazidə məskunlaşaraq, özlərinə yeni vətən qazanmışlar.

Ruslar böyük bir xalq kimi köçürülmə hərəkatı ilə şərqdə Sakit okeana, cənubda isə Tyan-Şana qədər bir əraziyə yayılmışlar. Rusların Zaqafqaziyaya, xüsusilə də Azərbaycana köçürülməsi də böyük fəallıqla həyata keçirilmişdir.

Azərbaycan ərazisində ilk rus yaşayış məskənləri XIX əsrin 30-cu illərində meydana gəlmişdir. Bunlar əsasən çar hökuməti tərəfindən sürgün edilmiş və ya Rusiyanın cənub vilayətlərindən könüllü olaraq köçüb gəlmiş ma­lokanlar, duxoborlar, subbotniklər idilər.

İcmaların bütünlüklə köçürülməsinə Azərbacandakı şərait imkan yaradırdı. Burada həmişə qonağa böyük hörmət, "əcnəbilərə", başqa təriqətdən olanlara isə təəccüb doğuracaq tolerantlıq olmuşdur.

Azərbaycan ərazisində bu gün də rusların kompakt yaşa­yış məskənləri qorunmaqdadır. Onlardan ən böyüyü İsmayıllı rayonundakı İvanovka kəndidir ki, burada 3 min nəfərdən artıq rus yaşayır. Nikitinin adını daşıyan və V.İ Novoselçevin rəhbərlik etdiyi kolxoz isə respublikadakı ən stabil təsərrüfat olaraq qalır.

Ruslar Azərbaycan millətinin tərkib hissəsi kimi iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı töhfələr vermişlər. Bakı neftçisi Nikolay Konstantino­viç Baybakovun həyatı buna bariz nümunədir. Vaxtı ilə o, Azərbaycan neft kompleksində rəhbər vəzifələrdən birini tutmuş, Neft Sənayesi Xalq Komissarı, sonra isə SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur.

MDB sammitlərinin birinin yekunları barədə keçirilən mətbuat konfransında Heydər Əliyev de­mişdi: "Azərbaycandakı ruslar mənim dostlarımdır..." Bu sözlər Azərbaycanda yaşayan hər bir millətə aid edilə bilər. Ruslara gəldikdə isə, həyati misallar bunu təsdiq edir. Ölkələrimizin bütün tarixi boyu ilk dəfə olaraq Rus Provaslav Kilsəsinin rəhbəri, Moskva və Ümumrusiya Partiarxı II Aleksi Azərbaycana səfər etdi. Bu tarixi səfər bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti respubli­kada yaşayan rus vətəndaşlarına, pravoslav xristianlara necə böyük diqqət və qayğı göstərirdi.

Rus mədəniyyətinin və rus dilinin qorunması, Rusiya televi­ziyası və ORT- nin tam gücü ilə yayılması, məktəblərdə rus dilində dərslərin tədris olunması, Bakı Slavyan Universiteti kimi unikal tədris müəssisəsinin yaradılması, rus dilində qəzet və jurnalların nəşri, Bakı şəhərində A.S.Puşkinin abidəsinin ucaldılması və digər tədbirlər, bütövlükdə Prezidentin demokratik cəmiyyət quruculuğun­dakı səmərəli milli siyasətini bir daha təsdiq edir.

Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacar­dı. Buna görə də xalq ona dahi beynəlmiləlçi, müsəlman dünya­sının lideri, "Qafqazın ağsaqqalı" adlarını verdi.

Ruslar da daxil olmaqla, müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları Prezident İlham Heydər oğlu Əliyevə dərin hörmət və ehtiram­la inanırlar. Azərbaycan xalqı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətinə səmimi qəlbdən yanaşır və yüksək dəyərləndirir, ən əsası öz dövləti ilə qürur duyur. Dini, milli məsubiyyətindən asılı olmaya­raq başqa din nümayəndələrinə, milliyətlərinə qarşılıqlı hörmət və sevgi bəsləyərək birgə xoşbəxt yaşayırlar.

Azərbaycan bizim doğma torpağımız, Vətənimizdir. Məhz ona görə də rus gəncləri, digər millətlərdən olan gənclər kimi, birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci Vətən müharibəsində də azərbaycanlı qardaşları ilə çiyin-çiyinə, tor­paqlarımızın ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından, qanlarından keçərək xalqın gələcək xoşbəxt müqəddaratını tarixə qızıl hərflərlə yazdılar. Ali Baş Komandanın “dəmir yumruğ”u ətrafında toplanaraq, tarixi torpaq­larımızı bərpa etdilər. Preziden­timiz, Ali Baş Komandan cənab İlham Əliyev ulu öndərin məzarını ziyarət edərkən qürurla dedi: Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!

 

Mixail ZABELIN,

Yeni Azərbaycan Partiyası İdarə Həyətinin üzvü,

Milli Məclisin deputatı

9 May 2021 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə