Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

HEYDƏR ƏLIYEV ideyalarının təntənəsi

Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə çoxsaylı mühüm layihələr gerçəkləşdirməklə sosial-iqtisadi cəhətdən geridə qalan Azərbaycanı çiçəklənən, inkişaf edən bir diyara çevirib. Müstəqillik dövründə isə millətini, xalqını üzləşdiyi bütün bəlalardan qoruyub, ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu reallaşdırıb, respublikanı inkişaf, tərəqqi yoluna çıxarıb.

 

Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin sovet dönəmində ən böyük sənaye obyektləri tikilərək, istifadəyə verilib, sosial infrastruktur formalaşdırılıb, yüksək səviyyədə elmi-tədqiqatlar aparılıb, kadr hazırlığı diqqətdə saxlanılıb, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün mühüm ixtisaslara yiyələnmələri məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi reallaşdırılıb.

Gerçəkləşdirilən institusional islahatlar sayəsində kənd təsərrüfatında, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində böyük inkişaf tempi əldə edilib. Beləliklə, ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqətdə saxlanılıb.

Ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikanın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter alması üçün səmərəli islahatlar həyata keçirilib. Bu dövrdə kənd təsərrüfatı potensialının gücləndirilməsi ilə yanaşı, Azərbaycanın sənaye respublikasına çevrilməsinə xüsusi önəm verilib. Neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrin əhəmiyyətli dərəcədə inkişafı istiqamətində layihələr gerçəkləşdirilib.

Azərbaycan həmin dövrdə sənaye məhsulunun artım tempinə görə keçmiş SSRİ respublikaları arasında ilk yerlərdən birini tutub, 1970- 1980-ci illərdə istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatıb. Həmin illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilib. Ümumiyyətlə, əgər 1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırılıb.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan verib. Nəhəng inşaat meydançasını xatırladan respublikamızda aparılan quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, sosial obyektlər tikilib.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra isə dövlətçiliyimiz faktiki olaraq qurulmağa, onun milli dövlətçilik atributları formalaşdırılmağa başlandı. Həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara start verildi. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq fəaliyyəti formalaşdırıldı. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.

Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verildi və xarici investorların ölkəyə axınını sürətləndirmək, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, özəl bölməni inkişaf etdirmək, habelə milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmasını, inteqrasiyasını gerçəkləşdirmək məqsədilə mükəmməl qanunvericilik bazası yaradıldı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Heydər Əliyev bazar iqtisadiyyatı münasibətlərinə keçid şəraitində əhalinin sosial risklərdən müdafiəsini diqqət mərkəzində saxlayıb, sosial ədalət prinsipinə xüsusi əhəmiyyət verib. Bunun əyani təzahürü kimi, mütəmadi xarakter alan iqtisadi artım dinamikası sosial müstəvidə də hər il mühüm addımların atılması ilə müşayiət olunub. Ümumilikdə, 1995-2003-cü illərdə respublikada pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq əməkhaqqının isə 6 dəfədən çox artmasına nail olunmaqla, məşğulluq səviyyəsi ildən-ilə yüksəlib.

Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi sürətlənib, iqtisadiyyatın tarazlı inkişafı üçün kompleks tədbirlər reallaşdırılıb. Davamlı iqtisadi qərarların qəbulu qiymət indeksinin 2-3 il ərzində aşağı salınmasına və inflyasiyanın 11-12 faizə düşməsinə gətirib çıxarıb. Əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqı, pensiya məbləği 3-4 dəfə artıb. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynayıb və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başlayıb.

Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi ilə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.

Dünyada son illər baş verən qlobal iqtisadi böhranların, arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairəsi getdikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi bir şəraitdə ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olub. Ötən 17 il ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılıb, eyni zamanda, iqtisadi potensialı daha da gücləndirilib. Təkcə son illərin əsas makroiqtisadi göstəricilərinə diqqət yetirsək, bu həqiqəti aydın görə bilərik. Belə ki, milli iqtisadiyyatın davamlı inkişafı üçün ölkəmiz BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulub. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 4 753 manatdan 7 263 manata çatdırılıb. Qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 milyard manat olub. Qeyri-neft sənayesində məhsul istehsalı 5 milyard manatdan 12 milyard manata, kənd təsərrüfatında məhsul istehsalı 3,9 milyard manatdan 8,4 milyard manata yüksəlib.

İqtisadiyyatın digər sahələrində də yüksək göstəricilər qeydə alınıb. Məsələn, ixracda qeyri-neft sektorunun payı 7,4 faizdən 13,7 faizə çatıb. İdxalın həcmi 1,7 dəfə artaraq 6,6 milyard dollardan 10,7 milyard dollara yüksəlib. Dövlət büdcəsinin gəlirləri 2,1 dəfə artaraq 24,7 milyard manat təşkil edib.

Ölkədə investisiya mühitinin yaxşılaşması nəticəsində 2010-2020-ci illərdə iqtisadiyyata 211,2 milyard ABŞ dolları həcmində investisiya qoyulub. O cümlədən, daxili investisiya 110,3 milyard ABŞ dolları, xarici investisiya isə 101 milyard ABŞ dolları təşkil edib. Qoyulmuş investisiyaların 130 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib.

Azərbaycanın bu gün sosial - iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Xatırladım ki, təkcə bu ilin ötən aylarında dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin sosial-iqtisadi həyatı ilə bağlı ayrı-ayrı sahələrdə əldə edilən uğurlar yüksək dəyərləndirilib, gələcək inkişafla bağlı müsbət proqnozlar verilib. Məsələn, Azərbaycanda aparılan iqtisadi islahatlar Dünya Bankı tərəfindən dəstəklənib, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

Yeri gəlmişkən, digər reytinq göstəricilərinə də diqqət yetirək: Azərbaycan “Doing Business”də dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qeydə alınıb. Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında 3-cü yerdə, “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci yerdə, “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşıb.

Burada tarixi bir həqiqəti də xatırlatmaq istərdim. Belə ki, dahi siyasətçi Heydər Əliyev istər Bakıda, istərsə də Moskvada işləyərkən daim erməni millətçiləri və separatçıları ilə ciddi mübarizə aparıb, torpaq iddialarının qarşısını alıb, onlara və havadarlarına tanınmış sərhədlər çərçivəsində olan ərazimizin bir qarışının belə heç vaxt verilməyəcəyini qəti şəkildə bildirib: “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır – bu, asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”.

Ulu öndər, həmçinin Dağlıq Qarabağ probleminə hər zaman ikili standartlarla yanaşıldığını təəssüflə qeyd edərək, bundan ruhdan düşməməyi, haqq mübarizəsini ədalət zəfər çalana qədər geri çəkilmədən aparmağı xüsusi vurğulayırdı.

Ulu öndər bütün varlığı ilə inanırdı və həmişə bildirirdi ki, “əgər ərazilərimiz sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən, Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi– Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!”.

Azərbaycan Prezidenti İlham Əliyev də bu düşüncə ilə, bu qətiyyətlə doğma torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda yorulmadan, usanmadan mübarizə apardı. Ölkəmizi 17 il ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirdi, regionun lider dövlətinə çevirdi, nəhəng nəqliyyat-kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı kimi çıxış etdi. Bununla da Azərbaycanın Ermənistana və bütün dünyaya Cənubi Qafqazda ən güclü dövlət olduğunu göstərdi.

Ümumiyyətlə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri yüksək səviyyədə gerçəkləşdirir.

Dövlətimizin başçısı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun gücünün, qüdrətinin və döyüş ruhunun məntiqi nəticəsi idi.

Prezident İlham Əliyevin son 17 ildə ordu quruculuğu məsələsini diqqətdə saxlaması da ümummilli liderin bu sahədəki siyasətinə sadiqliyindən irəli gəlirdi. Yeri gəlmişkən, dahi öndər hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi.

Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Birinci və İkinci Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu liseyin yetirmələridir. O, hər zaman deyirdi : “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.

Beləliklə, Prezident İlham Əliyev bu ideyanı daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı kimi diqqət çəkdi. Ulu öndər deyirdi ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır.

Bəli, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin əsası son 17 il ərzində qoyulub. Dövlətimizin başçısı bu dövrdə ordumuzun güclənməsinə daim önəm verib, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. Məhz bütün bunların nəticəsi idi ki, 44 günlük döyüşdə Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atıb, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut edib.

Ötən il Azərbaycanın əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlaması təsadüfi deyildi. Çünki Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, sülh prosesini də məqsədyönlü şəkildə pozmaqda davam edirdi. Düşmən ölkənin məqsədi işğal ilə bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini də sarsıtmağa çalışırdı.

Dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər davam edən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Azərbaycan Prezidenti müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

Vətən Müharibəsi dövründə Prezident İlham Əliyev bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən ölkə rəhbəri bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

Beləliklə, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Həmin bəyanatla Azərbaycanın işğalda olan digər əraziləri də azad edildi. Beləliklə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll olundu.

İşğal edilmiş torpaqların azad edilməsi Azərbaycanı beynəlxalq münasibətlər sistemində regionun aparıcı siyasi və hərbi gücü kimi təsbit etdi. İşğalın sona çatması regionda yeni geosiyasi reallıqlar yaratmaqla bölgədəki bütün xalqların sülh, əmin-amanlıq, inkişaf və iqtisadi rifahı üçün yeni imkanları şərtləndirdi. Prezident İlham Əliyev ötən il dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə regionda artıq yeni reallıq yarandığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağı bərpa edəcəyini, dirçəldəcəyini və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyini vurğuladı. Prezident İlham Əliyev işğal nəticəsində vurulmuş ziyanın həcminin dəyərləndirilməsi üçün Azərbaycanın müvafiq fəaliyyət apararaq Ermənistan tərəfindən dəymiş ziyana görə kompensasiya tələb edəcəyini də diqqətə çatdırdı.

Burada mühüm bir məsələni də xüsusi vurğulamaq istərdim. Gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmiz torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda səfərdə olarkən, bu barədə deyib: “...Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik...”.

Qeyd edim ki, bu gün ulu öndərin yürütdüyü dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan gəncliyi öz parlaq dövrünü yaşayır və dövlətimizin başçısının ətrafında sıx birləşməklə ümummilli liderin əsasını qoyduğu uğurlu siyasəti fəal dəstəkləyir.

Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bügünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

 

Elşad ABBASOV,

“Embawood” şirkətinin Baş direktoru

9 May 2021 00:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə